Azərbaycan və Özbəkistan birliyi xalqların və dövlətlərin inkişafına, əmin-amanlığın yaradılmasına xidmət edir ŞƏRH

Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin 21 iyun tarixində dost ölkə Özbəkistana səfəri, Daşkəndin mərkəzində Ümummilli Liderimizin adını daşıyan küçədə Heydər Əliyev Meydanının salınması, Meydanın mərkəzi hissəsində Ulu Öndərin böyük memorial kompleksinin ucaldılması dostluğun və qardaşlıq əyani ifadəsidir. Açılışda çıxış edən Azərbaycan Prezidenti Ulu Öndərə göstərilən hörmət və ehtiramı yüksək qiymətləndirərək demişdir: “Əziz qardaşım Şavkat Miromonoviçin bu təşəbbüsünə, Daşkəndin mərkəzində atam Heydər Əliyevin xatirəsinə həsr edilmiş belə gözəl guşə yaradılmasına görə ona çox təşəkkür edirəm. Küçə, meydan, barelyef, gözəl park - bunlar Azərbaycan xalqının böyük liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk, çox təşəkkür edirik və bunu özbək qardaşlarımızın bizim Ulu Öndərə, ortaq tariximizə həqiqətən qardaşcasına münasibəti hesab edirik”.

Azərbaycan-Özbəkistan ölkələrinin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Azərbaycan müstəqilliklərini bərpa etdikdən sonra - 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Özbəkistan Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb.

Onu da qeyd edək ki, Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb.2022-ci il İyun ayının 21-i tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Özbəkistan səfəri, geniş tərkibdə təşkil olunan görüşlər, vacib sahələrə aid sənədlərin imzalanması, Prezidentlərin mətbuata bəyanatlarla çıxış etmələri, Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin Azərbaycan xalqı, Ulu Öndərimiz və Prezidentimiz haqqında söylədiyi xoş sözlər, qürurverici ifadələr dövlətlər arası münasibətlərin yüksək səviyyədə olduğunu göstərməklə, bu dostluq və qardaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə bir zəmanətdir. Əlbəttə ki, qədim tarixə və mədəni irsə malik olan Azərbaycan və Özbəkistan xalqlarının bu əlaqələri gələcək münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəkdir.

Fərid Mustafayev

YAP Yasamal rayon AMEA Torpaqşünaslıq və Aqrokimya

İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...