"Bu, əslində Ermənistanı sülhə məcbur etməyin elementidir" - DEPUTAT AÇIQLADI

"Laçında hava limanının inşası davam edir. Hazırda işğaldan azad olunmuş ərazilərdə inşa olunan hava limanıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturu həm mülki, həm də hərbi əhəmiyyət daşıyır: "Nəzərə almaq lazımdır ki, Laçında inşa olunan hava limanı Azərbaycan-Ermənistan sərhədinə və Kəlbəcərə yaxındır. Bu, hər şeydən öncə Ermənistan sərhədi boyunca mövqelərin möhkəmləndirilməsi, lazımi təchizat işlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olacaq. Ermənistanın gələcəkdə hər hansı bir təxribatları baş verərsə, Azərbaycan bu təxribatların qarşısını daha effektiv şəkildə alacaq. Prezident hər zaman qeyd edir ki, müasir beynəlxalq münasibətlər sistemində hərbi güc amili təsirli rolunu saxlamaqdadır. Azərbaycan da Vətən müharibəsindən sonra öz hərbi gücünü artırmaqdadır. Hesab edirəm ki, Laçın şəhərindən 30 kilometr uzaqlıqda yerləşən Laçın hava limanı sülh prosesinə dəstək olacaq. Bu, əslində Ermənistanı sülhə məcbur etməyin elementidir. Bu gün işğaldan azad olunmuş ərazilərdə olduqca yeni yol infrastrukturu, hava limanının inşası gələcəkdə Ermənistanın Azərbaycana qarşı təxribatlarını, ərazi iddialarından çəkindirəcək”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...