Türkiyə hərəkətə keçdi: İsveç və Finlandiya şərtlərə əməl edəcəklərmi? - ANALİTİK
Türkiyə hərbçiləri Suriyanın Rakka vilayətinin şimalına daxil olub. Faktı Suriyanın SANA agentliyi də təsdiq edib. Məlumatda deyilir ki, Suriyanın qərb və şərq rayonlarını birləşdirən strateji M4 magistralının yaxınlığındakı Ayn İsa bölgəsində Türkiyə zirehli texnikası karvanı görünüb. Magistral xəttiin ələ keçirilməsi YPG-nin nəzarətində olan Kobani bölgəsinin Əl-Qamışlı şəhəri ilə əlaqəsini kəsəcək. Burada Türkiyə hakimiyyətinin PKK-nın Suriya qolu hesab etdiyi “Suriya Demokratik Qüvvələri”nin (SDS) qərargahı yerləşir.
NATO çərşənbə günü rəsmi olaraq İsveç və Finlandiyaya hərbi bloka qoşulmaq üçün dəvət göndərib. Daha əvvəl üç ölkə qarşılıqlı maraq memorandumu imzaladıqdan sonra Türkiyə yaşıl işıq yandırmışdı. Bundan sonra Ankara terror təşkilatları ilə birbaşa əlaqəsi olan şəxslərin ekstradisiyası üçün Skandinaviya dövlətlərinin hakimiyyət orqanlarına sorğu göndərəcəyini vəd edib. Üçtərəfli razılaşmaların əldə olunması prezident Rəcəb Tayyib Ərdoğanın diplomatik qələbəsini göstərə bilsə də, çox şey şimal Avropa oyunçularının öhdəliklərini yerinə yetirməyə hazır olub-olmamasından asılı olacaq.
Finlandiya və İsveçin tezliklə üçtərəfli razılaşmanın şərtlərinə əməl etməyə hazır olduqlarını nümayiş etdirməli olduqlarını Türkiyənin Ədliyyə Nazirliyi açıq şəkildə bildirib. Məlumata görə, Ankaraya görə ya solçu radikal Kürdüstan Fəhlə Partiyası (PKK), ya da qaçaq vaiz Fətullah Gülənin hərəkatı ilə bağlı Stokholm və Helsinkiyə insanların ekstradisiyasına dair 33 sorğu göndəriləcək. Türkiyə tərəfi artıq avropalılara məlumat verib ki, öz yurisdiksiyasında olan bütün təqsirləndirilən şəxsləri mühakimə etmək istəyir. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ “Razılaşmadan sonra onların ekstradisiyası ilə bağlı bir daha yazacaq və xatırladacağıq” deyib.
Madriddə NATO toplantısı ərəfəsində Ankara ilə imzalanan üçtərəfli saziş çərçivəsində Stokholm və Helsinki “milli təhlükəsizliyə təhdidlərlə mübarizədə” tam dəstəklərini ifadə ediblər. Bunun fonunda Skandinaviya oyunçuları təkcə Gülən tərəfdarlarına deyil, Suriyanın şimalında fəaliyyət göstərən PKK-YPG silahlılarına da dəstək verməkdən imtina ediblər. “Tərəflər terrorizm, mütəşəkkil cinayətkarlıq və digər ümumi çağırışlarla mübarizədə konsensus əsaslı əməkdaşlığı gücləndirmək üçün bütün səviyyələrdə, o cümlədən hüquq-mühafizə və kəşfiyyat orqanlarında dialoq və əməkdaşlıq üçün strukturlaşdırılmış hökumətlərarası mexanizm yaradacaqlar”, - deyə memorandumda deyilir. İsveçdə üçtərəfli razılaşma dərhal bu ölkənin Sol Partiya və Yaşıllar tərəfindən pislənilib.
Sonuncular, Stokholmun Türkiyə tərəfi ilə 2019-cu ildə Suriyanın şimalında “Sülh mənbəyi” hücum əməliyyatından sonra dayandırılmış hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələri dayandırmağa hazır olmasından xüsusilə narahat olub. İsveçin müstəqil deputatları hətta xarici işlər naziri Ann Lindeni etimadsızlıq göstəriləcəyi ilə hədələyiblər. Bu ssenarinin şübhəli görünməsinə baxmayaraq, aydınlıq gətirmək üçün hələ də diplomatik siyasət rəhbərinin parlamentin xarici siyasət komitəsindəki dinləmələrdə iştirak etməli olacağı artıq göz qabağındadır.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin təsdiq etdiyi yanaşmaya reaksiya verərək deyib ki, Skandinaviya ölkələri son nəticədə “Xarici siyasət və müdafiə suverenliyinin bir hissəsini Vaşinqtona və NATO-nun digər yüksək səviyyəli tərəfdaşlarına verirlər”. “Bu, heç bir şəkildə bizim siyasətimizə təsir etmir”, - diplomat əmin edib. “Ancaq biz hər hansı genişlənmə dalğalarından, Ankara, Stokholm və Helsinki arasında Madrid sammiti ərəfəsində əldə edilə biləcək hər hansı razılaşmalardan asılı olmayaraq, təhlükəsizliyimizin və müttəfiqlərimizin təhlükəsizliyinin istənilən şəraitdə təmin edilməsi üçün hər şeyi edəcəyik”.
Financial Times-a danışan Qərb rəsmiləri öz növbəsində etiraf ediblər ki, Ərdoğan İsveçin və Finlandiyanın NATO-ya üzvlük cəhdlərinə veto qoyulması məsələsindən Türkiyənin dördüncü nəsil F-16 qırıcısının yenilənməsini dəstəkləmək üçün prezident Cozef Bayden administrasiyasından razılıq almağa çalışırlar. Bu məsələ Ankara üçün xüsusi əhəmiyyət kəsb edir, çünki o, Rusiyanın S-400 zenit-raket komplekslərinin (SAM) alınması ilə əlaqədar daha təkmil F-35 təyyarələri proqramından çıxarılıb. Bununla belə, Financial Times həmsöhbətlərinin aydınlaşdırdıqları kimi, Türkiyə tərəfi məqsədinə nail ola bilməyib: Ağ Ev F-16-ların tədarükünə qarşı olmadığını, lakin çox şeyin Konqresdən asılı olacağını açıq şəkildə bildirib.
Ola bilsin ki, Türkiyə, Finlandiya və İsveç arasında uzlaşmanın görünən nəticəsi Skandinaviya ölkələrinin Ankara və ona sadiq müxalifət qruplarının Suriyada növbəti hücum əməliyyatına səssiz razılıq verməsi olacaq. Yaxın Şərq ölkəsinin hakimiyyət orqanları son bir neçə ay ərzində onun ehtiyacı barədə fəal şəkildə danışır. Prezidentin sözçüsü İbrahim Kalın ötən gün "Prezidentimiz əməliyyatın hər an başlaya biləcəyini söylədi" deyib. “Bizi təhdid edən kimi qiymətləndirmə aparılacaq və lazım olan hər şey ediləcək”.
Bütün bunların fonunda Ankara rəsmi Dəməşqlə hətta rəsminin açıqlamalarından sonra kəşfiyyat orqanları səviyyəsində əlaqə saxlayır.
Qətər Universitetinin İbn Haldon Humanitar və Sosial Elmlər Mərkəzinin dosenti Əli Bakir mətbuata açıqlamasında deyib ki, NATO-nun baş katibi Yens Stoltenberqin himayəsi ilə bağlanan üçtərəfli saziş, əlbəttə ki, Türkiyə və onun rəhbərliyinin böyük qələbəsidir. “Saziş Ankaranın tələblərinə cavab verir”, - analitik etiraf edib. “Düşünürəm ki, bu, NATO-nun daha güclü təhlükəsizlik ittifaqına çevrilməsinə kömək edəcək həmrəylik üçün böyük addımdır”.
Bununla belə, Əli Bakir qeyd-şərt qoyur: söhbət sazişin həyata keçirilməsindən gedirsə, İsveç və Finlandiyanın sövdələşmə şərtlərinə necə əməl edəcəyini görmək qalır. “Bütövlükdə Qərb ölkələrinin öz öhdəliklərini yerinə yetirməməsinin uzun tarixi var”, - Bakir qeyd edib. – Bundan əlavə, PKK-ya və onun Suriyadakı qollarına birbaşa və ya dolayısı ilə dəstək verən yeganə dövlətlər İsveç və Finlandiya deyil. Başqa ölkələr də var”.
Ekspert qeyd edir ki, müxtəlif mənbələrdən edilən bəzi dəstək Suriyanın şimalında fəaliyyət göstərən yarımhərbi təşkilatlara hələ də çata bilsə də, zaman keçdikcə işlər çətinləşir. "Türkiyə eyni diplomatik və hərbi yolla getməyə davam edir və artıq Suriya və İraqda terror qruplaşmasına qarşı əməliyyatlara başlayıb", - Bakir yekunlaşdırıb.
Beləliklə, Türkiyə NATO-nun Madrid sammitində istədiyinə nail oldu. Amma hələ də narahatlıqlar var. İsveç və Finlandiya Türkiyənin təhlükəsizliyinə təhdid olan terror təşkilatlarına hər cür dəstək verməyi tərgidəcəklərmi? Bu sualın cavabı... Bunu zaman göstərəcək...
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB