“Kapitulyasiyanı imzalayan Ermənistanın digər hər hansısa bir variantı yoxdur” - AÇIQLAMA

“Kapitulyasiyanı imzalayan Ermənistanın digər hər hansısa bir variantı yoxdur” - AÇIQLAMA

“Son vaxtlar Ermənistan prezidenti bir-birinə zidd çaşdırıcı açıqlamaları ilə diqqəti çəkir. İyun ayının 27-də mətbuat konfransı zamanı isə növbəti açıqlamasında yeni çəkilən yolun istifadəyə verilməsindən sonra Laçın şəhərinin və Zabux kəndinin Azərbaycana təhvil verilməsini bəyan etmişdir. Ümumiyyətlə, artıq bu məsələdə hesab edirəm ki, Paşinyanın hər hansısa fikri artıq rol oynamır. Çünki Ermənistan məğlub tərəf kimi üçtərəfli Akta qol çəkib”. Bunu “Səs” qəzetinə açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, Aktın tələblərinə uyğun olaraq Ermənistan Kəlbəcər, Ağdam, Laçın rayonunun digər ərazilərini Azərbaycana məğlub tərəf kimi şərtsiz təhvil verib. Akta çox aydın şəkildə alternativ koridor yolu çəkildikdən sonra Ermənistanın Laçın, Zabux yaşayış məskənlərinin də Azərbaycana təhvil veriləcəyi qeyd olunub. Məlum olduğu kimi, yeni çəkilən yol artıq yaxın zamanlarda istifadəyə veriləcəkdir. Paşinyan da bunu bilir və bu haqda erməni cəmiyyətinə informasiyanı çatdırır. Kapitulyasiyanı imzalayan Ermənistanın digər hər hansısa bir variantı da artıq yoxdur. Tələb yerinə yetirilməlidir. Ermənistanın ordusu 44 günlük müharibə nəticəsində tamamilə darmadağın olmuşdur. Yeni ordu quruculuğu və müasir silahlarla təmin olunmağa onun iqtisadi gücü də yoxdur”.

A.Xəlilov onu da bildirdi ki, havadarlarının başları Ukraynada gedən proseslərə qarışdığından inanmıram ki, bu dəqiqə Ermənistan yada düşə: “Sadəcə, vəziyyəti olduğu kimi saxlamağa çalışırlar. Ona görə də, onlar da Aktın tələblərinin yerinə yetirilməsinin tərəfdarı olaraq çıxış edirlər. Paşinyanın digər açıqlamaları isə gündəmə və publikaya xidmət edir. Hər hansısa digər varianta əl atmaq Ermənistanın tamamilə iflası olar. Çünki güclü mövqelərə və orduya malik Azərbaycan Ermənistanı dərhal cəzalandırar ki, bu gün dünyada buna qarşı heç kim maneə törədə bilməz. Burada yalnız bir məsələ ola bilər ki, Paşinyan hökuməti erməni xalqı qarşısında sifətini saxlamaq üçün bir qədər boşboğazlıq edib dirəniş göstərməyə cəhd edərlər. Yəni təhvilvermə vaxtını uzatmağa cəhd edərlər, müəyyən təxribatlara əl atarlar ki, bu da ucuz şoudan başqa bir şey deyildir. Artıq biz Paşinyanın daha bir açıqlamasını da eşitdik ki, erməni xalqı Laçının verilməsini istəmirdisə müharibəni uduzmayaydı. Bu açıqlamadan da görünür ki, onun sözləri daha çox hakimiyyətinin müdafiəsinə və cəmiyyətə hesablanmış fikirlərdir. Laçın, Zabux eyni zamanda Sis kəndi də Azərbaycana təhvil veriləcəkdir. Ermənistan bu gün özündə güc tapıb sülh müqaviləsini bağlamağı düşünməlidir. Ermənistanın taleyi və gələcəyi bundan asılıdır. Bu müqaviləni imzalamamaqla özlərinin onsuz da ağır olan iqtisadi vəziyyətini və gələcəklərini çətinləşdirirlər. Azərbaycan bu gün onsuz da öz yolunda inamla addımlayır. Hərbi-iqtisadi gücünü, dünyadakı nüfuzunu və mövqeyini gücləndirir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə