Azərbaycanda dinlərarası dözümlülük və tolerantlıq münasibətləri dünyaya örnəkdir TƏHLİL

Azərbaycanda dinlərarası dözümlülük və tolerantlıq münasibətləri dünyaya örnəkdir TƏHLİL

Azərbaycan tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan, milli-mənəvi dəyərlərinə sadiq dövlətdir. Bu baxımdan, Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Bu gün ölkəmizdə 2250 məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq, 748 pir və ziyarətgah fəaliyyət göstərir. Bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra edir və qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayırlar.Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışından sonra milli azlıqlar tarixi, mədəni adət-ənənələrini qoruyub saxlamaq naminə öz mədəniyyət mərkəzlərini yaratdılar. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Beynəlxalq "İudaika" Cəmiyyəti, Məhsəti Türklərinin Vətən Cəmiyyətini göstərmək olar.

Azsaylı xalqların folklorunun, mədəniyyətinin təbliği üçün geniş imkanlar yaradılıb

Azərbaycanda yaşayan milli azlıqların folklorunun, mədəniyyətinin geniş təbliği üçün bədii özfəaliyyət kollektivlərinin repertuarının milli zəmində inkişafı üçün tədbirlər həyata keçirilir. Elə xalq kollektivləri var ki, onlar nəinki respublikamızda, eyni zamanda, bir çox xarici ölkələrdə də məşhurdurlar. Saatlının "Adıgün" – Axıska türkləri, Cəlilabadın "Ruçeyok" - rus, Qaxın "Şividkatsa" - gürcü, Zaqatalanın "Ceyranım" - saxur, Qubanın tat, yəhudi, Qusarın "Trillo", "Şahnabat", "Mel", "Qayıbulaq", "Şahdağ", "Dustaval" və "Melodiya" - ləzgi, Laçının kürd, Balakənin "Xoylo" - avar, Lənkəranın "Şənlik", “Bacılar" folklor mahnı və rəqs, Masallı rayonu "Halay", Lerik rayonunun “Laqutto”, Astaranın "Sevinc" - talış, İsmayıllı rayonu İvanovka kənd mədəniyyət evinin - malakan, Bakı şəhərindəki “Gözəlim” tatar bədii özfəaliyyət kollektivləri bu qəbilədəndir. Ölkəmizdə dözümlülük ənənələrinin qorunub saxlanılmasına Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz böyük töhfəsini verir. Dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli ilə yaradılıb. Müstəqil Azərbaycanın Banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası uğurla formalaşdırıldı. Ulu Öndərin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu.
Bu gün Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi kurs Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. "Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir"- deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev bu gün ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən birinə çevrildiyini bildirib. Belə bir ölkə multikultural və tolerant dövlət kimi də tanınır. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir və 7 sinaqoq, 4 gürcü kilsəsi də fəaliyyətdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Bütün bunlar dini və mənəvi dəyərlərə, xalqımızın min illərdirdir mövcud olan adət-ənənələrinin daha da inkişafına dövlətimizin dəstəyidir.

"Xarıbülbül" festivalı Azərbaycanın multikultural ənənələrinə sadiqliqindən dünyaya mesaj oldu

44 günlük Vətən müharibəsi ilə işğaldan azad edilən ərazilərdə geniş tikinti və quruculuq işlərinin aparılması ilə yanaşı bu ərazilərdə erməni vandallarının dağıtdığı milli irisi yenidən bərpa edərək, inkişaf etdirilməsinə xüsusi önəmin verilməsidir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül" festivalının Şuşanın azadlığa qovuşmasından dərhal sonra, eyni zamanda 2022-ci ilin mayında yenidən təşkil olunaraq yüksək səviyyədə keçirilməsi Azərbaycanın multikultural ənənələrinə sadiq qaldığını bir daha dünyaya nümayişi etdirdi. Festivalda ölkəmizdə yaşayan ayrı-ayrı xalqların yaradıcılıq qruplarının bir-birindən maraqlı çıxışları bütövlükdə festivalın rəngarəngliyini daha da artırdı. Bu bir faktdır ki, Azərbaycandakı bütün xalqların təmsilçiləri 44 günlük Vətən müharibəsində misilsiz fədakarlıqlar göstərdilər və Şuşada keçirilən festivalda onların iştirakı böyük sevincə səbəb oldu. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev festival çıxışında demişdir: "Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır".. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq, hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırmış oldular. Azərbaycandakı multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda dövlət-din münasibətləri tənzimlənib, dini sahədə sabitliyə nail olunub, konfessiyalar arasında dözümlülük mühiti dövlət səviyyəsində qorunub saxlanılır. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab edib, hətta yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, Azərbaycan "tolerant ölkədən tolerant dünyaya doğru" şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib.

Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, multikultural və tolerant mühit formalaşıb. Dövlət siyasətini həyata keçirən Dövlət Komitəsi fəaliyyətində dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ölkədə dini durum, bu sahədə mövcud problemlər, zərərli təriqətlərin təbliği, dini icmaları narahat edən məsələlər dərindən öyrənilir və zaman keçdikcə onların həllində müsbət nəticələr əldə olunur. Dini maarifləndirmə işini Komitənin təsis etdiyi "Cəmiyyət və Din" qəzeti, "Dövlət və Din" ictimai fikir toplusu, DQİDK əməkdaşlarının müəllifi olduğu nəşrlər, eləcə də televiziya proqramları vasitəsilə də aparan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında dini radikalizmin, xurafatın törətdiyi fəsadları və təhlükələri ictimaiyyətə daha aydın şəkildə çatdırmaq, həmçinin, bu sahədə maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə "Fitnə", "Şəhadət", "Vəhdət qanımızdadır" və digər sənədli filmlər çəkilərək geniş ictimaiyyətə təqdim edilib. Komitənin aidiyyəti qurumlarla birgə təşkilatçılığı ilə Azərbaycanın tolerantlıq təcrübəsi və multikultural dəyərlərinin, eləcə də zəngin mənəvi-əxlaqi irsinin təbliği istiqamətində "Ekstremizmə qarşı mübarizədə din və etiqad azadlığının təmin olunması: Azərbaycandakı çətinliklər və mövcud təcrübə", "Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması", "Din və demokratiya: nəzəriyyə və tarixi təcrübə", "Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər", "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası", "Rusiya-Azərbaycan: sülh təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və İslam həmrəyliyi", "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" və s. mövzularında beynəlxalq konfranslar, simpoziumlar, panellər keçirib.

Görülən işlərə və əldə olunan müsbət nəticələrə əsasən, əminliklə deyə bilərik ki, Azərbaycanın multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Ölkəmizdə heç zaman dini və ya irqi ayrı-seçkilik olmayıb və təbii ki, nə qədər xalqımızın xilaskarı, dövlətimizin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti və bu siyasəti uğurla davam etdirən Azərbaycan xalqı var, etnik və dini qruplar arasında hər zaman güclü əlaqələr olacaq və bununlada Azərbaycanın bəşəriyyətin ən azad və demokratik dövləti olduğu nümayiş etdiriləcək.

İLHAM ƏLİYEV

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Bütün xəbərlər Facebook səhifəmizdə