Azərbaycan yaxşı qonşu, sülh, əmin-amanlıq tərəfdaşı olduğunu tarixin bütün dövrlərində sübut etdirib. Qonşularına, onların atributlarına, ərazi bütövlüyünə hörmətlə yanaşan, mənsub olduqları dinə, mədəniyyətə həssas münasibət bəsləyən ölkəmiz bütün bunlara görə əməkdaşlıq üçün ən yaxşı dövlət kimi tanınır. Elə bu səbəbdəndir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra həm qonşu, həm də digər dövlətlərlə əməkdaşlığı artıq 30 ili ötür.
İyunun 29-da Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı birgə əməkdaşlığın daha da inkişafında yeni mərhələ oldu. Toplantıda iştirak etmək üçün dövlətimizin rəhbəri Türkmənistanda səfərdə olmuşdur. Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısına dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirərək 2002-ci ildə Aşqabadda keçirilmiş birinci sammitdə ulu öndər Heydər Əliyevin də iştirak etdiyini dərin ehtiramla yad etmişdir. Dövlət rəsmisinin bu xatırlaması ötən illərdə dövlətlərimiz arasındakı münasibətlərin möhkəm təməllər üzərində qurulmasına və bu gün də eyni qaydada davam etdirilməsinə işarə idi.
Görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Qurbanqulu Berdiməhəmmədov ötən illər ərzində siyasi, iqtisadi-ticari və mədəni-humanitar sahələrdə böyük işlərin görüldüyünü vurğulamışdır. Türkmənistanın neytral statusunu daim dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Azərbaycan Prezidentinin beynəlxalq arenada qarşılıqlı hörmətə və etimada əsaslanan təşəbbüslərinə verdiyi daimi dəstəyi qeyd etmişdir.
Xəzər dənizinin mehriban qonşuluq və sülh dənizi olduğunu qeyd edən Qurbanqulu Berdiməhəmmədov bu görüşün ümumi mənafelərimiz naminə Xəzərdə əməkdaşlığa yaxşı təkan verəcəyinə əminliyini bildirmiş, Bakı sammitində mühüm məsələlərin müzakirə olunduğunu xatırladaraq Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbul olunmasının əhəmiyyətini vurğulamış, dövlətlərimizin birgə təşəbbüsləri ilə logistika və nəqliyyat-tranzit dəhlizlərinin qurulmasının önəmini, iqtisadi əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyini bildirmişdir.
Türkmənistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qəbul edilməsinə və fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini, ölkəsinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransına geniş nümayəndə heyəti ilə qatıldığını demişdir.
Ortaq soykökünə malik qardaş Türkmənistan
Ortaq soykökünə malik qardaş ölkəyə yenidən səfər etməkdən məmnunluğunu vurğulayan dövlətimizin başçısı xoş sözlərə görə minnətdarlığını bildirmiş, Qurbanqulu Berdiməhəmmədovu yubileyi münasibətilə təbrik etmiş, qardaş Türkmənistanın inkişafı naminə bundan sonrakı fəaliyyətində də ona uğurlar arzulamışdır. Onun rəhbərliyi illərində Türkmənistanın neytrallıq statusunu möhkəmləndirməklə yanaşı, müstəqil xarici siyasət yürüdərək beynəlxalq arenada nüfuz qazandığını, sürətlə inkişaf etdiyini, paytaxt Aşqabadın ildən-ilə gözəlləşdiyini bildirmiş, Türkmənistanın yeni Prezidenti Sərdar Berdiməhəmmədovun da ölkəni inkişaf və tərəqqi yolu ilə aparacağına əminliyini ifadə etmişdir.
Azərbaycanla Türmənistan arasında uzun illərdir ki, qarşılıqlı münasibətlər səmimi şəkildə davam etdirilir. Buna ölkələrimizin qarşılıqlı dəstəyini vurğulayan dövlətimizin başçısı həm ikitərəfli, həm də çoxtərəfli formatda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmiş, əsas məqsədin əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı siyasi fəaliyyəti daha da möhkəmləndirmək, mədəni əlaqələrin potensialını tam üzə çıxarmaq olduğunu demişdir.
Xəzər dənizindən keçməklə Türkmənistanla Azərbaycan arasında yük axınının artdığını vurğulayan Prezident İlham Əliyev bildirmişdir ki, bu, həm ölkələrimizin, həm də qonşularımızın mənafelərinə uyğundur. Bu gün Xəzərdən keçən nəqliyyat marşrutu xüsusi əhəmiyyət kəsb edir. Həm Türkmənistanda, həm də Azərbaycanda müasir dəniz limanları inşa edilib, dəmir yolu infrastrukturuna böyük sərmayə qoyulub.
Zirvə Toplantısının əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev ilk sammitin də 20 il əvvəl Türkmənistanın təşəbbüsü ilə keçirildiyini xatırlatmış və əminliyini bildirmişdir ki, VI Zirvə Toplantısında qəbul ediləcək qərarlar Xəzərin potensialını tam reallaşdırmağa, onu sülh, təhlükəsizlik, əməkdaşlıq və ekoloji cəhətdən təmiz zona kimi qoruyub saxlamağa imkan verəcək.
Xəzər dənizi region xalqlarının rifahına xidmət edir
İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxış edən dövlətimizin başçısı göstərilən qonaqpərvərliyə və VI Xəzər Sammitinin yüksək səviyyədə təşkilinə görə Sərdar Qurbanquluyeviç Berdiməhəmmədova təşəkkürünü bildirmişdir. Bu görüşün Türkmənistanın keçmiş Prezidenti, əziz dostu və qardaşı, Türkmənistan Parlamentinin Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquluyeviç Berdiməhəmmədovun yubileyi ilə eyni vaxta düşdüyünü vurğulayan dövlətimizin başçısı qardaş Türkmənistanın onun rəhbərliyi ilə müstəqilliyinin möhkəmləndirilməsini, beynəlxalq arenada nüfuzunun artmasını, xalqın rifahının yüksəlməsini və iqtisadi inkişafda sanballı uğurlar qazanmasını bildirmiş, Qurbanqulu Məlikquluyeviçi şəxsən öz adından və Azərbaycan xalqı adından təbrik etmiş, ona möhkəm cansağlığı, qardaş Türkmənistan xalqına əmin-amanlıq və firavanlıq diləmişdir.
Prezident İlham Əliyev Sərdar Qurbanquluyeviçi Türkmənistan Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etmiş, onun rəhbərliyi ilə Türkmənistanın yeni uğurlar qazanacağına əminliyini bildirmişdir.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini vurğulayaraq demişdir: Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
“Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb”,-deyən ölkəmizin başçısı Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amili olduğunu qeyd etmişdir.
Azərbaycanın yaxşı qonşu, əmin-amanlıq istəyən bir ölkə olduğu Prezidentimizin bütün çıxışlarında olduğu kimi, Zirvə Toplantısında yenidən səslənmişdir: Bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.
Nəqliyyat infrastrukturunun inkişafının, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılmasının əməkdaşlığın mühüm istiqaməti olduğunu nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələrin Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaratdığını bildirən dövlətimizin rəhbəri bu gün Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olduğunu bildirmişdir: “Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq… Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub. Bu il Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin koordinasiya şurasının VIII görüşünün keçirilməsi də planlaşdırılır.
Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir”.
Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Dünyada hökm sürən qlobal iqlim dəyişməsi bəzi ölkələrdə meşə yanğınları, bəzi ölkələrdə su qıtlığı, bəzi ölkələrdə isə həddindən artıq istilərlə müşahidə olunduğu dövrdə bütün bunlardan görəcəyimiz qabaqlayıcı tədbirlərlə və qoruya biləcəyimiz resurslarımızla xilas ola bilərik. Xəzər dənizi də təbii ki, bu problemlərdən kənarda deyil. Bu narahatçılığı dövlətimizin başçısının Zirvə Toplantısındakı çıxışında da gördük: “Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub. Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər”.
Xəzər dənizinin ekoloji cəhətdən qorunmasının Xəzəryanı ölkələrin birgə əməkdaşlığına töhfə olmasını nəzərə alsaq, sammitdə bu məsələyə toxunulması və bu sahədə də birgə əməkdaşlığa dəvəti bu gündən gələcəyə hesablanmış uğur kimi dəyərləndirmək olar.
Zirvə Toplantısında çıxış edən İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sammitin əhəmiyyətini vurğulamaları Xəzəryanı ölkə başçıları olaraq böyük maraq doğurur.
Türkmənistanda Prezidentlərin görüşü ikitərəfli əməkdaşlığın da möhkəmləndirilməsinə böyük imkanlar açıb
Prezident İlham Əliyev: “Xəzər əsrlər boyu qonşu kimi yaşamış xalqlarımızı birləşdirən dəniz olmuşdur”.
Aşqabadda görüşləri zamanı Prezident Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə Zirvə Toplantısına dəvəti qəbul edib iştirak etdiyinə görə minnətdarlığını bildirmiş, ilk sammitin 2002-ci ildə Aşqabadda keçirildiyini xatırlayaraq həmin tədbirdə uzunmüddətli perspektiv üçün əməkdaşlığın əsasının qoyulduğunu vurğulamışdır. Sərdar Berdiməhəmmədov 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına toxunmuş, Xəzər dənizində nəqliyyat, gəmiçilik, sülhün, ekoloji təhlükəsizliyin qorunması, balıqçılıq, fövqəladə hallar barədə xəbərdarlıq və onların qarşısının alınması sahələrində əməkdaşlıq barədə bir çox müqavilə üzrə işin aparıldığını vurğulamışdır. Xəzər dənizinin ümumi sərvət olduğunu deyən Türkmənistanın dövlət başçısı regionda səmərəli qarşılıqlı fəaliyyətin inkişafına verdiyi şəxsi töhfəsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Zirvə Toplantısının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev 20 il əvvəl Xəzəryanı dövlətlərin sammitinin keçirilməsinin təşəbbüskarının Türkmənistanın olduğunu qeyd etmiş və həmin sammitin Xəzərdə geniş və çoxtərəfli əməkdaşlığın əsasını qoyduğunu, Konvensiyanın imzalanmasının önəmini vurğulamışdır.
Türkmənistanın Xəzər dənizində və Xəzəryanı dövlətlər arasında əməkdaşlığa töhfəsini yüksək qiymətləndirən Azərbaycan Prezidenti VI Zirvə Toplantısının təhlükəsizlik, ekologiya, su ehtiyatları istiqamətləri üzrə əməkdaşlığın möhkəmlənməsi işində daha bir addım olacağına əminliyini bildirmişdir. Xəzərin əsrlər boyu qonşu kimi yaşamış xalqlarımızı birləşdirən dəniz olduğunu deyən Prezident İlham Əliyev regionumuzda gələcək təhlükəsiz inkişafın təmin ediləcəyinə əminliyini bildirmiş, bu işdə Xəzəryanı dövlətlərin böyük rolunu vurğulamışdır.
İkitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bildirmişdir ki, bu əlaqələri yüksək qiymətləndiririk. Prezident İlham Əliyev gələcəkdə dövlətlərarası əlaqələrin səviyyəsini daha yüksəyə qaldırmaq üçün Prezident Sərdar Berdiməhəmmədov ilə ikitərəfli formatda da fəal işin aparılacağına əminliyini ifadə etmişdir.
***
Aşqabadda görüşləri zamanı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev demişdir: - Sizi görməyimə çox şadam. Keçən dəfə də burada - Türkmənistanda görüşmüşdük, bu dəfə də. Keçən görüşdən sonra münasibətlərimizə çox gözəl təkan verildi və əlaqələrimiz daha da sürətlə inkişaf etməyə başlamışdır. Hökumət üzvlərinin qarşılıqlı səfərləri təşkil edildi. Bir sıra məsələlərlə bağlı çox yaxşı irəliləyiş var, xüsusilə nəqliyyat, energetika və digər sahələrdə. Ona görə əminəm ki, bugünkü görüşdən sonra da əlaqələrimizin inkişafına növbəti təkan veriləcək və qardaş xalqlarımızın birgə gələcəyi təmin ediləcək. Xalqlarımızın ortaq tarixi münasibətlərimiz üçün çox gözəl təməldir.
İran Prezidenti Seyid İbrahim Rəisi dövlətimizin başçısı ilə görüşməkdən çox məmnun olduğunu bildirmiş və demişdir: Düşünürəm, Xəzər dənizi ilə bağlı önəmli məsələlərdən biri budur ki, Xəzəryanı ölkələrin dövlət başçıları mütəmadi olaraq görüşürlər. Əlbəttə, Zati-alinizin Tehrana səfər etmək, mənim də Bakıya səfər etmək kimi planlarımız var. Lakin bizim belə platformalardan istifadə edib görüş keçirməyimiz də münasibətlərimizin inkişafına kömək edir. İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Düşünürəm ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha da inkişaf etdirilə bilər.
***
Xəzər Sammiti çərçivəsində Prezident İlham Əliyev ilə görüşməkdən məmnunluğunu ifadə edən Prezident Vladimir Putin dövlətimizin başçısının Rusiyaya səfərini xatırlatmış, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinin önəmini bildirərək əlaqələrimizin genişləndiyini və hazırkı səviyyəsinin çox yaxşı olduğunu, bütün məsələlərin icra edildiyini vurğulamışdır: Ticarət dövriyyəsi artır. Bu artım keçən il 16 faizdən çox, bu ilin üç ayının nəticələrinə görə 5,5 faiz təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin inamlı artımı müşahidə olunur.
Siyasi əlaqələrimizə toxunan Prezident Vladimir Putin Rusiya xarici işlər nazirinin Bakıya səfərini xatırlatmış, Rusiya hökuməti sədrinin və Dövlət Duması sədrinin də Bakıya səfərlərinin planlaşdırıldığını qeyd etmişdir. Rusiya dövlətinin başçısı bildirmişdir ki, ən əsası isə 2024-cü ilə qədər Rusiya-Azərbaycan birgə əməkdaşlıq planının reallaşdırılmasıdır. Beləliklə, bütün sahələrdə inkişaf var.
Prezident Vladimir Putin qeyd etmişdir ki, regional təhlükəsizlik, o cümlədən Qarabağ məsələsinin nizamlanması barədə də Azərbaycan dövlətinin başçısı ilə müzakirə aparılıb və bu görüş də həmin mövzunun nəzərdən keçirilməsi üçün imkan yaradır.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Rusiya Prezidenti ilə görüşdən məmnunluğunu ifadə etmiş və keçirilən görüşlərin həmişə əlaqələrimiz üçün çox önəmli olduğunu, ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini bildirmişdir.
Prezident İlham Əliyev həmçinin ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasından, eyni zamanda, sənaye kooperasiyası, nəqliyyat və energetika sahələrində əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə etmiş, bu görüşün regional məsələlərin müzakirəsi üçün də yaxşı imkanlar yaratdığını demişdir.
Beləliklə Türkmənistanda reallaşan Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı həm Xəzəryanı dövlətlərin əməkdaşlığının ümumi inkişafına, həm də bu toplantı çərçivəsində Prezidentlərin görüşləri ilə ikitərəfli əməkdaşlığa böyük töhfə oldu. Hazırda regionda hökm sürən sakitlik, qarşılıqlı anlaşma buradakı dövlətlər arasında əməkdaşlığın perspektivlərindən xəbər verir. Digər bir tərəfdən isə bu sammit bir məsələni də ortaya qoydu ki, qonşuluqda dinc, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamaq həm də qarşılıqlı münasibətləri, inkişafı, birgə fəaliyyəti müəyyənləşdirir. Bunu isə təbii ki, qonşu dövlətlərin özləri müəyyənləşdirir: dost kimi yaşayıb əməkdaşlıq etməyi də, düşmən olub kənarda təklənib qalmağı da…
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB