26 iyun – Şanlı Azərbaycan Ordusunun yarandığı günü - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 24 ildir ki 26 iyun tarixi “Azərbaycan Respublikası Silahlı Qüvvələri günü” kimi qeyd edilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.

Tarixə nəzər salsaq görərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə Milli Ordumuzun yaradılması prosesinə başlanılıb. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Lakin, AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.

Tarixi varislik ənənəsinə uyğun olaraq da Ümummilli Liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 İyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

Ordu quruculuq siyasətinin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu gün C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci və İkinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Bu isə Ümummilli Liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Ötən əsrin 90-cı illərində torpaqlarımızın müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Bəzən başıpozuq Silahlı Qüvvələr öz mənafelərini müdafiə etməyə çalışırdılar. Lakin 1993- cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra dirçəlişə nail ola bildi. O, özünü müdafiə və könüllü batalyonları ləğv edərək vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. 1994-cü ildən etibarən Azərbaycanda nizamlı, müasir səviyyəli ordunun qurulmasına start verildi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə də uğurla davam edir. Ali Baş Komandan İlham Əliyevin qayğısı sayəsində hərbiçilərin peşəkarlığının artırılması, döyüş ruhunun yüksəldilməsi Silahlı Qüvvələrimizin müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır. Ordumuzun döyüşə hazırlıq səviyyəsinin daim yüksək olması, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə etmək bacarığı, təlim sisteminin mütərəqqi metodlarından istifadə etməsi, təhsilin və elmin günün tələbləri səviyyəsinə yüksəldilməsi Azərbaycan Ordusunun qarşısında dayanan bütün vəzifələri yerinə yetirməsinə imkan vermişdir.

ll Qarabağ müharibəsi ilə rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişlər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. Bu tarixi qələbə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Cənab İlham Əliyevin sarsılmaz iradəsi və qalib Azərbaycan Ordusunun qəhrəmanlığı və Xalqın birliyi nəticəsində qazanılmışdır.

İşğaldan azad edilmiş ərazilərdə müasir hərbi infrastukturun yaradılması işi də yüksək səviyyədə aparılır. Bunun bariz nümunəsidir ki, Ordunun peşəkarlığının artırılması üçün istənilən hərbi vəzifəni yerinə yetirə biləcək “Komando” hərbi hissəsi yaradılmışdır. İşğaldan azad edilmiş Xocavənd rayonunda yerləşən bu hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Və bu o deməkdir ki, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.

Bu gün də Azərbaycanda Silahlı Qüvvələrinin quruculuğu prosesi uğurla davam etdirilir və ordumuz sabit olaraq öz inkişaf və təkmilləşmə dövrünü yaşayır. Fəxr etməliyik ki, Azərbaycan Ordusu 55 göstərici əsasında Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sırasında yer alır. Dünyanın hərbi analitik mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil edir, ordumuzun təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir.

S.C.Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə