VI Zirvə Toplantısının Azərbaycan üçün əhəmiyyəti böyükdür ŞƏRH

VI Zirvə Toplantısının Azərbaycan üçün əhəmiyyəti böyükdür ŞƏRH

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı dayanıqlı münasibətlərin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kimi zirvə toplantıları hüquqi bazanın möhkəmlənməsinə xidmət edir. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Azərbaycanın bu məsələdə mövqeyi ortadadır. “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununda konkret müddəalar öz əksini tapıb. Konvensiyaya görə, tərəflər Xəzər dənizindəki fəaliyyətlərini müəyyən prinsiplər əsasında həyata keçirirlər. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə, suveren bərabərliyinə hörmət, zor işlətməmək və zor işlətməklə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq; Xəzər dənizinin sülh məqsədləri üçün istifadə edilməsi, onun sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin dinc vasitələrlə həll edilməsi; Xəzər regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsi; Hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimad tədbirlərinə, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üzrə ümumi səylərə, o cümlədən bütün tərəflər arasında bağlanmış beynəlxalq müqavilələrə şəffaflıqla riayət edilməsi Xəzər dənizi ilə bağlı ortaq mövqeyin ortaya qoyulmasında əhəmiyyətli addımlardır.

Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Eyni zamanda, Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcminin artması, bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsidir.

Ötən illər ərzində Xəzəryanı ölkələrin dövlət başçıları zirvə toplantılarında ortaq mənafeyə əsaslanan məsələlərə xüsusi diqqət yetiriblər. SSRİ dağıldıqdan sonra Xəzər dənizi karbohidrogen ehtiyatları ilə zəngin olduğuna və bu ehtiyatların hasilatının artdığına görə, dünyanın diqqətini özünə daha da cəlb edib. Bu da Xəzəryanı ölkələrin məsuliyyətini daha da artırıb. Çünki Xəzər dənizi bir tərəfdən göl hesab olunduğuna və çirkləndiricilərin bu hövzədən çıxışına heç bir yol olmadığına görə, ölkələrin bu sahədə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, ətraf mühitin qorunması prioritet sayılır. Xəzər dənizi Xəzəryanı ölkələr üçün iqtisadi baxımından, xüsusilə, neft-qaz hasilatı, kənd təsərrüfatı məhsullarının daşınması və məhsul tranziti baxımından çox əhəmiyyət kəsb edir. Adətən, dünyanın hər bir yerində dənizlər ətrafında yerləşən ölkələr arasında iqtisadi əlaqələrin qurulması prioritet təşkil edir. Xəzəryanı ölkələr inkişaf etməkdə olan ölkələrdir. Bu baxımdan, bu ölkələrdə böyük potensiallar mövcuddur. İran Xəzəryanı ölkələrlə iqtisadi cəhətdən müştərək mənafe yaratmaq istiqamətində hərəkət edə bilər. Tranzit və yükdaşıma üzrə Xəzəryanı ölkələrin əməkdaşlığı onların ortaq mənafeyinə xidmət edəcək. Xəzəryanı ölkələrin iclaslarında önəmli olan məsələ ölkələrin uzunmüddətli mənafe və milli mənafe ilə yanaşı regional mənafe istiqamətində hərəkət etmələridir.

Könül İbrahimova

YAP Yasamal rayonu AMEA Fiziologiya İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə