Azərbaycanın xarici siyasətində Özbəkistanın yeri - ŞƏRH

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunmasında ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi mühüm əhəmiyyət kəsb edir. Bu amillər Azərbaycanın milli dövlətçilik maraqlarına cavab verən səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi üçün ilkin əlverişli zəmin yaradır. Lakin mövcud ilkin potensialı və əlverişli zəmini reallaşdırmaq, onlardan maksimum bəhrələnmək beynəlxalq aləmdə cərəyan edən proseslərin ciddi araşdırılmasını, Azərbaycanın maraqlarına uyğun düşünülmüş, hərtərəfli əsaslandırılmış və bütün incəlikləri nəzərə alan addımların atılmasını tələb edirdi. Müasir dövrdə strateji inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan Respublikası dünya təcrübəsində uğurla sınaqdan keçmiş ümumbəşəri dəyərlərdən faydalanmağa çalışır, özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını və maliyyə imkanlarını cəlb edir, onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir.

Avropa ilə Asiyanın qovşağında strateji baxımdan əlverişli, mühüm geostrateji mövqeyə malik olan Azərbaycan ictimai-siyasi və mədəni-mənəvi həyatın bütün sahələrində özünəməxsus xüsusiyyətləri yaşatmaqla yanaşı, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri də əxz edərək, dünya birliyinə inteqrasiya olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq istiqamətində Azərbaycan dövləti, bir tərəfdən, dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən, beynəlxalq aləmdə qəbul edilmiş ölçülərə uyğun olaraq öz milli maraqlarını qorumaq üçün dövlətlərarası əlaqələrə girir. Bu da tamamilə təbiidir, çünki hər bir ölkənin daxili iqtisadi, siyasi və mənəvi tələbatının ödənilməsi onun dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasını və inkişafını, milli maraqlarına cavab verən xarici siyasət yürüdülməsini tələb edir.

Azərbaycan Respublikasının xarici siyasətinin mühüm istiqamətlərindən biri də türk dövlətləri ilə münasibətlərin yeni təməl üzərində qurulması oldu. Hələ ulu öndər Heydər Əliyevin vaxtilə yürütdüyü ardıcıl, uğurlu beynəlxalq siyasi fəaliyyət nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən türk dövlətləri ilə münasibətlərdə əsaslı dönüş yaranmağa başlanmışdı.

Azərbaycan Respublikasının Mərkəzi Asiyanın türk dövlətləri ilə münasibətlərinin yeni əsas üzərində qurulması ümummilli lider Heydər Əliyevin fəaliyyət istiqamətlərindən biri olmuşdur. Məlum olduğu kimi, ulu öndər Heydər Əliyev hakimiyyətə gələrkən türk dövlətləri ilə münasibətlər ürəkaçan deyildi. İkitərəfli münasibətlərdə soyuqluq hökm sürürdü. Qarşılıqlı münasibətlərdəki soyuqluq məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində tədricən aradan qaldırıldı. Mərkəzi Asiyanın türk dövlətləri ilə münasibətlərin qarşılıqlı fayda əsasında inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Bu cür əlaqələrin qurulmasında Özbəkistan Respublikasının yeri çox əhəmiyyətli idi. Belə ki, ulu öndər Heydər Əliyevin səmərəli xarici siyasət strategiyasının həyata keçirilməsi nəticəsində 1996-cı il may ayının 27-də “Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə”nin imzalanması ilə münasibətlərin yeni təməl üzərində inkişafı üçün zəmin yarandı. Həmin sənədlər iki ölkə arasında münasibətlərin inkişafına təkan verdi. İki ölkə arasında münasibətlərin normallaşması və inkişafı məhz ümummilli lider Heydər Əliyevin tarixi xidməti oldu.İki ölkə arasında münasibətlərə nəzər salsaq biz ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı cənab Prezident ilham Əliyevin yürütdüyü fəal və yorulmaz xarici siyasət strategiyasında Özbəkistan Respublikasının yeri çox böyük əhəmiyyətə malik olmasını müşahidə edə bilərik. Belə ki, cari ilin iyun ayının 21-də cənab Prezident ilham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfərinə nəzər salmaq yerinə düşər.Bu səfəri biz tarixi səfər kimi də qeyd etsək yanılmarıq.

Səfərə verilən böyük əhəmiyyət, Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə şəxsi münasibətləri, imzalanmış sənədlərin əhatəsi, həqiqətən də bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir. İki ölkə arasında imzalanan sənədlər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır. Səfər zamanı iki dövlətin liderləri qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət ayrılmışdır. Dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparmış, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələlərini müzakirə etmişlər.Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə və postpandemiya dövrünün ilk rəsmi səfərlərindən birinə təsadüf edir. Daşkənddə Heydər Əliyev meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamənin imzalanması strateji tərəfdaşlığın dərinləşdirilməsi və inkişafı istiqamətində atılan növbəti addımlardandır.

Səfər çərçivəsində iki ölkə arasında 20-yə yaxın sənədin imzalanması qarşılıqlı münasibətlərin daha dərinləşməsinə və bu dərinləşmə prosesinin birgə inkişaf çərçivəsini daha möhkəmlənməsinə xidmət edir. Bu prosesdə tə heş şübhəsiz Cənab Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin xarici siyasət kursuna sadiq qalaraq vətənimizin və xalqımızın milli maraqlarını əldə rəhbər tutaraq yürütdüyü xarici siyasət strategiyasının bir nümunəsidir. Xüsusilə qeyd etmə lazımdır ki, imzalanan sənədlər daxilində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” isə xüsusi əhəmiyyət kəsb edir. Bu sənəddə hər iki ölkənin xarici siyasətinin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub. İqtisadiyyatın ayrı-ayrı sahələri, həmçinin hərbi-texniki sahədə əməkdaşlığın uğurlu inkişafı üçün əlavə addımların atılması nəzərdə tutulub. Bütövlükdə, qarşıya qoyulan hədəflər türk birliyinin daha da güclənəcəyini təsdiqləyir.Cənab Prezident ilham Əliyev imzalanmış bəyannamənin mahiyyəti haqqında bildirmişdir ki, “Bu gün Bəyannamə imzalandı. Siyasi Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. Təbii ki, qarşılıqlı dəstək də olacaq – həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir. Bu da olacaq. Ona görə ki, bundan ötrü siyasi iradə var. Bu gün mən biz ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etmək istərdim. Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər. Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq. Bugünkü səfər buna daha bir sübutdur. Əslində, biz bu gün iqtisadi qarşılıqlı fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, humanitar sahə ilə, mədəniyyətlə bağlı məsələlər barədə danışırıq, yəni, sözün geniş mənasında bu gün bizim gələcək aktiv qarşılıqlı fəaliyyətimizin əsası qoyulur və əminəm ki, nəzərdə tutduqlarımızın hamısı yerinə yetiriləcək”.Göründüyü kimi Azərbaycanla Özəbkistan arasında əlaqələr artıq dostluq-qardaçlı prizmasında stateji tərəfdaşlı səviyyəsinə yüksəlmişdir. Bu yüksəliş özünü Cənab Prezident İlham Əliyev başda olmaqla 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Şanlı Zəfər, regionda yaranmış reallıqlar və bu qələbə və reallıqlardan doğan xarici siyasətdə dinamik inkişaf strategiyasının möhkəmləndirilməsində ehtiva etməkdədir.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə