"Dövlətimiz qayıdış prosesini sürətləndirməyə çalışır" - DEPUTAT ŞƏRH ETDİ
"Ölkə başçısının Kəlbəcərə səfər etməsi, yeni yaradılan komanda birlikləri ilə birgə 26 iyun Silahlı Qüvvələr Gününü qeyd etməsi Ali Baş Komandanın ordumuza olan xüsusi diqqətidir. Prezidentin növbəti dəfə Kəlbəcərə səfəri məhz bu bayramda olması rəmzi məna daşıyır. Bildiyiniz kimi Kəlbəcərdə böyük quruculuq işləri gedir, ölkə başçısı tərəfindən istisu istirahət mərkəzinin əsası qoyuldu, həmçinin bu mərkəzin yaxınlığında istisu zavodunun da təməli atıldı ki, artıq dövlətimiz bu müalicəvi suyu ixrac edəcəkdir. Bu istirahət mərkəzi sovet dövründə məşhur obyektlərdən biri idi desək yanılmarıq". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, Respublikanın müxtəlif bölgələrindən və digər ölkələrdən bura insan axınları olurdu: "Müalicəvi kompleks yenidən bərpa olunub, əvvəlki şöhrətinə qovuşacaqdır. Bu Qarabağın turizm kapitalının artmasına səbəb olan başlıca amillərdən biri olacaq.
Cənab Prezidentin də qeyd etdiyi kimi Kəlbəcərdə 10-a yaxın tunel inşa olunur ki, bu birbaşa hərbi və müdafiə məqsədləri üçün istifadə oluna biləcək. Həmçinin, Murovdağından da gediş-gəliş daha asanlaşacaqdır. Sərhədboyu güclü müdafiə kompleksləri yaradılır. Doğrudur, müharibə bitib, bizi qarşıda sülh yolu gözləyir, lakin Ali Baş Komandanın göstərişi ilə yaradılan hərbi obyektlər Azərbaycan ordusu və torpaqlarımızın müdafiəsini daha da gücləndirib, inkişaf etdirir".
Deputat sözlərinə belə davam edib: "Eləcə də, işğaldan azad olunan digər şəhərlər kimi Kəlbəcərdə də işğal və zəfər muzeyləri yaradılır. Ağdamda da bu muzeylərin tikintisi gedir. Bütün bu quruculuq işlərinin bir məqsədi var, illərlə öz doğma yurdlarından didərgin düşmüş insanlar yurd-yuvalarında rahat, firavan həyat sürsünlər.
Torpaqlarımız işğaldan azad olunandan sonra dövlətimiz var gücüylə qayıdış prosesini sürətləndirməyə çalışır. Eyni zamanda Kəlbəcərdə Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub. Bu mərkəz Kəlbəcər rayonu ərazisində xüsusi dövlət əhəmiyyətli obyektlərin və hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması mühüm rol oynayacaqdır. Məlumdur ki, Kəlbəcər və Laçın çətin relyefə malikdir. Lakin yenə də bu dağlıq rayonlarda ən müasir elektrik şəbəkələri və yol infrastukturu qurulur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB