Paşinyanın növbəti var-gəlləri və İlham Əliyevin hazır Dəmir Yumruğu! SİYASİ RAKURS
Azərbaycan öz gündəliyini təyin edib və bu gündəlik əsasında Ermənistanın istənilən oyunbazlıqları 2020-ci ilin payızının bir daha təkrarlanmasına səbəblər yaradır
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə öz çıxışında Azərbaycana qarşı bir sıra əsassız ittihamlar irəli sürməklə iddia edib ki, guya Bakı Ermənistanla yeni müharibə etmək üçün legitimlik axtarır. Ümumiyyətlə, son vaxtlar yalnız Nikol Paşinyan deyil, həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da heç bir əsası olmayan, eləcə də regional sülhə mane olan çıxışları ilə bütövlükdə 2020-ci ilin noyabrında, həmçinin daha sonrakı dövrlərdə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri üçün çoxsaylı cəhdlər göstərirlər. Misal üçün, Nikol Paşinyanın ardınca Ararat Mirzoyan bəyan edib ki, o ATƏT-in Minsk qrupundakı həmsədrlərin “Qarabağ münaqişəsindəki” həlledici rolunun “əhəmiyyəti” barədə vurğulayır və s (?)
Lakin bu da son deyil. O, yunanıstanlı həmkarı ilə görüşü zamanı keçirilən mətbuat konfransında bildirib ki, Ermənistan “Qarabağ münaqişəsinin” tənzimlənməsində Yunanıstanın (???!!!) ATƏT-in Minsk qrupu çərçivəsindəki mandatını (?!) yüksək qiymətləndirir.
Gəlin ilk olaraq məhz Ararat Mirzoyanın sərsəm fikirləri üzərində kiçik analizimizi aparaq və nəticə hasil edərək onun, eləcə də bütövlükdə Nikol Paşinyan komandasının sözün əsl mənasında axmaqlıqlarını aşkara çıxaraq. Sual oluna bilər ki, axı Yunanıstan nə vaxtdan “Qarabağ münaqişəsinin” tənzimlənməsində hansısa rolunu oynayıb? Yunanıstanın bu məsələyə hansı aidiyyatı ola bilər? Yaxud, təkcə Azərbaycan deyil, paralel olaraq Rusiyanın xarici işlər nazirliyi də artıq dəfələrlə bəyan edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlər formatı ləğv edilib və bu faktın özü də sübut edir ki, artıq o tarixin arxivinə gömülüb.
Paşinyanın yeni müharibə ehtimalı üzərindəki simulyasiyalarına gəldikdə isə bəri başdan nəticə çıxara bilərik ki, 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 4 və 9-cu bəndləri – Qarabağdan bütün erməni silahlılarının çıxarılması, habelə Azərbaycanın Qərb regionlarının Rusiya “FSB”nin nəzarəti altında Naxçıvanla maneəsiz əlaqəsi şərtlərinə əməl edilməzsə bu faktın özü Azərbaycanın Ermənistana qarşı hərbi gücdən istifadə etməsinə kifayət qədər legitim zəmin yaradır və bunu məhz Ermənistan öz əməlləri ilə sübut edir. Və bu da son deyil!
Nikol Paşinyanın bilavasitə Azərbaycanın maraqlarına qarşı bəyanatlarının digərlərinə də diqqət yetirək. O bildirib ki, sən demə Azərbaycan “status” mövzusunu müzakirə etməyə imkan vermir və bu məsələni ərazisinə iddia kimi görür. Əlbəttə ki, Azərbaycan “status” mövzusunu da çoxdan rədd edib və əgər Ermənistan bundan sonra da bu tərzdə davam etsə onun ağzının yumulması üçün mümkün vasitələrdən istifadə edilməli olacaq. Belə ki, Azərbaycan öz gündəliyini təyin edib və bu gündəlik əsasında Ermənistanın istənilən oyunbazlıqları 2020-ci ilin payızının bir daha təkrarlanmasına səbəblər yaradır. Ermənistanın isə demək olar ki, qarşıya qoya biləcəyi heç bir siyasi resursları qalmır və bu günə qədərki manevrləri də nəticəsiz qalıb. Üstəlik, Qərbdən (Aİ və ABŞ) pənah ummaq cəhdləri də puç olur, çünki Azərbaycan və Türkiyə öz fəaliyyətlərini koordinatlaşdırılmış vəziyyətdə icra edirlər.
Başqa tərəfdən, Rusiya Paşinyanın ATƏT-in Minsk qrupu formatı ətrafındakı var-gəllərindən qeyzlənir və eyni zamanda, dəhlizin blokadadan çıxarılmasında da İrəvanın yaxasını kənara çəkməsi Kremlin İrəvan hökumətinə qarşı antipatiya hisslərini artırır.
Yeri gəlmişkən, biz Azərbaycan Prezidenti İlham Əliyevin Laçında növbəti komando hərbi hissəsinin açılışı zamanı irəli sürdüyü ən önəmli fikirləridən birini xatırlayaraq Nikol Paşiynanın odla oynamasının ona necə baha başa gələcəyini də indidən müəyyən edə bilərik – DƏMİR YUMRUQ YERİNDƏDİR!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB