"Heç kim Azərbaycanın qabağında dura bilməz" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"2020-ci ilin payızında Azərbaycan dövləti təcavüzkar Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, torpaqlarımızın otuz illik işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatlarına başladı. Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusundan müqayisəolunmaz dərəcədə güclü olduğu artıq real döyüş şəraitində aydın göründü". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, müharibınin 3-4-cü günlərində Ermənistan ordusunun təxmini 25-30%-i məhv edilmişdir, “güclü” erməni ordusu haqqında mif darmadağın edildi: "Hər bir müharibə iştirakçılarının həm də zəif və güclü tərəflərinin üzə çıxmasına imkan verir. Təbii ki, Azərbaycan da Vətən müharibəsindən sonra Ordunu daha effektiv gücləndirmək imkanına malik oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev müharibədən sonra Ordumuzun daha intensiv və daha effektiv gücləndirilməsi imkanına malik olduğumuzu dəfələrlə qeyd edib.

Azərbaycan Ordusu Vətən müharibəsindən alnıaçıq, böyük zəfərlə çıxdı. Bununla bərabər apardığımız Vətən müharibəsindən sonra müşahidələrin nəticəsinə uyğun olaraq, Ordunun ən müasir tələblər çərçivəsində daha gücləndirməyi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi hazırkı beynəlxalq münasibətlər sistemində hüququn gücü deyil, gücün hüququ vardır. Güc amili həmişə olduğu kimi, indi də öz əhəmiyyətini saxlamaqdadır. Prezident Kəlbəcərə səfəri zamanı bir daha vurğuladı ki, beynəlxalq hüququn normaları və prinsipləri işləmir. Beynəlxalq təşkilatların da fəaliyyəti formal xarakter daşıyır. Beynəlxalq hüququn Azərbaycanın tərəfində olmasına baxmayaraq, heç kim Ermənistandan Azərbaycan torpaqlarından çıxmasını tələb etmədi. Azərbaycan öz gücü hesabına ədaləti təmin etdi. Yalnız güclü olmaqla öz maraqlarını qorumaq mümkündür. Müvafiq olaraq, Azərbaycan da öz hərbi gücünü davamlı və sistemli şəkildə artırmaqdadır. Vətən müharibəsindən sonra Orduda ciddi islahatların şahidi olmaqdayıq. Silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması, Ordunun idarə olunması sisteminin təkminləşdirilməsi, ən müasir səviyyədə texniki təchizatının həyata keçirilməsi aparılan islahatların əsas hədəfləridir. Azərbaycan hərbi və hərbi texniki sahədə daha əməkdaşlıq şəbəkəsini quraraq ən müasir müasir silahları hərbi arsenalına daxil etməkdədir. Həyata keçirilən islahatların mühüm nəticələrindən biri də komando hərbi hissələrinin yaradılmasından ibarətdir. İlk komando hərbi hissəsi ötən il dekabr ayının 24-də Hadrutda yaradıldı. Azərbaycan Prezidenti Kəlbəcərdə sayca ikinci komando hərbi hissəsinin açılışını etdi. Açılış mərasimində ölkə Prezidenti qeyd etdi: “Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.

Azərbaycan Prezidenti Kəlbəcərdə Azərbaycan Ordusunun davamlı olaraq gücləndirildiyini xüsusi olaraq qeyd etdi. Ordunun müasir silahlarla təchiz edildiyini, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olmaq üçün gecə-gündüz çalışıldığını vurğuladı. Ordunun daha da gücləndirilməsi üçün bundan sonra da ciddi addımların atılacağını deyən Prezident İlham Əliyev Azərbaycan Ordusunun həm təchizat nöqteyi-nəzərdən, döyüş qabiliyyətinin yüksəkliyi nöqteyi-nəzərdən müharibədən sonra bu gün daha güclü olduğunu diqqətə çatdırdı.

Bununla bərabər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti dəfə Ermənistana sərt xəbərdarlıq etdi. O dedi ki, dəmir yumruq yerindədir. Ermənistan bundan sonra da prosesləri əngəlləməyə, vaxt uzatmağa çalışsa öz peşman olacaq. Vətən müharibəsində Azərbaycanın ermənilərə verdiyi dərs unudulmamalıdır. Azərbaycanda xalq-iqtidar birliyi var, hərbçilərimizin vətənpərvərlik ruhu olduqca yüksəkdir. Belə olan halda heç kim Azərbaycanın qabağında dura bilməz".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...