Ermənistanın təxribatları cəzasız qala bilməz ŞƏRH

Ermənistanın təxribatları cəzasız qala bilməz ŞƏRH

Ölkəmizdə aparılan düzgün siyasi xəttin nəticəsidir ki, bu gün Azərbaycan siyasi, iqtisadi, humanitar və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Belə ki, ölkəmizdə beynəlxalq idman yarışları, mədəniyyət tədbirləri, konfranslar ən yüksək səviyyədə təşkil olunur. Əlbəttə ki, dövlətimizin beynəlxalq nüfuzu, ölkəmizdəki siyasi mühit, sabitlik və təhlükəsiz şərait belə tədbirlərin keçirilməsi üçün başlıca amillərdəndir. 2013-cü ildən keçirilməsinə başlanan Qlobal səviyyəli Bakı Forumları da bu cür beynəlxalq tədbirlərdəndir. Ötən gün ölkəmiz artıq doqquzuncü dəfə bu tədbirə ev sahibliyi etdi. Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı əsasında yaradılmış və “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi” tərəfindən keçirilməsi artıq ənənəvi hal alan bu forumda yenə də dünyanın çox önəmli şəxsləri, 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak etdi.Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılaraq, beynəlxalq ictimaiyyətə çatdırılması və bu həqiqətlərin işıqlandırılmasından ibarətdir.Məhz “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev forumdakı çıxışında da bildirdi ki, bu forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir forumdur və biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq. Bu mənada da Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəkdir. Forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib.Cənab Prezident forumun gündəliyi ilə bağlı fikirlərini söyləyərkən son illər dünya düzənində baş verən proseslərin nəticəsində qarşıdakı illərdə yarana biləcək dünya ərzaq böhranına diqqət çəkməklə qeyd etdi ki, gündəlikdə duran məsələlərdən biri beynəlxalq institutların, aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolunun nədən ibarət olması məsələsi olacaq.

Forumdakı çıxışı zamanı dünyada bir çox sahələrdə yaranmış vəziyyətlərlə bağlı fikirlərini bildirən cənab Prezident postmünaqişə dövrü ilə bağlı regionda baş verməkdə olan reallıqlardan söz açıb, Ermənistana və onun havadarlarına da mesajlar verib. Prezident İlham Əliyev bildirib ki, “Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi.İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.

Cənab Prezident forumdakı çıxışında Ermənistanın həm Brüsseldəki razılaşmalara, həm də 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanata əməl etmədiyini bildirərək qeyd etdi ki, “Bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər”. Bu ədalətsizliyin, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həllinin gələcəkdə regionda sülhün bərqərar olmasının əsasını qoyacağını bildirən ölkə başçısı əminliklə bildirdi ki, əgər bu baş verməsə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq.Forumda ölkə başçısı tərəfindən səsləndirilən və ən diqqətçəkən məqamlardan biri də son zamanlar Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı səslənən fikirlərinə verilən cavab idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forum vasitəsilə həm Ermənistan hökumətinə həm də onun havadarlarına bildirdi ki, “Bu, tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir”. Azərbaycan Prezidentinin forumda öz fikirlərini tam və dolğun şəkildə iştirakçılara və dünya dövlətlərinə bir daha bildirməsi onu göstərir ki, Azərbaycan qonşu ölkələrin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaqla yanaşı, beynəlxalq hüququn bütün prinsiplərini dəstəkləyir.

Ramil Həsənzadə

YAP Biləsuvar rayon təşkilatı 24 saylı şəhər ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə