Beynəlxalq tədbirlərdəki iştirakımız beynəlxalq nüfuzun və etimadın göstəricisidir

Ölkə Prezidenti cənab İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti nəticəsində 21-ci əsrin tərəqqi simvolu-Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilmiş Azərbaycan olduqca mötəbər, beynəlxalq səviyyəli yarışlara, nüfuzlu tədbirlərə və forumlara ev sahibliyi edir. Təbii ki, bu kimi mühüm tədbirlərə ev sahibliyi etmək üçün Azərbaycana xüsusi etimad göstərilməsi təsadüfi deyil. Bu, həyata keçirilən müdrik siyasətin,düzgün xarici islahatlar kursunun nəticəsi,eyni zamanda Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin dünyadakı çəkisinin, həm beynəlxalq ictimaiyyət, həm də beynəlxalq təşkilatlar qarşısında nüfuzunun ifadəsidir. Sevindirici haldır ki, bu gün Azərbaycan bütün istiqamətlərdə özünün dinamik inkişaf modelini ortaya qoyub. Dövlətimizin başçısı cənab İlham Əliyevin sözləri ilə desək: “Sözün həqiqi mənasında, ölkəmizin çəkisini, rolunu dünya siyasətində hər bir dövlət görür, qiymətləndirir, Azərbaycanı etibarlı tərəfdaş kimi dəyərləndirirlər”.

Azərbaycan Prezidenti beynəlxalq tədbirlərdə, platformalarda çıxış edərkən daim ölkəmizin mövqeyini, gələcək hədəflərini cəsarətlə ortaya qoyur, həmçinin dünyanın diqqətini çəkən və humanizm prinsiplərinə əsaslanan müqəddəs siyasətimizi birmənalı olaraq bəyan edir. Bununla yanaşı dövlət başçısı tarixi həqiqətlər mövzusunda saxta konsepsiyalara əsaslanan xarici ölkələrin tarixçilərinə, tarixi bilmədən həmin konteksdə çıxış etmək istəyən rəsmilərə əsl tarix dərsi keçir,həqiqətləri dünyaya çatdırır. Bir neçə gün öncə bildiyimiz kimi Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, doğma Partiyamızın Sədri cənab İlham Əliyev həmin sessiyada videoformatda çıxış edərkən bir sıra xüsusi məqamlara toxundu. Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib.

Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Bəli, bunlar tarixi həqiqətlərdir və cənab Prezident dünyaya erməni təcavüzünün və erməni xislətinin çirkin, vadalizm aktı olmasını növbəti dəfə diqqətə çatdırdı. Növbəti tarixi məqam isə cənab Prezidentin qeyd etdiyi; UN-HABITAT donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərilməsi məsələsi idi. Şri-Lankada, İraqda münaqişənin başa çatmasından sonra UN-HABITAT dağılmış evlərinin bərpasını və yüz minlərlə köçkünün həyat şəraitini yaxşılaşdıran infrastruktur layihələrini reallaşdırıb.

Hazırda ölkəmizdə şəhərsalma mövzusunda illik əsasda konfransın keçirilməsi ilə bağlı Azərbaycan ilə UN-HABITAT arasında məsləhətləşmələr aparılır. Qeyd olunan məsələlərin fakt olduğunu bütün dünya qəbul edir.Bundan əlavə cənab Prezident dünyaya mesaj verir ki, beynəlxalq qurumlar, təşkilatlar Azərbaycanın mövqeyinə hörmətlə və ədalətlə yanaşmalıdır. Çünki 44 günlük Vətən müharibəsi-Haqq savaşımız öz doğma torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnib. Biz Vətən müharibəsində haqqlı mübarizəmizdə ədalət prinsipini əsas tutmuşuq. Ona görə də dövlət başçısının qeyd etdiyi kimi beynəlxalq təşkilatlar da ədaləti əsas tutmalı, baş verən proseslərə ikili standartlarla və ya ayrıseçkilik mövqeyindən baxmamalıdır. Dünyada və regionda gedən geosiyasi dəyişikliklərə nəzər salsaq, xüsusilə qeyd etməliyik ki, bu gün Ölkə Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin ali rəhbərliyi, uzaqgörən siyasəti ilə Azərbaycan Respublikası regionda dinamik templə inkişak və tərəqqi yolu keçən ölkə kimi saysız-hesabsız uğurlara imza atır.

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...