Azərbaycan-Türkiyə birliyi fonunda "Şuşa Bəyannaməsi"nin siyasi-strateji əhəmiyyəti ŞƏRH
2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır.
“Şuşa Bəyannaməsi”ndə Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanmasının, Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoyulmasının, torpaqlarını işğaldan azad etməsinin, tarixi ədalətin zəfər çalmasının və beynəlxalq hüququn bərpasının təmin edilməsinin təsbit olunmasının böyük əhəmiyyəti var. Azərbaycan və Türkiyənin Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklərini bəyan etməsi regionda yeni imkanlar açır. İki ölkənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən etmələrini bildirmələri də tarixi əhəmiyyət daşıyır. Bu sənəd çoxtərəfli formatda da əməkdaşlığı nəzərdə tutur. Ən başlıcası odur ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir‑birinə BMT nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq. Sənəd hər iki ölkənin ordu quruculuğunda da müstəsna rol oynayır. İki ölkənin dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq etmələri, qarşılıqlı müdafiə sənayesi texnologiyaları inkişaf etdirmələri, sahib olduqları silah və sursatla təchiz etmələri dövlətlərə əlavə güc verəcək. Azərbaycan və Türkiyənin həyata keçirdikləri beynəlxalq layihələrin dəstəklənməsi dövlətlərin mövqelərini möhkəmləndirir. Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan – Qars dəmiryolunun tikintisinin iki ölkə arasında nəqliyyat‑kommunikasiya əlaqələrinin intensivləşməsində böyük rol oynayacaqdır. Bundan əlavə, bəyannamədə Azərbaycan Respublikasının Türkiyə Cumhuriyyətinin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləməsi və Türkiyənin terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəklədiyinin bildirilməsi də vacib məqamlardan biridir.
Göründüyü kimi, Şuşa Bəyannaməsi indiyə qədər iki ölkə arasında mövcud əlaqələrdən daha geniş sahələri əhatə edir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında mövcud olan münasibətlərdə "Şuşa Bəyannaməsi"nin tarixi və strateji önəmi hüquqi, hərbi və siyasi baxımdan xüsusilə böyük əhəmiyyətə malikdir. Belə ki, artıq Azərbaycan nəinki Qafqazda, həmçinin regionda siyasi-iqtisadi güc dividenti qazanmaqla, modern ordu quruculuğu ilə müstəqillik tariximiz dövründə ən yüksək səviyyəyə nail olmaqla yanaşı, lider dövlətlər sırasıda özünəməxsus yer tutmuşdur. Artıq 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yeni reallıqlar yaratdığının şahidi oluruq və dövlətimiz "Şuşa Bəyannaməsi" vasitəsilə yeni mərhələyə qədəm qoydu. Təbii ki, iki ölkə arasında bu cür pik həddə çatan münasibətlərin qurulmasında, Azərbaycanı güclü dövlət kimi formalaşmasında və regionun söz sahibi etməsində nüfuzlu dövlət xadimi, Cənab Prezidentimiz İlham Əliyevin çox böyük rolu vardır.
Vasif Nəbiyev
YAP Yasamal rayon təşkilatının məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB