"Paşinyanın sülhə getməyindən başqa çıxış yolu yoxdur" - MÜSAHİBƏ

"Paşinyanın sülhə getməyindən başqa çıxış yolu yoxdur" - MÜSAHİBƏ

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə SİA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Bu günlərdə bütün diqqət Bakıya yönəlib. Bildiyimiz kimi IX Qlobal Beynəlxalq Bakı Forumu keçirilib. Ümumiyyətlə bu forumun əhəmiyyəti nədən ibarətdir?

- IX Qlobal Beynəlxalq Bakı Forumu bütün dünya ictimaiyyətinin diqqətindədir. Bildiyimiz kimi forumda 50 dövlətin 300-ə yaxın nümayəndəsi iştirak edib. Forumda ölkə başçısı Prezident İlham Əliyev də iştirak etdi. Hazırda dünya nizamının pozulduğu bir dövrdə yaşayırıq. Prezident çıxışı zamanı bu nizamın qorunub saxlanılmasında rolu, beynəlxalq təşkilardakı rolu, həmçinin post-müharibə dövründə Cənubi Qafqazda sülhün bərqərar olması və sülhün dünya nizamına töhfə verə biləcəyini qeyd etdi.

- İyun ayının 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Şuşa bəyannaməsinin birinci ildönümünə həsr edilmiş beynəlxalq konfrans keçirildi. Konfrans dünyaya hansı mesajları vermiş oldu?

- Bildiyimiz kimi Şuşa bəyannaməsinin birinci ildönümüdür və bu cür möhtəşəm keçirilməsi arzuolunan idi. Türkiyə dövlət rəsmilərinin sözügedən konfransa qatılması, çıxış etməsi dünyaya bir mesaj idi. Bəyannamənin bir illiyinin qeyd edilməsi düşmənlərimizə bir növ gözdağı, dostlarımıza isə sevinc və qürurverici bir hissdir. Bildiyimiz kimi post-müharibə dövründən sonra Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınır. Bu baxımdan cənab Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubda Azərbaycanın sülh istəyi çağırışları var idi. Əks halda sülh istəməyən revanşistlər yenə də ərazi iddiaları ilə çıxış edəcək və sülhə xələl gətirəcəklərsə, Azərbaycan tərəfindən növbəti zərbəni alacaqlar.

Türkiyə qardaş dövlətdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi "bir millət, iki dövlətik". İki dövlətin arasında olan ən yüksək səviyyə müttəfiqlik səviyyəsidir. 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Azərbaycana mənəvi, diplomatik cəhətdən kömək edirdisə, artıq Şuşa bəyannaməsindən sonra lazım gələrsə, hərbi cəhətdən Azərbaycanın yanında olmaq öhdəliyi var. Bu baxımdan hesab edirəm ki, Şuşa bəyannaməsi düşmənlərimiz üçün bir növ gözdağıdır.

- Türkiyə-Azərbaycan əlaqələri daima inkişaf edən və heç bir digər ölkələrarası münasibətlərə bənzəmir. Bunun səbəbini necə izah etmək olar?

- Müstəqillik dövründən sonra Türkiyə ilə Azərbaycan əlaqələri tamamilə öz inkişafının pik həddinə çatıb. Biz bir millətik. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra siyasi xadimlərimiz Türkiyəyə sığındılar. Türkiyə bizim həmişə ümid yerimiz olub. Bu baxımdan biz Türkiyə ilə münasibətlərdə həmişə maraqlı olmuşuq. Əvvəlcədən də Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər yaxşı idi. Amma 44 günlük Vətən müharibəsindən sonra bu münasibətlər daha da möhkəmləndi. Şuşa bəyannaməsi həmçinin bizim gələcək təhlükəsizliyimizin qarantıdır.

- Ermənistan müxalifəti İrəvanın mərkəzindəki “inqilab çadırları”nı sökdü. Sizcə, bir aydan çox etiraz aksiyaları keçirən müxalifət Baş nazir Nikol Paşinyanı niyə devirə bilmədi? Ümumiyyətlə hədəf onu devirmək idimi?

- Hesab edirəm ki, Nikol Paşinyanın Brüssel səfərindən öncə aprelin 5-də Ermənistan daxilində başlayan iğtişaşlar aprelin sonlarından etibarən daha yüksək səviyyədə inkişaf etməyə başladı. Təbii ki, müəyyən qüvvələr Paşinyanı devirmək istəyində idi. Amma güc nisbətini də ölçürdülər. Çünki Paşinyan müharibədən 6 ay sonra baş tutan seçkilərdə 50%-dən yuxarı səs toplamışdı. Bu baxımdan aksiyalara nəzər yetirsək, görərik ki, meydanda 7-8 min insan olur. Bu nisbət hakimiyyəti devirmək gücündə deyil. Onlar daha çox təzyiq etməklə erməni siyasi hakimiyyətini gələcəkdəki bağlanacaq, imzalanacaq müqavilələrdə güzəştə getməməyə məcbur edirdi. Artıq aksiya çadırları sökülməyə başlayıb. Onlar ilkin olaraq siyasi hakimiyyəti dəyişmək adı ilə küçələrə çıxsalar da, sosial təbəqənin aksiyaçılara kifayət qədər dəstək verməməsindən bu aksiyalardan təzyiq kimi istifadə etməyə başladılar.

- Bundan sonra Paşinyan tərəfindən hər hansı bir cəsarətli addımın atılacağını gözləmək olarmı?

- İyunun 15-də Paşinyan bildirdi ki, ondan əvvəl hakimiyyətdə olan Köçəryan və Sarkisyan cütlüyü ATƏT-in Minsk Qrupu ilə görüşlər çərçivəsində Qarabağın Azərbaycanın tərkibində olması ilə bağlı məsələlərdə ciddi müqavimət göstərməyiblər, əksinə onlar razılaşıblar. Bu, artıq bir mesajdır ki, Qarabağ Azərbaycanın ərazisidir. Burada hər hansı bir statusdan söhbət gedə bilməz. Paşinyanın sülhə getməyindən başqa çıxış yolu yoxdur. Bunu Paşinyan öz çıxışlarında da qeyd edir.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə