"Dövlət başçısı çıxışı zamanı yeni təşəbbüslərlə çıxış etdi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan növbəti dəfə çox böyük beynəlxalq tədbirə ev sahibliyi edir. Qoşulmama Hərəkatının parlamentlər şəbəkəsinin Bakı konfransı artıq 30 iyun tarixindən rəsmi olaraq öz işinə başlayıb. Bildiyimiz kimi, Azərbaycan ümumilikdə Qoşulmama Hərəkatının ən gənc üzvlərindən biri, bəlkə də birincisidir. Amma bütün bunlara baxmayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü düzgün siyasət dünyada beynəlxalq hüququn hər kəs üçün eyni bərabər olması, onun işlək mexanizminin həyata keçirilməsi, ədalətin olması üçün atdığı addımlar, irəli sürdüyü təşəbbüslər, eyni zamanda ölkəmizin həyata keçirdiyi düşünülmüş siyasətin nəticəsi olaraq Azərbaycan 2019-cu ildə Qoşulmama Hərəkatının sədri seçildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik dövrünə nəzər salsaq bir daha əmin olarıq ki, Azərbaycan Prezidentinin məhz liderlik keyfiyyətləri nəticəsində Qoşulmama Hərəkatı artıq dünyanın ən aparıcı təchizatına çevrilmişdir: "Azərbaycan Prezidentinin sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən birmənalı olaraq yüksək qiymətləndirilməsi, qəbul olunması, o cümlədən Qoşulmama Hərəkatının 120 ölkəsinin hər birinin Azərbaycana bəslədiyi böyük inam, etimad, hörmətin təzahürüdür.

Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində yeni bir təşəbbüslə irəli çıxış edərək milli parlamentlərin məhz dünyada beynəlxalq müstəvidə əlaqələrin qurulmasına, mövcud əlaqələrin möhkəmləndirilməsinə istiqamətlənmiş addımların atılmasının çox vacib olduğunu vurğuladı və Qoşulmama Hərəkatının parlament şəbəkəsinin təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. Ötən il Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın rəhbərliyi ilə Madriddə keçirilən iclasda artıq Qoşulmama Hərəkatının parlament şəbəkəsi təsis olundu. Bu gün də Azərbaycan parlament şəbəkəsinin konfransına ev sahibliyi edir".

Deputat sözlərinə belə davam edib: "Azərbaycan Prezidenti ilk gündə açılış mərasimində iştirak etdi və eyni zamanda geniş nitq söylədi. Əlbəttə ki, Qoşulmama Hərəkatının ölkəmizdə keçirilməsi bir daha bütün dünyanın gözünü Azərbaycana yönəlməsi ilə tarixə düşdü. Bu böyük bir platformadır ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün çox vacib bir məqamdır və bu məqamdan da növbəti dəfə Prezident cənab İlham Əliyev çox böyük diplomatik məharətlə çıxış edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırdı, yeni təşəbbüslər irəli sürüldü.

O cümlədən Azərbaycan-Ermənistan arasında münasibətlərin indiki məqamına, Ermənistanın Azərbaycan torpaqlarında 30 il müddətində işğalçılıq siyasəti yürütdüyü bir zamanda törətdiyi vəhşiliklərə, bu gün dünyada baş verən qlobal hadisələr fonunda Qoşulmama Hərəkatının rolunu bir daha Azərbaycan Prezidenti öz çıxışında qeyd etdi. Azərbaycanın dövlət başçısı çıxışı zamanı bir sıra vacib mesajlar verdi, yeni təşəbbüslərlə çıxış etdi".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə