"Azərbyacan ordusu bizim qürurumuz, fəxrimizdir" - HƏRBİ EKSPERT AÇIQLADI

“Azərbaycanın yerləşdiyi coğrafi ərazi və regiondakı mövcud olan hərbi-siyasi mənzərə bizi vadar edir ki, davamlı olaraq güclü və böyük döyüş potensialına malik silahlı qüvvələr saxlayaq”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Onun sözlərinə görə, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan ordusunun həm regionda, həm də beynəlxalq aləmdə kifayət qədər nüfuzu möhkəmlənib: “Regionun ən üstün döyüş potensialına malik olan Azərbaycan ordusu beynəlxalq reytinqlərdə 63-cü pillədə yer alır. Azərbaycan ordusunun üstün cəhətlərindən biri də ondan ibarətdir ki, biz hərbi liseydən tutmuş akademik təhsilə qədər bütün pillələri Azərbaycan ərazisində və yeni yaradılan Milli Müdafiə Akademiyasının tərkibindəki təhsil müəssisələrində həyata keçirə bilirik.

Ordumuzun hazırkı vəziyyəti ilə bağlı onu qeyd etmək istərdim ki, ordu geniş struktura və çoxsaylı şəxsi heyətə malikdir. 26 iyun Ordu Günüdür. Bu günlə bağlı onu qeyd edə bilərəm ki, Azərbyacan ordusu bizim qürurumuz, fəxrimiz və ən əsası güvənə biləcəyimiz bir qurumdur. Məhz Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində öz gücünü bütün dünyaya tanıtdı və torpaqlarımızı işğaldan azad etdi.

Azərbaycan ordusunun gücü sarsılmazdır. Bu günlə bağlı olaraq bizə qələbəni yaşadan igid oğullarımıza, şəhid ailələrinə, müharibədə yaralananlara və iştirak edən igidlərə, Azərbaycan dövlətinə, vətəninə sədaqətlə qulluq edən hər bir hərbiçimizə uzun ömür can sağlığı arzu edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tez bir zamanda şəfa versin".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə