Mərakeş qəzeti Azərbaycanın Silahlı Qüvvələr Günündən yazır

Mərakeşin nüfuzlu “Əl-İslah” qəzetində “Azərbaycan Silahlı Qüvvələri yaranma gününü qeyd edir” başlıqlı məqalə dərc olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycan Əlahiddə Ümumqoşun Ordusunun ilk nizami hərbi hissəsinin yaradıldığı, 1991-ci ilin oktyabrında isə ölkəmizin öz müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə mərkəzi siyasi hakimiyyətin zəifliyinin dövlət institutlarına, o cümlədən orduya da öz təsirini göstərdiyi və nəticədə Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu qeyd edilir.

Məqalədə, həmçinin Ermənistanın Azərbaycan Respublikasının əhalisinə qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra nizami ordu quruculuğuna başlamasından bəhs olunur.

Qəzet 2016-cı il Aprel döyüşləri, Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalması, Azərbaycan Ordusunun gözlənilməz hücumları dəf edərək Tərtər istiqamətində düşməni yüksək dağlıq ərazilərdən çıxarması, Lələtəpənin azad edilməsi barədə söhbət açır.

Qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində müasir hərbi infrastruktur yaradılıb, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, 30 illik erməni işğalından sonra Azərbaycan əraziləri azad edilib.

Oxucuların diqqətinə çatdırılır ki, hazırda bu ərazilərdə genişmiqyaslı tikinti-bərpa layihələri həyata keçirilir, işğal nəticəsində evlərini tərk etməyə məcbur olmuş məcburi köçkünlərin öz evlərinə qayıtmasının təmin edilməsi istiqamətində işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə