Azərbaycan-Özbəkistan əməkdaşlığı yeni mərhələyə qədəm qoyur - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21-22 iyun 2022-ci il tarixində Özbəkistan Respublikasına dövlət səfəri çox böyük əhəmiyyət daşıyır. Pandemiyadan sonra Azərbaycan Prezidentinin ilk rəsmi səfərini məhz Özbəkistana etməsi təkcə iki ölkə rəhbərinin niyyətlərinin sübutu deyil, həm də xalqlarımızın qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir və iki ölkə arasında münasibətlərin gələcək hərtərəfli inkişafının əsasını qoyur. Səfər çərçivəsində Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə birlikdə Daşkənddə Heydər Əliyev Meydanının aşıliışı mərasimində iştirak etmişdir. Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə dərin hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf edir. İki qardaş ölkə arasında əlaqələrin genişlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olub.

Səfər çərçivəsində ölkələrimiz arasında mühüm sahələri əhatə edən çoxlu sayda sənədin, o cümlədən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli tərəfdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin imzalanması cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrıldığını göstərir. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılığlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə iki ölkə arasında əməkdaşlığın yol xəritəsidir. Bu Bəyannamə barədə cənab Prezident İlham Əliyev demişdir: ” Orda xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəsdəklənməsi ifadə olunub, eləcədə həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib”.

Azərbaycan Respublikasının Pezidenti İlham Əliyevin Özbəkistana səfəri, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə məhdud və geniş tərkibdə görüşü, imzalanan sənədlər və hər iki dövlət başçısının səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir.

Milli Məclisin deputatı
Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə