Almaz Həşimova: “Əks halda bütün məsuliyyət Ermənistanın rəhbərliyinin üzərində qalmalı olacaq” MÜNASİBƏT

“Ermənistanın baş naziri Nikol Paşinyanın və hökumətinin danışıqlarda bir, ayrılıqda tamamilə başqa cür bəyanatlar səsləndirməsi, xüsusilə 44 günlük müharibədən sonra ölkəsinin kapitulyasiya bəyanatına imza atmasına baxmayaraq orada irəli sürülən şərtlərə əməl etməməsi nəticə etibarı ilə onun özünü çıxılmaz vəziyyətə doğru sürükləyir”.

Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Füzuli rayon təşkilatının sədri Almaz Həşimova mövzu ilə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistanın sözügedən davranışları ilk növbədə heç bir beynəlxalq hüquq normalarına, eləcə də diplomatik qaydalara uyğun deyil: “Buradan da görünür ki, öz imzasına hörmət qoymağı bacarmayan bir ölkə başçısının heç yerdə ciddi qəbul olunmaması faktı özünü sübuta yetirir. Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin nəzarəti altındakı ərazilərdə qanunsuz erməni silahlılarının qalmaları, o cümlədən, separatçı tör-töküntülərinin hələ də boğazdan yuxarı bəyanatlar səsləndirmələri isə Azərbaycan dövlətinin və xalqının səbrini tükəndirir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev cənabları Kəlbəcərə və Laçına etdiyi son səfərində də bu kimi amillərə toxunaraq qarşı tərəfə xəbərdarlıqlarını etdi və vurğuladı ki, Bakının səbri əbədi deyil, Ermənistan regionda sülhün bərqərar olması istiqamətində aparılan prosesi uzatmağa cəhdlərini davam etdirərsə bu zaman 2020-ci ilin payızında aldığı zərbələrdən daha qat-qat güclü zərbələrə məruz qalacaq”.

Almaz Həşimovanın sözlərinə görə, dövlətimizin başçısı həmçinin bildirdi ki, Ermənistan özünü yığşdırmasa, Azərbaycan Silahlı Qüvvələri Qərbi Zəngəzurda mövqe dəqiqləşdirmələri aparacaq. Belə ki, o torpaqlar da qədim və tarixi Azərbaycan əraziləri olub: “Yəni fakt budur ki, yalnız Qarabağ deyil, eləcə də Qərbi Zəngəuzr bölgəsi də bilavasitə Bakının diqqəti və nəzarəti altındadır. Bu gün Ermənistan tərəfi yenidən atəşkəs rejimini pozmaqla özünü çıxılmaz vəziyyətə salır. Şanlı Azərbaycan Ordusu isə onların cavablarını artıqlaması ilə verir və əlbəttə ki, belə davam edə bilməz. Ermənistan rəhbərliyi bilməlidir ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi qısa zamanda başa çatdırılmalıdır və bu prosesdə vasitəçilik edən Rusiya da artıq İrəvanın bənzər davranışlarından bezib. Çünki Cənubi Qafqaz regionunun iqtisadi imkanları daha münbit şəraitə uyğunlaşa bilər və əlbəttə ki, burada yalnız Azərbaycanın və Rusiyanın deyil, həmçinin qardaş Türkiyənin də iqtisadi maraqları təmin olunur. Azərbaycanın bu torpaqları bütövlükdə beynəlxalq aləmin iqtisadi, logistik, sənaye mərkəzinə çevrilməlidir və həmin istiqamətdə də işlərin reallaşdırılması vacibdir. Ermənistan cinayət xarakterli və beynəlxalq hüquq normalarını pozan addımlarını davam etdirəcəksə onda layiqli cavabını artıqlaması ilə alacaq. Hər halda, Ermənistan rəhbərliyi bu həqiqəti, bu gerçəkliyi qulaqlarında sırğa edib asmalıdırlar. Rəsmi Bakı isə illər boyu gözləmək fikrində deyil. Ölkə başçımız İlham Əliyev də bu xüsusda vurğulayıb ki, kağızlar masa üzərində davamlı qala bilməz və qarşıya qoyulan şərtlər, tələblər icra olunmalıdır. Əks halda isə bütün məsuliyyətlər Ermənistanın rəhbərliyinin üzərində qalmalı olacaq”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə