Ermənistan Rusiyanı düşmən elan etməyə hazırlaşır! SİYASİ RAKURS+AKTUAL

“Armenianreport”: “Rusiya ilə müttəfiq olmaq onunla düşmən olmaqdan təhlükəlidir”

“Moskva İrəvana işarə edir ki, bizim ölkəmizdə nə isə “təsadüfən” partlaya bilər”. SİA xəbər verir ki, bu haqda Ermənistanın “Armenianreport” saytı “Rusiya ilə müttəfiq olmaq onunla düşmən olmaqdan təhlükəlidir” başlıqlı yazısında qeyd edir. Erməni saytının analitik yazarı Qalust Qriqoryana görə, Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) və KTMT-yə daxildir. Bu baxımdan, erməni ictimaiyyəti Aİİ-də və KTMT daxilində baş verənlərdən narahat olmaya bilməz. Müəllif bu xüsusda son vaxtlar Rusiya və Qazaxıstan arasında yaranmış soyuq münasibətlərə eyham vurub və yazıb ki, bu ölkələrin mövcud münasibətləri geniş miqyaslı müharibəyə qədər inkişaf etmədi, lakin gərginliyin həddi yüksək nöqtəyə qədər çatıb. SİTAT: “Beləliklə, iyulun 6-da Qazaxıstandakı nəhəng Tenqiz neft yatağında partlayış baş verdi. Forbes-in məlumatına görə, orada hidravlik test aparılırdı və borulardan biri təzyiqə tab gətirə bilməyib. Nəticədə, partlayışda iki fəhlə həlak olub, daha üç nəfər isə yaralanıb, deyə yerli polis bildirib...”

Erməni müəllif iddia edir ki, dünənki müttəfiqin bugünkü düşmənə çevrilməsi Rusiya üçün asan işdir

Qalust Qriqoryan buradan belə nəticə hasil edir ki, Qazaxıstanla Rusiya arasındakı gərginlik ölkə prezidenti Kasım-Jomart Tokayevin iyunun 17-də Rusiyanın prezidenti Putinlə birgə iştirak etdiyi konfransdan başlayıb. Tokayev Putinin iştirak etdiyi konfransda bəyan edib ki, o “DNR” və “LNR” adlı separatçı qurumların müstəqilliyini tanımaq fikrində deyil. SİTAT: “Biz hazırkı məqamda RF və QR arasında kəskin qarşıdurma müşahidə edirik və onlardan heç biri geri çəkilmək fikrində deyillər. Və hadisələrin belə sürətli inkişafı sübut edir ki, Aİİ-nin, hətta KTMT-nin saxlanılması perspektivləri çox dumanlı görünür”.

Erməni müəllif iddia edir ki, dünənki müttəfiqin bugünkü düşmənə çevrilməsi Rusiya üçün asan işdir. Söz yox ki, Qalust Qriqoryan Qazaxıstanla Rusiya arasındakı gərginliyin bir ucunu məhz Ermənistana bağlamağa çalışıb. Daha dəqiq desək, 44 günlük müharibə ilə əlaqələndirməyə cəhdlər edib. Bu, əslində erməniçiliyin köhnə ənənələrindən biridir ki, özünə aid olmayan hər hansı bir məsələni öz problemlərinə calasın və bundan mənfəət güdsün.

Erməni müəllif hələ də anlamır ki, onun ölkəsi vassaldır və daim nökər funksiyasını yerinə yetirib

Əbəs deyil ki, əlinə düşən bu imkandan maksimum yararlanmağa çalışan erməni müəllif Rusiyanı hədəfə almağa çalışır və bunun üçün ağlına gələn istənilən ittihamları önə sürür. Misal üçün, Rusiyanın Türkiyə ilə əlaqələrinə toxunur, “artsaxın” verildiyini sözün əsl mənasında ulayır, əlavə olaraq da bunu belə əlaqələndirir ki, həmin vaxtlar Rusiya Ukrayna ilə müharibəyə hazırlaşırmış və s...

“Armenianreport”un analitik yazarı Rusiyanın Kanadanın İrəvanda səfirlik açmasına qarşı da etirazlı bəyanat səsləndirməsinə toxunub və artıq belə bir halın yolverilməz olduğunu yazıb. Görünür, erməni müəllif hələ də anlamır ki, onun ölkəsi vassaldır və daim nökər funksiyasını yerinə yetirib. Bu baxımdan, Ermənistanın Qazaxıstanla, Türkiyə ilə və s. ölkələrlə əlaqələndirmək də doğru deyil.

Yenidən Azərbaycanla “kəllə-kəlləyə” gəlməyə cəhd edən Ermənistan cəmi 1,5 il əvvəl başına gələn bəlalarını unutmamalıdır

Bəli, Qazaxıstan Rusiya ilə hər hansı gərginlik yaşaya bilər, amma bənzər gərginlik Ermənistanla yaşansaydı, bu ölkə cəmi bir neçə saatın içində yerlə-yeksan olardı. Yaxud, Türkiyə Rusiya ilə münasibətlərini qura bilər, amma buna qarşı dil uzadan Ermənistan unudur ki, cəmi bir neçə km-lik məsafədə yerləşən türk ordusu bir göz qırpımında onlara həyatın neçə rəngdən ibarət olduğunu göstərə bilər.

Eləcə də yenidən Azərbaycanla “kəllə-kəlləyə” gəlməyə cəhd edən Ermənistan cəmi 1,5 il əvvəl başına gələn bəlalarını unutmamalıdır. Ermənistandakı Qalust Qriqoryan tipli analitik yazarlar isə ölkələrinin xilas olması yönündə baş sındırmaq yerinə özlərinə yeni düşmən axtarışına çıxıblar – bu dəfə Rusiya ilə (?!). Maraqlıdır və çox ilgincdir ki, görəsən Rusiya öz nökərinin birdən-birə belə buynuz çıxarmasına hansı münasibətini sərgiləyəcək? Bunu da yaxın zaman göstərəcək, mütləq göstərəcək. Xüsusilə, Ermənistanda “Rusiya ilə müttəfiq olmaq onunla düşmən olmaqdan təhlükəlidir” tipli yanaşma varsa, bunu gözləməyə dəyər...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə