"Parlamentlərarası münasibətlərin inkişafı əhəmiyyətli vəzifədir" - DEPUTAT ŞƏRH ETDİ
"Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil. Prezident İlham Əliyev 30 iyun tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında qeyd etmişdir ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi irəli sürülmüş yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs Gənclər Şəbəkəsidir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş verdi: "120 ölkənin yekdil qərarı ilə 2023-ci ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir.
Parlament diplomatiyası və parlamentlərarası münasibətlərin inkişafı əhəmiyyətli vəzifədir. Parlament şəbəkəsi təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaqlar. Bu isə yüksək Parlament diplomatiyasının göstəricisidir.
Bandunq prinsiplərinin təşviqinə Azərbaycan öz töhfəsini verməyə çalışır. Belə ki, Bandunq prinsipləri ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi Azərbaycan tərəfindən qəbul edilir. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı".
Deputat sözlərinə belə davam edib: "Ölkə rəhbərinin çıxışında qeyd olunmuşdur ki, Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir. Təşəbbüsümüzlə hazırlanmış ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olunmuşdur.
Azərbaycan öz Humanitar missiyasını da yüksək səviyyədə həyata keçirmişdir. Belə ki, Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərilmişdir. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunataq, bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan peyvənd millətçiliyinə qarşı da açıq şəkildə etirazını bildirən ölkələrdən biri idi. Pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələr peyvəndlərin mütləq əksəriyyətindən istifadə edirdi. Buna görə də peyvənd millətçiliyinə qarşı mübarizəmiz Beynəlxalq Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir.
Azərbaycan hər zaman öz obyektiv mövqeyini nümayiş etdirmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.
Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib. Qoşulmama Hərəkatında təmsil olunan ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.
Lakin, Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz.
Minsk qrupu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Azərbaycan xalqı təqribən 30 il ərzində gözləyirdi ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi.
Lakin, Azərbaycan bu münaqişəni özü həll etdi. Biz işğala son qoyduq və özümüzün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etdik. Ölkə Rəhbəri açıq şəkildə bəyan etdi ki, Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik.
2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Münaqişənin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqi idi. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi.
Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatın institusional inkişafına yönəlib. Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bu müzakirələri yenidən başlamağın vaxtı çatıb".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB