“ABŞ-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edəcək” - POLİTOLOQ AÇIQLADI
“Bu gün Azərbaycan-ABŞ münasibətlərinin hansı səviyyədə olmasının kökü Azərbaycanın müstəqillik qazandığı ilk dövrdən başlayır. ABŞ-ın Azərbaycanı müstəqil dövlət kimi tanıması, daha sonra ABŞ və Azərbaycanın birgə iştirakı ilə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması, ABŞ-ın enerji şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi, ABŞ-ın Azərbaycana Xəzər regionunda əsas, etibarlı müttəfiq kimi yanaşması, Azərbaycanın NATO ilə əməkdaşlığı ABŞ-Azərbaycan əlaqələrinin sürətli şəkildə inkişaf etməsini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, əlbəttə hər bir dövlətlərdə olduğu kimi Azərbaycan və ABŞ arasında da müəyyən məsələlərdə fikir ayrılıqları mövcuddur: “Buna baxmayaraq, tərəflər arasında sağlam təmələ dayanan münasibətlər formalaşıb. Əlbəttə ABŞ-ın Azərbaycana marağı həm də regional aspektdən dəyərləndirilə bilər. Azərbaycanın tutduğu mövqe dünyada balanslı siyasət və bu siyasətin təsir imkanları və s. məsələlər ABŞ-ın diqqətini cəlb edən məsələlərdir. Son dövrlərdə Rusiya ilə Ukrayna arasında baş verən proseslər, Rusiyanın işğalçılıq siyasəti, Avropa ilə enerji böhranı yaşaması ABŞ-ın Azərbaycana marağını daha da artırır. Bu gün bu maraq getdikcə dərinləşməkdədir. Məhz bunun səbəbidir ki, bir neçə gündən bundan öncə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ağ Evdə qəbul edildi. Bununla ABŞ-Azərbaycan münasibətlərində yeni bir səhifə açıldı.
Digər bir tərəfdən isə ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi 30 ilə yaxın bir müddətdə Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində fəaliyyət göstərib. Bu da ABŞ-Azərbaycan münasibətlərinə təsir edən amillərdən biridir. Ümumilikdə isə ABŞ-Azərbaycan münasibətləri siyasi iqtisadi regional qlobal aspektlərdən dəyərləndirilə bilər. İkinci Qarabağ müharibəsindən sonra artıq tərəflər arasında yeni mərhələ başlayıb. Bu gün regionda ABŞ-ın Azərbaycana ehtiyacı var. Bu baxımdan düşünürəm ki, ABŞ-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edəcək”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB