Rossiya 1 telekanalı baxış bucağını niyə və necə dəyişdi? ANALİTİK+AKTUAL
Rusiya TV-nin “Müttəfiq Azərbaycan” sərlövhəli reportajı Ermənistanı bir-birinə qatdı və Bakının gücünü göstərdi!
Rusiyanın Rossiya 1 telekanalının, daha dəqiq desək, Kremlin əsas təbliğatçılarından biri olan Dmitri Kiselyovun “Vesti nedeli” (Həftəlik xəbərlər) proqramında “Müttəfiq Azərbaycan” sərlövhəli reportajında paytaxt Bakıdan, Şamaxıdan, Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblərin uğurlu fəaliyyətindən, ölkəmizdə yaşayan rus vətəndaşlarımızdan, onların Azərbaycana olan sarsılmaz bağlılıqlarından, Formula 1 yarışmasından, eləcə də 30 illik erməni işğalından azad edilmiş Qarabağ şəhərlərimiz- Füzulidən və Şuşadan reportaj hazırlaması açığını desək gözlənilməz oldu. Çünki buna qədər Rusiyanın digər bir neçə TV kanalları daxil, məhz bu telekanalında istər 44 günlük müharibə dövründə, istərsə də sonrakı müddətdə anti-Azərbaycan xarakterli informasiyalar yer alırdı.










RİA Novosti-yə və Simonyanın “Sputnik”inə verilən qulaqburmaların nəticələri?
Xüsusilə, Skabeyevanın, Solovyovun və s. bu tipli aparıcıların sözügedən kanal vasitəsi ilə açıq-aşkar erməni mövqeyindən çıxış etmələri Azərbaycan cəmiyyətində haqlı hiddət və iradlar doğururdu. Üstəlik, Rusiyanın televiziya və media məkanında özlərinə yer etməyi bacarmış erməni politoloqları, habelə baş redaktorları əllərinə düşən hər fürsətdə təxribatçı xarakterli informasiyaları ilə, əslində, iki ölkə arasında olan münasibətlərə necə deyərlər, pəl vurmaqda idilər.

Misal üçün, Kremlin daha bir informasiya təbliğatçısı - RİA Novostinin reportyorları bir müddət əvvəl Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərinə məhz Ermənistandan üzərindən qanunsuz səfər etmələri ilə erməni separatçılarından müsahibələr almış, bilavasitə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə xələl vuran reportajlar təqdim etmişdilər.

Məhz Azərbaycan tərəfinin sərt və kəskin etirazından sonra həmin müsahibə və reportajlar RİA Novosti xəbər agentliyinin lentindən çıxarıldı. O cümlədən, Marqarita Simonyanın rəhbəri olduğu “Sputnik” xəbər agentliyinin Azərbaycan bürosunda çalışan səlahiyyətli şəxsləri də sözügedən qalmaqallardan sonra ölkəmizdəki fəaliyyət müddətlərinin uzadılmasına icazə verilmədi.

Ehtimallar var ki, Rusiyanın erməni lobbisinin təsiri altında olan media qurumlarına Kremldən də qulaqburması verildi və anti-Azərbaycan xarakterli buraxılışların, informasiyaların ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərini korlaya biləcəyi özəlliklə nəzərə alındı.
Rusiyaya regional cəhətdən güclü və siyasi-iqtisadi təsir dairəsi geniş olan Azərbaycanla münasibətlərini korlamaq, ümumiyyətlə, sərf etməzdi
Beləliklə, bütün bu kimi olayların daha bir tərəfinin də olduğu danılmazdır, bu, əlbəttə ki, məhz Bakının lazım olan anda müvafiq, operativ tədbirlər görməsi, habelə milli-dövlətçilik maraqlarımıza qarşı yaranan istənilən təxribatçı əməllərə layiqli cavab verməsi faktorudur. Təbii ki, bütün bunlardan sonra Rusiyanın üst dairələri də anladılar ki, yenicə, cəmi 4 ay əvvəl - cari ilin fevral ayında imzalanmış ikitərəfli müttəfiqlik bəyannaməsi ciddi deformasiyaya uğraya bilər. Əlbəttə ki, bu gün dünya birliyi tərəfindən çoxsaylı iqtisadi sanksiyalarla üz-üzə qalan Rusiyaya regional cəhətdən güclü və siyasi-iqtisadi təsir dairəsi geniş olan Azərbaycanla münasibətlərini korlamaq ümumiyyətlə sərf etməzdi. Habelə, bu gün Azərbaycan nəinki Rusiya üçün, eləcə də digər regional və sərhədlərdən kənar ölkələr üçün əhəmiyyətli amil kimi qiymətləndirilməkdədir. Belə olan halda situasiyanı media vasitəsi ilə gərginləşdirməkdənsə, onu yoluna qoymaq daha məqsədəmüvafiq olardı.
Görünür, Rusiyanın üst dairələri artıq həmin gerçəkliyi qəbul ediblər və söz yox ki, Azərbaycanın iradlarından nəticə çıxarmaqla siyasi media platformasındakı baxış prizmalarını dəyişmək məcburiyyətində qalıblar. Bu baxımdan, Rossiya 1 telekanalının hər şeyi yenidən başlamaq və münasibətləri yalnız müsbət məcrada inkişaf etdirmək siyasəti ortaya qoyuldu.
Rossiya 1 telekanalı ilk addımını atdısa, Ermənistan da ona verilmiş vaxtın bitdiyini anlamaqla bu zəmindən çıxış etməyə məhkumdur
Əlbəttə ki, bu reallıq Ermənistandakı dairələri ciddi şəkildə yerindən oynatdı. Artıq ölkə mediasında, habelə sosial şəbəkələrində səsli-küylü anti-Rusiya ritoriakaları yer alır, ölkədə yayımlanan Rusiya TV-lərinin fəaliyyətlərinin dayandırılması tələb edilir və s.

Erməni tərəfi əllərində “bayraq” kimi müttəfiqlik məsələsini önə sürürlər, amma unudurlar ki, onlardan fərqli olaraq Azərbaycan daim öz müttəfiqlərinə qarşı etibarlılıq prinsipini ön götürüb və əbəs deyil ki, Kiselyovun proqramında “Azərbaycan Rusiyanın etibarlı müttəfiqidir” ifadəsi xüsusilə vurğulanır, eyni zamanda, reportajın başlığı da bunu əks etdirir - “Müttəfiq Azərbaycan”.
Beləliklə, reallıq həm də ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan səbrlə, təmkinlə və çox güclü diplomatik vasitələrlə, uğurlu xarici siyasət tandemi ilə regionda yeni çağırışlara imza atmağa nail oldu və bu çağırışlar həm də regional siyasi-iqtisadi vəziyyətin də sülhə, inkişafa doğru dəyişdirildiyini sübut etdi. Əlbəttə ki, bundan sonra hər şey yalnız tərəqqi və inkişaf zəminində istiqamət alacaq və əgər bu gün Rossiya 1 telekanalı ilk addımını atdısa Ermənistan da ona verilmiş vaxtın bitdiyini anlamaqla bu zəmindən çıxış etməyə məhkumdur. Əlbəttə, əgər Ermənistanın revanşist qrupları, həm də iqtidarındakı ayağısürüşkən başbilənləri hələ də öz köhnə havalarını çalmaqda davam edəcəklərsə, bu onların siyasi sonluqlarının deyil, bütövlükdə ölkə kimi varlıqlarının yekunu ola bilər. Hər halda faktlar, dəlillər və bu fonda cərəyan edən hadisələr də hər şeyi bütün çılpaqlığı ilə göstərməkdədir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB