Bərpa-quruculuq siyasəti Azərbaycanın daxili siyasətinin təməl prinsiplərindən biridir ŞƏRH

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb. Hazırda qarşıda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir. Qarabağdakı tarixi zəfər Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi üçün geniş imkanlar açmışdır. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri müasir Azərbaycanın daxili siyasətini müəyyənləşdirən başlıca istiqamətlərdən biridir. Bu, eyni zamanda, xarici siyasətin də tərkib hissəsi kimi diqqəti çəkir. Bu istiqamətdə aparılan işlərin spesifik xüsusiyyəti ondan ibarətdir ki, bütün görülən işlərə birbaşa Azərbaycan Respublikaının Prezidenti cənab İlham Əliyev tərəfindən rəhbərlik edilir. Ölkə Prezidenti cənab İlham Əliyev bölgələrə etdiyi səfərlər zamanı istisnasız olaraq bütün layihələrin icrası ilə ən xırda təfərrüatlara, detallara qədər şəxsən maraqlanır, işlərin səmərəliliyinin artırılması üçün təklif və tövsiyyələr verir.

Bu kontekstdə cari ilin iyun ayının 26-da Prezident cənab İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına etdiyi səfəri çərçivəsində Silahlı Qüvvələr Günündə Kəlbəcərdə yeni tikilmiş hərbi hissənin açılışında və komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirakı birmənalı olaraq həm siyasi, həm də mənəvi baxımdan son dərəcə əhəmiyyətli bir hadisə oldu. Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Bundan əlavə Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə diqqət çəkən cənab Prezident İlham Əliyev bildirdi ki, “Mən ikinci dəfədir Kəlbəcərə gəlirəm və bu gün də bir çox tədbirlər var. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi – artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq – Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə – Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır”.

Bərpa-quruculuq layihələrinin tam sürətlə icra edilməsi və cənab Prezident İlham Əliyevin regiona səfərləri zamanı bu layihələrlə yaxından tanış olub öz tövsiyyələrini verməsi vətənimizin gələcəyə doğru daim dinamik inkişaf edəcəyinə və dünyada söz sahibinə çevriləcəyinə tam əminlik yaradır.

Aytəkin Əhmədova

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...