Partiya sədrləri Cəbrayılda minatəmizləmə prosesi ilə tanış olublar - FOTOLAR

Partiya sədrləri Cəbrayılda minatəmizləmə prosesi ilə tanış olublar - FOTOLAR

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq Cəbrayıl rayonunda ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olublar. SİA-nın xəbərinə görə, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmisi İdris İsmayılov ərazidə aparılan işlərlə bağlı iştirakçılara geniş məlumat verib.

Həmçinin Füzuli-Zəngilan (Ağbənd) avtomobil yolunda sözügedən Agentlik tərəfindən görülən işlər barədə geniş məlumat təqdim olunmuşdur. Səfər iştirakçıları, eyni zamanda, sahələrdə aparılan minatəmizləmə əməliyyatlarında mexaniki minatəmizləmə maşınların işi ilə də tanış oldular. Sahələrdə aparılan minatəmizləmə əməliyyatlarında minaaxtaran itlərin təmizləmə proseslərini də izləmək imkanı yaradılmışdır.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən verilmiş məlumatları dinləyən səfər iştirakçıları mina xəritələrinin Azərbaycana təhvil verilməməsi faktını rəsmi İrəvanın növbəti hərbi cinayəti kimi bir daha qiymətləndiriblər. Mina xəritələrindən rəsmi İrəvanın siyasi spekulyasiya məqsədi ilə istifadə etdiyini qeyd edən Administrasiyanın şöbə müdiri Ədalət Vəliyev, mövcud istiqamətdə həqiqətlərin beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması prosesində bütün siyasi partiyaların fəal iştirak etməsinin əhəmiyyətini vurğulayıb. Aparılan fikir mübadiləsi çərçivəsində qeyd olunmuşdur ki, mülki əhalinin ölümünə və insan faciəsinə səbəb olan Ermənistanın mina xəritələri ilə manipulyasiyalarına son qoyulmalı və beynəlxalq ictimaiyyət bu hərbi cinayətlərə qarşı adekvat tədbirlər görməlidir.

Daha sonra isə partiya sədrləri Zəngilan rayonuna səfərə yola düşüblər. Onlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə