Ulu Öndərin xilaskarlıq missiyası ölkəmizi nüfuzlu dövlətə çevirdi ŞƏRH

Tarixdə ölkəsinin ən çətin anlarında həyatları bahasına olsa belə dövləti qoruyub saxlayan böyük şəxsiyyətlər olmuşdur. Həmin o şəxsiyyətlərin sırasında Heydər Əliyevi xüsusi olaraq qeyd edirik. Heydər Əliyev XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş fenomenal şəxsiyyətdir. O, təkcə öz ölkəsində deyil, bütün dünyada layiqli hörmət və nüfuz qazanmış görkəmli dövlət xadimidir.Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu Vətənə xidmət nümunəsi, qürur və fəxarət rəmzidir. Ümummilli liderimizin sülhməramlı daxili və xarici siyasəti nəticəsində və xalqımızın haqq səsini dünya xalqlarına çatdırdığı üçün bu gün Azərbaycan tanınır. Azərbaycan xalqının dahilik rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Aydın görünür ki, Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya miqyasında kök atmışdır.

Ulu öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Qısa müddətdə Azərbaycanın beynəlxalq imici dəyişmiş, ölkəmiz dünyanın siyasi və iqtisadi arenasının fəal subyektlərindən birinə çevrilmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə siyasi plüralizm yaranmış, cəmiyyət əsl demokratiya yolu ilə inkişaf yoluna çıxmışdır.

Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanaraq ən çətin anlarda xalqına müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda belə Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.Bu gün hər birimiz fəxr edirik ki, Ulu Öndərimizin yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, Ali Baş Komandanımız İlham Əliyev daha da gücləndirərək davam etdirir. Cənab Prezidentimizin bu fəaliyyəti Heydər Əliyev ənənələrinə, irsinə sədaqəti bir daha təsdiqləyir. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir.Bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaq və onun “Vətən birdir və hamı bu vətən uğrunda çalışmalıdır!” fikirləri hər bir Azərbaycan vətəndaşının həyat amalına çevriləcəkdir, hər birmiz Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşadacaq, onun ideyalarını uğurla həyata keçirəcəyik.

Aytən Məmmədli

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə