"Rusiya regiona nəzarət imkanlarından məhrum olmaq istəmir" - POLİTOLOQ BİLDİRDİ

"Rusiya regiona nəzarət imkanlarından məhrum olmaq istəmir" - POLİTOLOQ BİLDİRDİ

“Lavrovun Ermənistana səfərindən sonra Bakıya gələcəyi gözlənilən idi. Çünki Rusiya öz fəallığını göstərmək və regionla bağlı itirdiyi vasitəçilik təşəbbüsünü bərpa etmək istəyirdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə Rusiyanın Cənubi Qafqazda fəallaşmasının səbəbləri var: “Kremlin Ukrayna ilə müharibəyə başı qarışdığına görə Avropa İttifaqının Bakı ilə İrəvan arası da vasitəçilik təşəbbüsünün artdığını və effektli olduğunu görür. Bu da Moskvanı narahat edir. Çünki Rusiya regiona nəzarət imkanlarından məhrum olmaq istəmir. Rusiyanın istəyi istənilən danışıqlarda və əldə olunanrazılaşmalarda öz vasitəçiliyinin ön planda olmasıdır. Bu Rusiyaya həm təzyiq imkanlarını saxlamaq, həm də istənilən vaxt prosesləri saxlamaq imkanı verə bilər. Digər tərəfdən isə Rusiya savaşla bağlı Azərbaycan və Ermənistandan konkret mövqe öyrənmək istəyir. Məlumdur ki, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu da təbiidir. Çünki biz Azərbaycan olaraq uzun illər ərzində işğaldan və separatizmdən əziyyət çəkən ölkə olmuşuq. Bu baxımdan da Ukraynanın indiki məqamda düşdüyü durumu kifayət qədər başa düşürük. Rusiya isə təbii olaraq Azərbaycanı öz tərəfinə çəkmək üçün yollar axtarır. Son dövrlərdə istər Lavrovun açıqlamaları, istərsə də sülhməramlıların qeyri-qənaətbəxş davranışları birbaşa Azərbaycana təzyiq məqsədi daşıyır. Təbii olaraq da Azərbaycanın buna haqlı etirazları olur. Düşünürəm ki, bu səfər çərçivəsində sadalanan istiqamətlərdə də hansısa danışıqlar aparılacaq. Rusiya yenə də Lavrov vasitəsilə Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesini dəstəklədiyini və bu prosesə dəstək verməyə hazır olduğunu bəyan edəcək. Amma düşünmürəm ki, Rusiyanın hər hansı bir rəsmisinin bu istiqamətdə səsləndirdiyi bəyanatların səmimi olduğunu düşünmürəm. Çünki biz dəfələrlə Rusiya tərəfinin bir bəyanatla çıxış edib başqa hərəkətlərinin şahidi olmuşuq. Lavrovun apardığı danışıqlarda da heç şübhəsiz ki, Rusiyanın regionla bağlı öz geosiyasi maraqları dayanacaq. Bunları nəzərə alaraq Lavrovun Bakıya səfərinin ciddi nəticə verəcəyinə inanmıram. Rusiya bu cür səfərlərlə sadəcə olaraq öz fəallığını göstərmək və regionla bağlı itirdiyi vasitəçilik təşəbbüsünü bərpa etmək istəyir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə