“5 baza prinsipi aparılan danışıqların əsas müzakirə mövzusudur” - DEPUTAT ŞƏRH ETDİ

“5 baza prinsipi aparılan danışıqların əsas müzakirə mövzusudur” - DEPUTAT ŞƏRH ETDİ

“Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə telefon zəngində Azərbaycanın postmünaqişə reallıqları ilə bağlı bütün təkliflərinə açıq dəstək ifadə olunub. Brüssel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasını vacib hesab edir. Məlumdur ki, Azərbaycan bu istiqamətdə konkret addımlar atır və regionun davamlı inkişafına xidmət edəcək sülh gündəliyinin də müəllifi Azərbaycandır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.


Onun sözlərinə görə, məhz Bakının sülh sazişi üçün irəli sürdüyü 5 baza prinsipi aparılan danışıqların əsas müzakirə mövzusudur: “Söhbət ilk növbədə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması - sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demokrasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılmasından gedir. Çünki sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Bu barədə Prezident İlham Əliyev bütün beynəlxalq tribunalardan bəyan edib. Bu, Qafqazda sülhə töhfə vermək üçün Azərbaycanın iradəsinin nümayişidir. Bakı haqlı olaraq bütün beynəlxalq güclərdən sülh prosesinə töhfə gözləyir. Dövlət başçımız ABŞ-ın müstəqillik günü münasibətilə amerikalı həmkarı Cozef Baydenə təbrik məktubunda da bu məqamı xüsusi vurğulayıb. Bildirib ki, Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda rəsmi Bakı beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın da töhfə verə biləcəyi qənaətindədir.

Təsadüfi deyil ki, həllini gözləyən humanitar məsələlər də hər zaman gündəlikdədir və Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemi, birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyi Şarl Mişellə budəfəki danışıqlarda da müzakirə mövzusu olub. Eyni zamanda Prezident İlham Əliyev C.Baydenə məktubunda da bu məsələyə toxunaraq, işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış minaların bərpa və yenidənqurma işlərinə böyük əngəl olaraq qaldığını bildirib, itkin düşmüş soydaşlarımızın taleyinin aydınlaşdırılması məsələsində ABŞ-ın da dəstəyinə böyük ümidlər bəsləndiyi qeyd olunub.

Rəsmi Bakı üçtərəfli razılaşmaların, eləcə də Brüssel sülh gündəliyinin müddəlarını yerinə yetirməklə yanaşı Ermənistandan da eyni yanaşmanı tələb edir. Avropa İttifaqı konstruktiv vasitəçi kimi mövcud prinsiplər əsasında süh prosesinin inkişaf etdirilməsində Ermənistanın da maraqlı olması istiqamətində təsir imkanlarından istifadə etməlidir. Xüsusilə sərhəd məsələsində köhnə taktikanın işləməyəcəyi gün kimi aydındır. “Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq” deyə dövlət başçımız bir neçə gün əvvəl Ermənistana xəbərdarlıq edib”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə