REGİONUN GÜC VƏ SÖZ SAHİBİ TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır”

İkinci Qarabağ müharibəsindəki şanlı Zəfəri ilə Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanın həm də beynəlxalq münasibətlər sistemindəki yeri və rolu daha da güclənib. Bu gün Azərbaycan yeni hərbi-siyasi güc mərkəzi, beynəlxalq arenada sözü eşidilən, mövqeyi qəbul edilən dövlət kimi qəbul edilir. Azərbaycanın regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün yaratdığı şərait beynəlxalq təşkilatlar və güc mərkəzləri tərəfindən də təqdir olunur. Bəli, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatla Azərbaycan Prezidenti İlham Əliyev yenə də diktə edən tərəfdir. Azərbaycan Prezidenti haqlı olaraq dəfələrlə bəyan edir ki, mövcud durumda situasiyanı Azərbaycan müəyyənləşdirir. İndi şərtləri cənab İlham Əliyev diktə edir: Paşinyan rejiminə güzəşt yoxdur. İllərdir sülh istəyən, humanist siyasət aparan Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz. Çünki Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu dünyaya bəyan edib. Ermənistan isə status-kvonun saxlanması üçün müxtəlif bəhanələr gətirib danışıqlar masasına oturmurdu. İndi Paşinyan danışıq aparmaq üçün açıq-aşkar yalvarır. Ancaq Azərbaycan Prezidenti onunla nəinki bir masada oturmaq, heç danışıq aparmaq belə istəmir. Çünki danışıqlara Paşinyanın “Qarabağ Ermənistanındır” sərsəm fikrindən sonra xitam verilib. Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmaqla bir daha riyakarlığını nümayiş etdirdisə, Azərbaycan dövləti də haqq yolunda, Vətən yolunda mübarizə apardığını, erməni hiyləsinin, riyakarlığını, normal dövlət ola bilməməsini bir daha dünyaya nümayiş etdirdi. Bununla bir daha sübut olundu ki, humanitar məqsədə xidmət edən atəşkəslə yanaşı, ehtiyat tədbirləri də paralel aparılmalıdır. Artıq atəşkəs danışıqlarında, digər ikitərəfli, çoxtərəfli platformalarda şərtləri məhz Azərbaycan müəyyən edir. Bu, o deməkdir ki, Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməz və atəşkəs istəyən tərəf beynəlxalq hüquq normalarına əməl etməlidir. Bu sadə gerçəkliyi artıq hamı başa düşməlidir. Paşinyan başa düşməlidir ki, monoetnik Ermənistandan fərqli olaraq, multikultural dəyərlərə, tolerantlığa və hər bir xalqın milli-mədəni irsinə hörmət prinsiplərinə sadiqdir. Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşadan regiona və dünyaya etdiyi çağırışları bir daha onu sübut edir ki, Azərbaycan Prezidenti rəhbəri olduğu ölkə bölgənin təhlükəsizliyi, sabitliyi və inkişafı üçün sülhə hazır olmaqla bərabər, həm də sülhün təminatçısı kimi çıxış etmək iqtidarındadır. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi bunun təsdiqidir.

“HEÇ BİR ÖLKƏ BİZİM İRADƏMİZƏ TƏSİR EDƏ BİLMƏZ VƏ BUNU ARTIQ HƏR KƏS BİLİR Kİ, AZƏRBAYCANLA HESABLAŞMAQ LAZIMDIR”

Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxışı zamanı bir daha bildirdi ki, müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük: «Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir”. Azərbaycanın iqtisadi cəhətdən müstəqil ölkə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərir. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir. Bu haqda Azərbaycan xalqı müntəzəm olaraq məlumatlandırılır”.

“POSTMÜNAQİŞƏ GÜNDƏLİYİNİN FORMALAŞMASINDA AZƏRBAYCAN ÖZ SÖZÜNÜ DEYİR VƏ BU SÖZ HƏLLEDİCİDİR”

“Bu gün postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir. Amma bununla bərabər, biz heç bir qeyri-real tələb də irəli sürmürük»,-deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, ərazi bütövlüyümüzü tanıyın, gəlin sərhədləri müəyyən edək, hərə öz ölkəsində yaşasın, bir-birinin işinə qarışmasın: «Biz bunu deyirik və mənim tərəfimdən irəli sürülmüş sülh müqaviləsi üçün 5 əsas prinsipin mahiyyəti də budur. O cümlədən bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır və Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib. İndi nə isə əlavə etmək istəyir, amma əsas fundamental prinsiplər budur”. Dövlətimizin başçısı ermənilərin Azərbaycanda, o cümlədən Qarabağ bölgəsində yaşaması məsələsinə toxunaraq vurğulayıb ki, burada heç bir problem yoxdur: “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Burada hansısa xüsusi imtiyazdan söhbət gedə bilməz”.Belə olan halda, ermənilər anlamalıdırlar ki, sülh onların yeganə çıxış yoludur. Bu gün mövcud şəraitdə Ermənistan ciddi miqrasiya problemləri yaşayır. Demoqrafik böhran yaşayan ölkə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatışmazlığı ilə üzləşəcək. Deməli, erməni toplumu savaş yox, sülh imkanları axtaracaq. İqtisadi amillər yeni münasibətlərin formalaşmasına səbəb olacaq. Bu isə o deməkdir ki, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək.

AVROPA İTTİFAQI AZƏRBAYCANIN MÜƏYYƏNLƏŞDİRDİYİ GÜNDƏLİYİ, REALLIQLARI QƏBUL EDİR

Bir neçə gün əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi respublikamızın Cənubi Qafqazda söz sahibi və lider dövlət olmasından xəbər verir. Belə ki, Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasını məhz dövlət başçımızla müzakirə edib, onunla məsləhətləşib. Həmçinin, Avropa İttifaqı Şurasının prezidentinin təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə də Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə olunmuşdu. Çünki, Azərbaycan Prezidenti İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi mühitinin formalaşmasında əsas söz sahibidir və mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün vacib təşəbbüslər göstərir. Azərbaycan Ermənistanla sülh sazişi imzalanmasının, sərhədlərin müəyyənləşdirilməsinin, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Bütün bunların fonunda Brüssel görüşü və onun nəticələri böyük önəm kəsb edir. Bu baxımdan Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi Bəyanatda da məhz Azərbaycanın bu mövqeyi öz əksini tapır. Ən əsası isə, Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi, ATƏT-in Minsk qrupunun adının çəkilməməsi o deməkdir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Və Şarl Mişel danışıq zamanı rəhbərlik etdiyi təşkilatın bundan sonra da Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

"DƏMİR YUMRUQ" YERİNDƏDİR, BUNU HEÇ KİM UNUTMASIN"

Və bu gün havadarlarına arxalanaraq ölkəmizdə təxribatlarından əl çəkmirlər. Ancaq növbəti müharibə ilə “hədələyən” revanşistlər anlamırlar ki, artıq Azərbaycan bütün gedişlərini kökündən dəyişib və bölgədə baş verən istənilən hadisəyə diqqət yetirir, hər şeyə nəzarət edir. İndi diktəni edən ölkə Azərbaycandır və bölgədə yenidən erməni faşizminin baş qaldırmasına heç vaxt imkan verməz. İstənilən qüvvənin Qarabağda Azərbaycan əsgərinə qarşı edəcəyi təxribat xarakterli əməl cavabsız qalmayacaq. Və bu gün Ali Baş Komandanın bəyanatlarına, sərt xəbərdarlıqlarına əhəmiyyət verməyən ermənilər indi qalib sərkərdənin hər bir fikrini, mesajını diqqətlə izləyir və ona uyğun nəticə çıxarırlar. Yaxşı anlayırlar ki, Prezident İlham Əliyevin dediyi söz imzası qədər keçərlidir. Müharibənin gedişatında hər kəs, bütün Ermənistan buna şahidlik edib. Və Ali Baş Komandan həmçinin, Ermənistandakı revanşist qüvvələrə də xəbərdarlıq edib: Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!".Bəli, Azərbaycan regionda söz sahibidir, müharibənin taleyini müəyyənləşdirdiyi kimi, sülh prosesinin mətnini də özü yazır, Ermənistan istəsə də, istəməsə də. Və Ermənistanın düşdükləri böhrandan yeganə çıxış yolu isə məntiqlə günü-gündən güclənən, qalib Azərbaycanın irəli sürdüyü tələbləri qəbul etməkdir. Əks halda ««Dəmir yumruq» yerindədir, bunu heç kim unutmasın!».

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...