Hacıbəylinin erməni sevgisi, yaxud yengəsi Gülüm olanın...

Bu günlərdə mətbuatdakı dostlarımdan biri telefonuma bir video göndərərək fikrimi bildirməyimi istədi. "Şuşadayam", - dedim, vaxtım olanda baxaram.

Həmin gün Yeni Azərbaycan Partiyasının qardaş Türkiyənin iqtidar partiyası - AK Parti ilə birlikdə yüksək səviyyədə təşkil etdiyi "Şuşa Bəyannaməsi"nin il dönümünə həsr olunmuş elmi-praktik konfransda iştirak edirdim.

Ölkəmizin 40-dan çox siyasi partiyasının və ictimi təşkilatların nümayəndələrinin də qatıldığı Şuşa Konfransından xoş təəssüratla Bakıya qayıdırıq.

Avtobusda konfrans barədə fikirlərimizi bölüşür, deputat həmkarlarımızla yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq dövlət büdcəsinin proqnozdan artıq əldə edilən 3 milyarda yaxın vəsaitimizin xərclər üzrə bölünməsini, iqtisadçıların dili ilə desək, büdcə profisitini müzakirə edirik.

Hamımızın ortaq fikri bundan ibarət idi ki, büdcə profisitinin böyük bir hissəsi Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldilməlidir.

Yenə telefonuma həmənki dostdan mesaj gəlir: videoya baxdınmı, keçmiş deputat həmkarınızın ölkəmizin ictimai-siyasi, sosial, iqtisadi həyatı barədə söylədiklərinə münasibətiniz maraqlı olardı.

"Kimdir keçmiş deputat həmkarım, nə söyləyib ki ?"- deyə soruşuram.

- Gültəkin Hacıbəyli, Ermənistanın sosial vəziyyəti büzdəkindən yüksəkdir, maaşlar, pensiyalar bizdəkindən çoxdur, deyib.

Ola bilməz deyirəm, ağlı başında olan birisi belə yalan söyləməz, heç ermənilər də bu qələti eləməyiblər.

- Niyə əsəbiləşirsən, "You tube" gir bax, Gültəkin Hacıbəylinin son msahibəsinə.

Açığını deyim ki, Gültəkin Hacıbəylinin personası heç zaman mənim maraq dairəmə daxil olmayıb: nə 20 il qabaq Milli Məclsdə olarkən, nə də ki, indi, xüsusi ilə, bu xanımın antimilli şuraya qoşulduqdan sonrakı performansı. Necə deyərlər, gölməçənin dərinliyini bilmək üçün suyuna balaca bir daş atmaq da kifayət edir. Gültəkin Hacıbəyli adlı "siyasi personanın" gölməçəsinə isə zaman bir neçə dəfə daş ataraq dərinliyini cəmiyyətə göstərmiş oldu.

2000-ci illərin əvvəllərində zamanın küləkləri Gültəkin adlı heç kəsin tanımadığı 27 yaşlı gənc bir müəllimənin bəxt yelkənini parlamentə daşıdı. Bitərəf olmasına baxmayaraq ona iqtidar partiyası böyük dəstək verdi, etimad göstərdi, perspektivli bir azərbaycanlı qızı kimi önə çəkdi.

Gültəkin Hacıbəyli qısa müddət ərzində Milli Məclisdə Komissiya sədrinin müavini seçildi, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü oldu, irili-xırdalı müxtəlif tədbilərə dəvətlər aldı, çıxışlar elədi, başda oturdu.

2008-ci il Prezident seçkilərində Prezidentliyə namizəd İlham Əliyevin seşki kompaniyasında fəal iştirak etdi, təbliğat dövrünün "qırmızı donlu ulduzu"na çevirildi.

Göydən tökülən şöhrətin dalınca sərvət də gəlməyə başladı... Məşhur bir nağılın personajı olan, bir zaman qırıq təknəsinin qırağında oturduğunu unutmuş balıqçı arvadı kimi, Gültəkin Hacıbəyli də böyük iddialara düşdü, - "Qızıl balıq - Azərbaycan dövləti mənim qulluqçum olsun",- dedi. Və göz acıb yumunca özünü haqq etdiyi yerdə - radikal müxalifətin ağuşunda, qırıq təknənin qırağında gördü.

O radikal müxalifətin ki, həmişə antimilli mövqe tutub, Azərbaycana düşmən qüvvələrin verdiyi tula payı tör-töküntü ilə qidalanıb, ölkədə hər şeyin pis olmasını arzulayıb, terrorçu erməni ilə əməkdaşlıq edib, müxtəlif təşkilatlara danosçuluq xidməti göstərib, qrantlar almaq üçün saxta siyasi məhbus siyahıları tərtib edib və s.

Mən deyə bilmərəm, əvvəlini yaxşı başlayan Gültəkin Hacıbəyli sonra niyə xarab oldu: ya qəzavü-qədərdən, ya da Qrossun təsirindən.

Amma fakt odur ki, 10 il sərasər Azərbaycan iqtidarının alovlu təbliğatçısı olan Gültəkin Hacıbəyli növbəti seçkilərdə parlamentə düşə bilməyəndən sonra xəyanət yolunu tutdu, siyasi oryentasiyasını Əli Kərimli tərəfə dəyişdi. Sonu da bu... Necə deyərlər: " Yengəsi Gülüm olanın başına külüm olar".

Jurnalist dostumun göndərdiyi videonu açıb izləyirəm. "YouTube" kanalında yayimlanan bir saatlıq video müsahibədə bu xanım nə qədər yalan, böhtan, şər sözlər danışır, Avropanı Amerikaya qatır, Ukrayna- Rusiya müharibəsindən kahinlik edir, bir sözlə, yeddi dərənin suyunu bir arxa axıdır.

Xanım Hacıbəylinin bu hədyanları ilə bir işim yoxdur, can yalançının, cəhənnəm Allahın!

Amma hələ 15-20 il qabaq Azərbaycanda vətəndaşların bütün hüquq və azadlıqlarının qorunduğunu, ölkəmizdə siyasi məhbusların olmadığını, hüquqi, demokratik dövlətin qurulduğunu ən müxtəlif kürsülərdən dəfələrlə bəyan edən bir insan necə və nəyin təsirindən öz fikirlərinin qatilinə çevrilir? Bir vaxtlar demokratik dəyərlərini vəsf etdiyi ölkəni necə asanlıqla totalitar, avtoritar adlandırmaq olar?

Xanım Hacıbəyli bəyəm bilmir ki, 1993- cü ildən indiyədək Azərbaycanda 78 əfv fərmanı imzalanmış, 11 aministiya qanunu qəbul edilmişdir. Bu hümanist addımlar sayəsində 50 mindən çox məhbus azadlığa qovuşmuşdur. Xanım siyasətçi sağ əlini sol döşünün üstünə qoyub deyə bilərmi onun öydüyü qərb dünyasının hansı ölkəsində bu qədər humanist aktlar qəbul edilmiş və icra olunmuşdur?

Evindən, ofisindən və ya studiyada rahat şəkildə istədiyi

KİV-ə, internet televiziyasına, yaxud sosial şəbəkə istifadəçisinə intervü verən istədiyi fikri, hətta yalan, böhtan, təhqir belə səsləndirən bir adam necə utanmadan "ölkədə media məhv edilmişdir" deyə bilir?

Bu hələ Gültəkinin güllü yalanlarının jurnal hissəsidir, kinosu daldadır.

Antimilli şuraçı xanım utanıb-qızarmadan söyləyir ki, məğlub Ermənistan sosial-iqtisadi göstəricilərinə görə bizim ölkəmizdən qabaqdadır. Bu hədyanı söyləməyi hələ heç bir erməni özünə rəva bilməmişdir.

Statistikaya nəzər salaq:

minimum əmək haqqı - Azərbaycanda 176 dollar, Ermənistanda 150 dollar.

Orta aylq əmək haqqı - Azərbaycanda 474 dollar, Ermənistanda 389 dollar.

Minimum pensiya- Azərbaycanda 141 dollar, Ermənistanda 63 dollar, yaxud bizdəkindən 2,2 dəfə az,

Orta aylıq pensiya Azərbaycanda 214 dollar, Ermənistanda 95 dollar, yaxud bizdəkindən 2,25 dəfə az.

Gültəkin Hacıbəylinin başqa bir yalanı şəhid ailələri və qazilərlə bağlıdır. Burada yalanla yanaşı, iki böyük qəbahət və günah da vardır. Əvvəla, bizim qəhrəman şəhidlərimizi və qazilərimizi işğalcı Ermənistanın ölmüş, yaxud yaralanmış hərbçiləri ilə müqayisə etmək doğru deyildir, ikincisi isə ümumiyyətlə siyasi məqsədlər üçün şəhid və qaziləri alət kimi istifadə etmək çirkinlikdir, yaramazlıqdır.

İndi gələk məsələnin mahiyyətinə. Xanım Hacıbəyli söyləyir ki, ermənilər müharibədə ölən hərbçilərinin ailələrinə daha çox qayğı göstərirlər. Fakt yox, rəqəm yox, müqayisə yenə də yox! Məsələ burasındadır ki, Ermənistanda qan pulu dedikləri sığorta haqqını dövlət deyil, qeyri-hökumət təşkilatları yığdıqları ianə hesabına verir. Vəssəlam! Nə mənzil təminatı, nə təqaüd yoxdur! Ailə başcısını itirməyə görə pensiya isə 62 dollardır. Azərbaycanda isə şəhid ailələrinə 11 min manat sığortadan əlavə birdəfəlik yardım 15 min manat, dəfn və qəbirüstünün götürülməsi, 500 manat aylıq təqaüd, mənzil təminatı, torpaq sahəsi və ümumiyytlə, 20 növ güzəşt və imtiyaz müəyyən edilmişdir.

Xanım Hacıbəylidən soruşmaq lazımdır ki, sevə-sevə təbliğ etdiyi Ermənistanda müharidə əlillərinin hansı imtiyazları vardır, 70 dollar pensiyaddan əlavə? Heç biri yoxdur!

Azərbaycan isə öz qazilərinə hər cür maddi və mənəvi təminatlar yaratmışdır: ev, maşın, motorlu araba, rəqəmsal texnologiya əsasənda çalışan ən son nəsil protezlər, xaricdə müalicə, pensiya, təqaüd, psixoloji dəstək, ümumilikdə 15 növ güzəşt və imtiyaz.

Gültəkin Hacıbəyli sevinə-sevinə söyləyir ki, Ermənistanda uşaq pulu verilir, Azərbaycanda niyə verilmir? Yenə də yalan danışır! Bilirmi yalan dediyini? Bilmirsə, biz deyək, bilsin: Bəli Ermənistanda uşaq pulu müavinəti verilir, özü də xanım Hacıbəyli dediyi kimi 100 dollar civarında. Bütün uşaqlaramı verilir? Xeyir! Bütün ailələrəmi verilir ? Yenə də xeyir! Uşaq pulu müavinəti Ermənistanda demoqrafik kollapsdan çıxmaq siyasətinə dəstək kimi təsis edilmişdir. Məqsəd çox uşaqlılığı stimullaşdırmaqdır. Və ailədə 3-cü uşaqdan başlayaraq verilir. Ermənistanda 3 və daha çox uşağı olan ailələrin sayı çoxmudur? Xeyir azdır, elə təxminən antimilli şuranın üzvlərinin sayı qədər!

Azərbaycanda isə ünvanlılıq prinsipi əsas götürülməklə 7 növ uşaq müavinəti verilir!

Gültəkin Hacıbəylinin bir saatlıq müsahibəsində bir doğru fikir, faydalı informasiya yoxdur! Yalanların içərisində necə yaşayır bu adamlar? Necə danışa bilirlər bu qıp-qırmızı yalanları?

Ədalət naminə demək lazımdır ki, Gültəkin Hacıbəylinin doğrü danışan vaxtları da olub. Həmin doğrulardan birini Gültəkin xanım "qırmızı donlu vəkil" olan zaman təxminən belə söyləmişdi:" Bu gün prezidentlik iddiasında olan, seçkiləri baykot edən insanlara üzümü tutub bir söz demək istəyirəm. Çətin və mürəkkəb şəraitdə Azərbaycan adlı bir gəminin sükanı arxasında İlham Əliyevi yox, özlərini təsəvvür etsinlər. Mən bunu təsəvvür etməyə də qorxuram"...

Bu gün sükanı arxasında təcrübəli və mətin kapitan İlham Əliyevin dayandığı Azərbaycan gəmisi böyük qürurla dünya okeanlarını fəth edir, cəsarətlə və inamla Araz çayı boyünca Zəngəzura, Naxçıvana, Qarsa doğru irəliləyir.

O gəmidə xainlərə və dönüklərə yer yoxdur!!!

MUSA URUD

Millət vəkili

Bütün xəbərlər Facebook səhifəmizdə