Dünyada güc amilinin ön planda olması danılmaz aksiomadır MƏQALƏ

Prezident İlham Əliyev: “Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq”

Azərbaycan dövləti və xalqı özünün qələbə və əzm, eləcə də inkişaf və tərəqqi ruhu ilə beynəlxalq aləmdə öz sözünü deməklə yanaşı, həm də uğur və tərəqqi reallığını nümayiş etdirməkdədir. Bu gerçəklik özünü 44 günlük Vətən müharibəsindən sonra daha geniş faktorda əhatə etdi. O cümlədən, əldə edilən hər bir nailiyyətin, zəfərin təməlində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qətiyyəti, iradəsi və fatehlik imzası dayanmaqdadır.

Bu gün Azərbaycan dövləti yerləşdiyi coğrafiyada – Cənubi Qafqaz regionunda lider ölkə olaraq həm də beynəlxalq arenada mütərəqqi işlərinə realizə edir. Artıq azad olunmuş torpaqlarımızda sürətli, nəhəng bərpa işləri həyata keçirilir, o cümlədən, bir sıra iqtisadi layihələrin icra olunması yönündə addımlarını atır. Əbəs deyil ki, əldə edilən hər bir uğurun, hər bir nailiyyətin əsasında güc amili də dayanmaqdadır.

Ulu Öndər Heydər Əliyevin tarixi kəlamı özünü isbatladı

O da sirr deyil ki, 30 il işğal altında qalan torpaqlarımızın sülh yolu ilə azad olunması yönündə Azərbaycan dövləti və xalqı böyük səbr və təmkin göstərdi, lakin yağı düşmən onlara verilən bu imkandan doğru istifadə edə bilmədi, bu xüsusda Prezident İlham Əliyev lazım olan addımı atdı və xalqımız Onun bu addımı ətrafında vahid yumruq kimi birləşdi. Əlbəttə ki, bu gücü, bu qüdrəti əldə etmək üçün daha bir amil özünü təsdiq etdi – Ulu Öndər Heydər Əliyevin tarixi kəlamı isə özünü isbatladı – iqtisadiyyatı olmayan ölkə heç vaxt güclü ola biməz. Bəli, məhz güclü iqtisadiyyatı ilə Ordusunu dünyanın ən güclü orduları sırasına cəm edən, Silahlı Qüvvələrimizi ən müasir standartlara uyğunlaşdıran Prezident İlham Əliyev cənabları xalqın vahidliyi, birliyi və hərbçilərimizin şücaəti, qəhrəmanlıqları sayəsində düşmənə sarsıdıcı zərbələrini endirdi, onu kapitulyasiya sənədinə imza atmağa məcbur etdi.

Dövlətimizin başçısı Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxış edərkən güc amilinin dünyada nə qədər önəmli rol oynaması barədə fikirlərini bəyan edərkən də bu kimi məqamlara toxunub. O deyib ki, biz Vətən müharibəsində xalqın böyüklüyünü göstərdik, yenilməz ruhumuzu göstərdik, güclü iradəni göstərdik və göstərdik ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Sadəcə olaraq, biz istəyirdik ki, bu məsələ sülh yolu ilə həll olunsun və uzun illər apardığımız danışıqların məqsədi məhz bu idi. SİTAT: “Biz istəmirdik ki, qan tökülsün. Ümid edirdik ki, beynəlxalq aləm Ermənistana sanksiyalar tətbiq etməklə işğalçını məcbur edib bizim torpağımızdan çıxaracaq. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik və Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib”.

“İqtisadi müstəqillik və sürətli inkişaf bizim Qələbəmizi yaxınlaşdırırdı”

Silahlı Qüvvələrin Ali Baş Komandanı bildirib ki, biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq, ancaq biz bu şanlı Qələbəni əldə etmək üçün gecə-gündüz çalışmalı idik, güc toplamalı idik. Həmçinin, Azərbaycan Prezidentinin sözlərinə görə, bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir: “Beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməyib. Ona görə biz güc toplamalı idik ki, özümüz bu vəzifəni icra edək və bu gücümüzü toplayırdıq. Siyasi güc topladıq, beynəlxalq aləmdə öz gücümüzü artırdıq. Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. İqtisadi güc topladıq və iqtisadi müstəqillik əldə etdik. Əgər iqtisadi müstəqillik olmasaydı, imkanlarımız olmasaydı, biz müharibəni hansı vasitələrlə aparacaqdıq? Ona görə iqtisadi müstəqillik və sürətli inkişaf bizim Qələbəmizi yaxınlaşdırırdı”.

Beləliklə, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu ifadələri danılmaz gerçəklik olması ilə yanaşı, həm də bir aksiomadır və bizlər – Azərbaycan vətəndaşları bundan sonra da dövlətimizin, ölkəmizin güclənməsi, regional gücdən beynəlxalq gücə çevrilməsi kontekstini öndə tutmaqla irəli sürülən qalibiyyət strategiyasını daha uca zirvələrə yüksəlməsinə çalışmalıyıq.

Almaz Həşimova,

YAP Füzulu rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə