Tarixi səfər və strateji tərəfdaşlığın yeni mərhələsi

Bu gün bütün dünyada olduğu kimi, Avrasiya məkanında da ölkələr arasında qarşılıqlı maraqlara söykənən münasibətlərin bütün çalarları özünü büruzə verməkdədir.

Geosiyasi fəallıq artdıqca həm rəqabətdə, həm əməkdaşlıqda yeni çağırışlar meydana çıxır. Təbii ki, belə bir zamanda ölkələrin milli maraqları daha artıq özünü göstərir.Bütün parametrlərinə görə Cənubi Qafqazın lider dövləti, nüfuzlu ölkəsi olan Azərbaycan da bu mənada istisna deyil.

44 günlük Vətən müharibəsində tarixi qələbə qazandıq, yeni geostrateji reallıqlar yaratdıq. Bu mövqedən çıxış edən Azərbaycan yeni mərhələdə qarşıda duran strateji hədəflərə çatmaq üçün konkret və çox əhəmiyyətli addımlar atır. Bunların ən mühümü də dost və qardaş, o cümlədən tərəfdaş ölkələrlə bütün sferalarda əməkdaşlığı dərinləşdirməkdir. Bu baxımdan, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin böyük əhəmiyyəti var.

Özbəkistan və Azərbaycan xalqları arasında dostluq və qardaşlığın tarixi çox qədimdir. Eyni dil qrupuna, eyni dinə malik xalqlarıq, oxşar milli mənsubiyyətimiz əlaqələrimizin genişlənməsində hər iki tərəfə əhəmiyyətli dərəcədə üstünlük qazandırır. Diplomatik əlaqələrin qurulmasından ötən 27 il müddətində müxtəlif reallıqlar və iqtisadi çağırışlar müttəfiqlik münasibətlərinin dərinləşdirilməsini zəruri edir.

Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı müzakirə olunan məsələlər, səsləndirilən fikirlər, əldə olunan razılaşmalar, imzalanan sənədlər bu istiqamətdə səmərəli fəaliyyətin həyata keçirildiyini, səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını bir daha sübut edir.

İmzalanan sənədlər arasında sənaye, nəqliyyat-kommunikasiya, humanitar, həmçinin hərbi və hərbi-texniki istiqamətlərin olması bunu deməyə əsas verir ki, gələcəkdə qardaş Özbəkistanla əməkdaşlıq istiqamətində yeni-yeni fəaliyyət planları işə düşəcək. İki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq barədə Bəyannamənin imzalanması müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu Bəyannaməni iki ölkə arasında gələcək fəaliyyətimizin yol xəritəsi adlandırıb.

Eyni zamanda Özbəkistan Azərbaycanın ərazi bütövlüyünün bərpası işində hər zaman bizə dəstək olub. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Bu da öz növbəsində iki ölkə arasındakı münasibətlərin tarixində unudulmaz hadisədir. Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbə qazanmasından sonra və hazırda Avrasiyada mühüm geosiyasi proseslərin cərəyan etdiyi şəraitdə Türk dünyası qarşısında yeni perspektivlər açılıb. Azərbaycan və Özbəkistan yeni imkanlardan istifadə etməklə Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, Türk Dövlətləri Təşkilatının inkişafına və mövqeyinin güclənməsinə mühüm töhfələr verə bilərlər.

İkitərəfli görüşlər zamanı qərara alınıb ki, hər iki dövlət arasında əlaqələr intensivləşməlidir. İqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə əlaqələrin yaxşı nəticələri olacaqdır. Bu yolla ticari-iqtisadi sahədə ciddi tərəqqiyə nail ola bilərik.

Dünyadakı beynəlxalq çağırışlar nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Hərbi sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaqdır. Həmçinin ənənəvi olaraq kənd təsərrüfatı və texnoparkın inkişafı perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllində Özbəkistan yaxından iştirak edə bilər. Özbəkistanın təcrübəsi və dəstəyi ipəkçilik sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağa imkan verəcəkdir.

Qeyd etməliyik ki, işğaldan azad edilən ərazilərin bərpası işlərində döst Özbəkistan dövləti də yaxından iştirak edir. Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacaqdır. İşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi nəzərdə tutulub. Azərbaycan tərəfi bunu çox yüksək qiymətləndirir. Ölkələrimiz arasında qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Bu baxımdan Füzulidə inşa ediləcək bu məktəb də praktiki baxımdan həm də qardaşlığımızın rəmzi olacaqdır.

Aliyə Orucova

Yeni Azərbaycan Partiyası Pirallahı rayon Təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə