Yeni müstəvidə AZƏRBAYCAN-ÖZBƏKİSTAN MÜNASİBƏTLƏRİ – TƏHLİL

Azərbaycanın bir çox ölkələrlə münasibətlərində yeni bir mərhələnin başlandığı dəfələrlə öz təsdiqini tapıb və ələlxüsus Mərkəzi Asiya ölkələri ilə ölkəmiz arasındakı münasibətlərdə canlanmanın olduğu müşahidə edilir. Bu münasibətlər əlbəttə ki, ölkələr arasında əlaqələrin daha da yaxşılaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri məxsusi olaraq diqqətə layiqdir və hər iki ölkə ictimiyyəti tərəfindən alqışlanır.

Ölkə rəhbərimizin Özbəkistana bu dəfəki səfəri strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə və çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə hesablanıb və qarşılıqlı ticarətin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsi, eləcə də qarşılıqlı dəstəyin inkişafı məsələləri ön plandadır. Bütün bunlar sözsüz ki, hər iki ölkə üçün səmərəli olacaq və gələcək perspektivlər barədə nikbin proqnozlar söyləməyə əsas verir. Ümumiyyətlə, qeyd olunan bütün məsələlər ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlığa təkan deməkdir və böyük nailiyyətlər vəd edir.

Xatırladaq ki, Azərbaycan və Özbəkistan arasında olan bağların dərin tarixi kökləri var. Əvvəla, Azərbaycan xalqı ilə Özbək xalqı eyni etnik kökə malikdir. Digər tərəfdən, xalqlarımızın din və mədəniyyət baxımından ortaqlıqları var və bu mənada Azərbaycan və Özbək xalqı arasındakı əlaqələrin, münasibətlərin tarixinin qədim dövrlərdən bəri davam etməsi tam anlaşılandır. Bu baxımdan xalqlarımız arasında dostluq ənənələrinin davam etməsi də təsadüfi sayılmır və hər iki xalqın nümayəndələrinin tarixən bir-biri ilə dostluq müasibətləri qurduqları da deyilənləri bir daha təsdiq edir. Belə münasibətləri sadaladıqca bitən deyil və dostluq münasibətlərinin bu gün də davam etməsi təbiidir. Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və gözəl parkın açılışı dosluq münasibətlərinə sadiqliyin və bu münasibətlərin davam etdirdiyinin ən parlaq nümunəsi, real təzahürüdür.

Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın tərəfində olub. BMT Baş Assambleyasında 14 mart 2008-ci il tarixində səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olan Özbəkistan Azərbaycanın mövqeyini əminliklə müdafiə edib. Ölkəmizin ədalətli mövqeyini Özbəkistan bir ölkə olaraq davamlı olaraq dəstəkləyib və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci il martın 31-də videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Qarabağın işğaldan azad edilməsi və tarixi ədalətin bərpa olunması münasibətilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanı təbrik etməsi bunun bariz nümunəsidir. Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəbin inşası istiqamətində işlərin başlanması da xüsusilə diqqətə layiqdir. Beləki, bu barədə, yəni Füzulidə məktəb inşa ediləcəyi barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2021-ci il noyabr ayında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bildirmişdi və indi həmin məktəbin inşası istiqamətində işlərin başlanması təsdiq edir ki, Özbəkistan yenə də Azərbaycanın mövqeyini, işğaldan azad etdiyimiz ərazilərdə quruculuq-abadlıq işlərini dəstəkləyir və dostluq münasibətlərinə sadiqdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dost ölkəyə bu dəfəki səfəri dövlətlərarası münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə və inkişafına güclü təkan verəcəyinə ümidləri artırır. Səfər çərçivəsində imzalanan 19 sənəd hər iki dövlət arasındakı münasibətlərin, iqtisadi, mədəni və hərbi sahədə əlaqələrin bundan sonra yüksələn xətt üzrə inkişaf edəcəyini deməyə əsas verir. Ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturunun yaradılması, Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunması ölkə rəhbəri, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrikliyi sayəsində reallaşıb və bu istiqamətdə qazanılan uğurlar imkan verir ki, Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcmi daha da artırılsın. Bu isə öz növbəsində Azərbaycan-Özbəkistan münasibətlərinin yeni müstəvidə olacağını proqnozlaşdırır. Hətta münasibətlərin, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində davam edəcəyinə də zərrə qədər şübhə yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə