Azərbaycan və Özbəkistan ikitərəfli münasibətlərə xüsusi diqqət yetirir ŞƏRH

Prezident İlham Əliyevin cari ilin 21 iyun tarixində Özbəkistan Respublikasına dövlət səfəri zamanı Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə yaradılmış Meydanın açılışı Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə dərin hörmət və ehtiramın, xalqlarımızın əbədi dostluğunun rəmzidir.Bütün həyatını Azərbaycana xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyevə göstərilən bu dərin hörmət əslində Azərbaycan xalqına göstərilən qardaşlıq münasibətinin təzahürüdür. Ulu Öndər Heydər Əliyev daim özbək xalqına böyük sevgi ilə yanaşmış, fəaliyyəti dövründə qədim tarixi bağlılığı olan Azərbaycan-Özbəkistan münasibətlərinin yüksələn xətlə inkişafı, olduqca dərin və əhatəli olan əlaqələrin daha da genişləndirilməsi üçün böyük töhvələr vermişdir. Tarixin bir çox dövrlərində eyni dövlət birləşmələrinə daxil olmuş hər iki xalq dil və din ortaqlığı zəminində yüksək etnik-mədəni dəyərləri qardaşcasına paylaşmış, ümumşərq mədəniyyətini birgə zənginləşdirmişdir.Yaxın tariximizə nəzər salsaq görərik ki, sovet dönəmində hər iki xalq arasında çoxtərəfli əlaqələr yaranmış və mümkün olduğu qədər inkişaf etmişdir. Ötən əsrin 30-cu illərində kütləvi repres­siyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapmış, gerçək ölümdən qardaş himayəsi ilə xilas olmuşlar. Sovet imperiyasının XX əsrin sonlarında süquta uğraması Azərbaycan və Özbəkistanın dünya birliyinə müstəqil ölkələr kimi daxil olması ilə nəticələndi. Öz talelərinə sahib olmuş bu iki türk ölkəsi 30 ildən artıqdır ki, həyatın bütün sahələrində əməkdaşlığını davamlı olaraq inkişaf etdirir. Türkdilli dövlətlərin birliyinin təşəkkülü isə bu ikitərəfli prosesə mükəmməllik gətirir. Xatırladaq ki, müstəqillik dövründə ölkələrimizin diplomatik münasibətləri 1995-ci il oktyabrın 2-dən rəsmi məcrada davam edir. Azərbaycanla Özbəkistan arasın­da ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusi rol oynamaqdadır. Ölkələrimiz arasında çağdaş münasibətlərin strateji istiqamətləri məhz Özbəkistan Prezidenti İslam Kərimovun 1996-cı ildə Azərbaycana və ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfərləri zamanı müəyyən edilmişdir. Hər iki səfər zamanı olkələrimiz arasında münasibətlərin gələcək inkişafını təmin edən mühüm sənədlər imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki xalq arasın­dakı dostluq və qardaşlığın tarixi özülü ilə yanaşı, son illərdə əhatə etdiyi hüdudları da gözlərimiz qarşısında yenidən canlan­dırdı. Ümummilli lider Heydər Əliyevin türkdilli dövlətlərlə əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılması siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Özbəkistanla dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələyə daxil olması üçün bütün zəruri tədbirləri uğurla gerçəkləşdirmişdir. 2004-cü il martın 23-24-də Azərbaycan rəhbəri İlham Əliyev Özbəkistanda ilk dövlət səfərində olmuşdur. Bu səfər zamanı gələcək fəaliyyətimizin yol xəritəsi olan “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanmışdır. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə bildirilir ki, tərəflər keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini ifadə edirlər.

Azərbaycan Respublikası Preziden­tinin Özbəkistana böyük uğurla və ən yüksək rəsmi təntənə ilə keçən indiki dövlət səfəri zamanı 19 mühüm sənəd imzalanmışdır. Prezident İlham Əliyevin Özbəkistana budəfəki dövlət səfərinin gündəliyinə Özbəkistan–Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxil idi. Səfər zamanı keçirilən görüşlərdə iki dövlət arasında qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirildi. Bundan əlavə, dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi apararaq, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələlərini müzakirə etdilər. Səfər zamanı imzalanan mühüm sənədlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” xüsusi önəm daşıyır. Çünki, dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi “orta dəhliz”in əhəmiyyəti artmaqdadır. Ən əsası, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verir.Azərbaycan böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar.

Vüqar İsayev,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...