PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir"
İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, əvvəlki görüşlərdə olduğu kimi, bu görüşün də dövlətlərarası əlaqələrimizin sürətli inkişafına növbəti təkan veriləcək və qardaş xalqlarımızın birgə gələcəyi təmin ediləcək. Xalqlarımızın ortaq tarixi münasibətlərimiz üçün çox gözəl təməldir.
AZƏRBAYCANDA MÜASİR NƏQLİYYAT SİSTEMİ ÖLKƏMİZİ AVRASİYANIN NƏQLİYYAT QOVŞAĞINA ÇEVİRİR
Son illərdə ölkədə nəqliyyat sisteminin yenidən qurulması dövlətin məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir. Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı həyata keçirdiyi məqsədyönlü və qətiyyətli siyasəti, qlobal miqyaslı təşəbbüsləri Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat-logistika mərkəzinə çevirməklə yanaşı, həm də dünya birliyinin etibarlı tərəfdaşına çevrilib. Belə ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd edilir ki, regionu ticarət mərkəzinə çevirmək məqsədilə Azərbaycanın strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkənin bölgələrində logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Prezident İlham Əliyev iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bildirib ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır və bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir: «Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub».
NƏQLİYYAT LAYİHƏLƏRİ HƏMİŞƏ İNKİŞAFIN HƏRƏKƏTVERİCİ QÜVVƏLƏRİ OLUB
Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifah halının yaxşılaşdırılmasına və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada xalqımızın son otuz illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir. Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir. Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən TRASECA proqramı çərçivəsində Qərb-Şərq nəqliyyat dəhlizinin Azərbaycanın ərazisindən keçməsində ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti əvəzsiz rol oynamışdır. 1998-ci ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxaq konfransın məhz Bakıda keçirilməsi də bunun bariz nümunəsidir. Yeri gəlmişkən, 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdikləri konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çox mühüm sənədin imzalanması əlverişli geosiyasi mövqedə yerləşən Azərbaycanın regionda etibarlı tərəfdaş kimi mövqeyini daha da artırdı.Bu gün Ulu öndərin inkişaf strategiyasını yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən, onu daha zənginləşdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində, həyatın bütün sahələri ilə yanaşı, yol təsərrüfatında da sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter almışdır.
"XƏZƏRYANI DÖVLƏTLƏR ARASINDA BAĞLANMIŞ MÜQAVİLƏLƏR XƏZƏR DƏNİZİ REGİONUNUN İRİ BEYNƏLXALQ NƏQLİYYAT QOVŞAĞINA ÇEVRİLMƏSİ ÜÇÜN YAXŞI TƏMƏL YARADIR"
"Bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir". Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı çıxışında bildirib. Dövlətimizin başçısı deyib: “Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir”. Prezident İlham Əliyev vurğulayıb ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı onu da bildirib ki, Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Dövlətimizin başçısı çıxışında ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar problemlərə də toxunaraq deyib: “Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir”. Prezidenti İlham Əliyev bildirib ki, bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulur. “Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
"ZƏNGƏZUR DƏHLİZİ ARTIQ REALLIĞA ÇEVRİLİR"
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı Zzəngəzur dəhlizinin artıq reallığa çevrildiyini deyib: «Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb". Bəli, bu gün gündəmdə olan Zəngəzur dəhlizi Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirmək imkanı verəcək. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında bildirir ki, bu gün qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır: "Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq". Bu barədə Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda təqdim edilən çıxışında da bildirib. Dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə irimiqyaslı yenidənqurma işlərinə dəvət edən dövlətimizin başçısı deyib: “Bu yaxınlarda mən növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı milli prioriteti müəyyən etmişəm ki, buraya rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi də daxildir”. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. “Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm».
ZƏNGƏZUR DƏHLİZİ REGİONDA SÜLHÜN QORUNMASI VƏ DAVAMLI OLMASI ÜÇÜN ÇOX VACİB MƏSƏLƏDİR
Bəli, bu gün Zəngəzur dəhlizi regionda sülhün qorunması və davamlı olması üçün çox vacib məsələdir və bu dəhlizin açılması məsələsi uzandıqca bölgədə sülhün bərqərar olmasının sual altında qaldığını göstərir. Təbii ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün vacib hesab olunmur və münasibətlərin normallaşdırılması baxımından Ermənistan üçün də çox böyük əhəmiyyət kəsb edir, lakin ermənilər hələ də bu məsələni uzatmağa, ləngitməyə çalışırlar.“Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq”, deyə ölkə rəhbəri, cənab Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda bildirib və bu, əslində zamanında verilən bir mesajdır. Nəzərə çatdıraq ki, Ermənistan tərəfi yenə də məsələyə müxtəlif don geyindirmək üçün əlindən gələni edir. Ancaq vəziyyətinin daha kritik olduğu bir məqamda Paşinyan, yaxud Ermənistan hakimiyyəti nəyə görə belə çıxış edir? Sözsüz ki, Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına qarşı çıxdığı təqdirdə hansı vəziyyətlə qarşılaşacağının fərqindədir. Ermənistan hakimiyyəti onun fərqindədir ki, Azərbaycan adekvat addımlar ata bilər. Əgər Zəngəzur dəhlizinin açılması ilə bağlı problem, yaxud yubanma ortaya çıxarsa ermənilər də Laçın dəhlizi ilə bağlı problemlə qarşılaşa bilərlər.
"BİZ İSTƏDİYİMİZƏ NAİL OLACAĞIQ - QARABAĞI VƏ ŞƏRQİ ZƏNGƏZURU BƏRPA EDƏCƏYİK"
Bütün layihələrə şəxsən nəzarət edən Prezident İlham Əliyev demək olar ki, hər ay Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər edir, hər dəfə də müxtəlif təyinatlı obyektlərin açılışı və təməlqoyması ilə düşmənə gözdağı verir. Eyni zamanda, Azərbaycanın iqtisadi qüdrətini dünyaya nümayiş etdirir. Çünki Azərbaycan həyata keçirdiyi bütün layihələri yalnız öz gücünə reallaşdırır.İyunun 26-da, Silahlı Qüvvələr Günü Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxışı zamanı bildirib ki, Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik.Azərbaycan Prezidenti qeyd edib ki, artıq bu proses başlayıb və ilk növbədə, Qarabağda və Şərqi Zəngəzurda hərbi gücümüz daim möhkəm olmalıdır, ona görə bugünkü mərasim xüsusi məna, rəmzi məna daşıyır. Dövlət başçısı Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı açılış və təməlqoyma mərasimlərində iştirakı, çıxışında müjdəli xəbərləri və məğlub Ermənistanın rəhbərliyinə, revanşist qüvvələrə göndərdiyi xəbərdarlıq mesajları da bunun əyani təzahürü oldu: "Zəngəzur dəhlizi artıq reallığa çevrilir". Bir sözlə, Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur dəhlizi Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək. Bir sözlə, dövlət başçımızın dediyi kimi: «Zirvə görüşü bütün türk dünyası üçün tarixi əhəmiyyət kəsb edəcək».
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB