Rusiyanın Ermənistana görə Azərbaycan və Türkiyə ilə konfrontasiyaya getmək marağı və gücü yoxdur
Ötən gün erməni blogeri Vardan Qukasyanın internet resursu üzərindən Laçında ermənilərin öz soydaşlarının evlərini talan etmələri ilə bağlı yayımladığı videogörüntülərindən sonra bir daha məlum oldu ki, Laçın şəhərinin və ona bağlı bir neçə gəndin təhvil verilməsini eşidən ermənilər bu fürsətdən də öz kirli maraqları üçün istifadə etdiklərini gizlətmirlər. Bununla bağli sosial şəbəkələrdə yayılan görüntüdə qadın çəkiliş apara-apara deyir: "Gəlmişik evimizə, hansı ki, qapını bağlayıb çıxmışdıq. Buradan türklər keçib, ya ermənilər? Açarı götürüb evə daxil oldum və mənzərə... Mənim erməni vətəndaşlarımın mənzərəsi... Qapılar, pəncərələr, qalan əşyalar yoxdur".
Öz erməni soydaşlarını sərt tənqid edən Vardan Qukasyan paylaşdığı videoda erməniləri təhqir edib. "Sosial mediada yayılan görüntünü gördüm, şoka düşdüm. Laçında ermənilərin işğaldan sonra yaşadıqları evləri elə ermənilər talayır. Bu görüntüdə olana talan demək ən yumşaq ifadədir. Evə girib texnika, qır-qızıl, pul oğurlamaq talan sayılar, amma evə girib, qapı-pəncərə, kafel, unitaz oğurlamağa nə ad qoyasan? Bu talan deyil, heç bir dildə bunu ifadə etmək üçün söz yoxdur. Məsələ ondadır ki, bunu edənlər türklər deyil, öz ermənilərimizdir!'', deyə bloger əsəbi şəkildə bağırıb. Vardan Qukasyan soydaşlarının Ağdamı və başqa şəhərləri qarət edib yer üzündən silmələrini etiraf edib. Nə qədər qəribə görünsə də o, bu kimi talançılıq əməllərinin əsl erməni siması olduğunu vurğulayıb.
Onu da xatırlatmaq yerinə düşərdi ki, 44 günlük müharibədən sonra kapitulyasiya aktına imza atan ermənilər Ağdam və Kəlbəcəri tərk etmələri üçün onlara verilən vaxtdan sui-istifadə edərək boş qalan kəndlərdə talanlar, soyğunlar, yanğınlar törədir, flora və faunanı məhv edir, təbiətə qarşı terror törədirdilər.
Lakin fakt budur ki, erməni ayağı dəyən yerlərdən fərqli olaraq bu gün Azərbaycan xalqının, dövlətinin ayağının dəydiyi azad Qarabağda aparılan yenidənqurma işləri kimin-kim olduğunu bir daha isbatlayır. Ermənilərin dağıtdıqları, xarabalığa çevirdikləri Azərbaycan torpaqlarına məhz Azərbaycan həyat, nəfəs bəxş edir.
Bu arada, məlum olan həm də budur ki, Ermənistandakı revanşist qüvvələr üçtərəfli bəyanata əsasən Laçının bütövlükdə Azərbaycanın nəzarətinə keçməsi faktı ilə barışmaq istəmədiklərini büruzə edirlər. Onlar yaxşı bilirlər ki, Laçından sonra növbə onlarındır!
Tofiq Zülfüqarov: “Bununla minlərlə Azərbaycan vətəndaşının öz doğma yurdlarına qayıtmaq şansı yaranır.
Mövzu ilə bağlı Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bir sıra maraqdoğurucu məqamlara toxunub. “Bilirsiniz, Qarabağla Ermənistan arasındakı alternativ Laçın yolunun bu və ya digər konfiqurasiyası vacibdir. Çünki bununla minlərlə Azərbaycan vətəndaşının öz doğma yurdlarına qayıtmaq şansı yaranır. Amma digər tərəfdən, “Laçın dəhlizi” deyilən böhran çox geniş bir məsələdir. Çünki 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı götürsək, görəcəyik ki, orada iki dəhliz nəzərdə tutulur: biri beşillik Laçın dəhlizi, digəri isə müddətsiz Meğri, başqa sözlə Zəngəzur dəhlizi...”, deyə xatırladan politoloq mətbuata verdiyi açıqlamasında bildirib ki, alternativ Laçın yolunun istifadəyə verilməsindən sonra bəzi revanşist erməni qüvvələri yenidən özlərini sözün əsl mənasında ülgücləməkdədirlər. Zülfüqarovun sözlərinə görə, revanşistlər israrlıdırlar ki, onlar nəinki hazırkı Laçın dəhlizini, üstəlik Zəngəzur dəhlizini də verməyəcəklərmiş və s. “Yəni bu baxımdan məsələyə digər bir formatda baxılmalıdır. Bəlkə ümumiyyətlə, biz Laçın yolunu bağlayaq, yaxud tamamilə nəzarətə götürək. Yəni ən azı həmin yolun Ermənistanla sərhəddən keçən hissəsində Azərbaycanın sərhəd və gömrük xidməti fəaliyyətə başlamalıdır”, sabiq XİN rəhbəri bildirib.
Sabiq XİN rəhbəri: “Hiss olunur ki, Ermənistandakı bir sıra qüvvələr konfrontasiyaya, qarşıdurmaya meyillidirlər və münaqişənin davam etməsi taktikasını seçiblər”
Tofiq Zülfüqarov əlavə edib ki, 10 noyabr razılaşmasına uyğun olaraq Rusiya hərbçiləri təhlükəsizliyi təmin etmək üçün qala bilərlər, amma bu haqda onların öhdəlikləri var: “Lakin Azərbaycanın belə bir öhdəliyi yoxdur ki, Laçın yolunda sərhəd və gömrük xidməti olmasın. Axı oradan kim istəyir, sərbəst keçir, hətta üçüncü ölkələrdən də gəlib-gedənlər var. İkincisi də əsas məsələ onunla bağlıdır ki, yaxşı, müharibə nəticəsində Ermənistan uduzub, məğlub olub. Belə bir vəziyyətdə İrəvandan da bəzi açıqlamalar gəlir ki, yox, biz Azərbaycan ərazisində bəzi müqaviləli hərbçiləri saxlayırıq. Bu, nə deməkdir? Yəni Ermənistan işğalı davam etdirmək fikrindədir. Azərbaycan dövləti öz ərazisindəki erməni əhalinin təhlükəsizliyinə təminat verir. İrəvan getsin, hələlik 100 ildən çoxdur bizim ərazimizdə qondarılmış Ermənistanın özünün təhlükəsizliyini təmin etsin. Yəni hiss olunur ki, Ermənistandakı bir sıra qüvvələr konfrontasiyaya, qarşıdurmaya meyillidirlər və münaqişənin davam etməsi taktikasını seçiblər”.
Politoloq: “O boyda Türkiyəni özünə qarşı çevirmək Kreml üçün çox ağır zərbə olar”
Onun sözlərinə görə, Azərbaycan burada çox da səbr göstərməyəcək: “Yəni bu, belə davam edə bilməz. Ermənistan həm hərbi, həm də iqtisadi cəhətdən tam zəif bir durumdadır. Onun əsas müttəfiqi olan Rusiya birincisi, zəifləyib, ikincisi, həm də o vəziyyətdə deyil ki, Azərbaycan və Türkiyə ilə qarşıdurmaya getsin. Bu mənada Ermənistan nəyə ümidlidirlər, Allah bilir”.
Bu arada onu da xatırladaq ki, bu gün Laçının Zabux kəndində qanunsuz olaraq Suriya, Livan erməniləri məskunlaşıblar. Onların başlarında dayanan Çavuşyan adlı Livan ermənisi də əlində silah oralarda hərlənir və söz yox ki, Azərbaycan əsgərinin hədəfindədir. Ümumiyyətlə, alternativ yolun istifadəyə verilməsindən sonra oradakı separatçılar dinc şəkildə torpağımızı tərk etməzlərsə, ordumuz onları zor gücünə çıxarmalı olacaq və buna tam haqqı da var!
Tofiq Zülfüqarovun daha bir fikri də diqqət çəkib. Belə ki, onun sözlərinə görə, Rusiya əsla bu məsələlərə, yəni erməni revanşistlərinin konfrontasiya yaratmaq cəhdlərinə göz yummayacaq. Daha dəqiq desək, Rusiya Ermənistanı dalana dirəyə bilər və eyni zamanda Azərbaycanın, habelə Azərbaycanın ən güclü müttəfiqi Türkiyənin maraqlarına qarşı çıxmaq istəməz. Çünki Rusiyanın Ukrayna cəbhəsindəki vəziyyəti də bəllidir. Moskvaya isə ikinci, üçüncü cəbhələr ümumiyyətlə sərf etməz. Bu baxımdan, politoloq deyib: “Moskva çox böyük çətinliklə canlı qüvvə və texnika toplayaraq Ukraynada müəyyən hərəkətlər edə bilir. Belə halda, təbii ki, əgər “Laçın dəhlizi” ərazisində qarşıdurma baş verərsə, Rusiyanın Ermənistanı müdafiə edəcəyi inandırıcı görünmür. O boyda Türkiyəni özünə qarşı çevirmək Kreml üçün çox ağır zərbə olar”.
Beləliklə, iyul ayının sonlarını gözləyək və əmin olaq ki, Laçından sonra növbə Xankəndinindir!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB