“Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri region üçün sülh və sabitlik mənbəyidir” AÇIQLAMA

“Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri region üçün sülh və sabitlik mənbəyidir” AÇIQLAMA

“Azərbaycanla Türkiyənin strateji müttəfiqliyi heç bir ölkəyə qarşı yönəlməmişdir. Yeganə məqsədləri, istəkləri regionumuzda, bütövlükdə Qafqazda sülh və sabitlik yaradılmasına nail olmaqdır”. Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, 5 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə Azərbaycan dövlətinin tarixində dərin iz buraxmış və xalqımızın yaddaşında əlamətdar gün kimi daim qalacaqdır: “ Şuşa Bəyannaməsinin imzalanmasından ötən bir il göstərdi ki, o, Azərbaycanımızın suverenliyinin, ərazi bütövlüyünün təminatçısı kimi xüsusi əhəmiyyət daşıyır. Bu Bəyannamə bəzi bədxah qonşularımızı, eləcə də Fransa, ABŞ kimi ermənipərəst dövlətləri Azərbaycana qarşı dost olmayan münasibətlərini korrektə etməyə məcbur etmişdir. Məsələn, İranın Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci ildə imzalanmış, Zəngəzur dəhlizinin açılmasını da nəzərdə tutan, üçtərəfli sazişə mənfi münasibəti məlumdur. Zəngəzur dəhlizinin açılmasında maraqlı olmayan İran bəyan etmişdi ki, o, regionda sərhədlərin dəyişdirilməsinin əleyhinədir və buna imkan verməyəcəkdir. Hətta müxtəlif bəhanələrlə İran Azərbaycan sərhədinə qoşun da yeritmişdi. Ancaq Şuşa Bəyannaməsinin imzalanması İran üçün soyuq duş effekti yaratdı. Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişən İran öz ərazisindən keçməklə Azərbaycanın Qərb regionu ilə Naxçıvan arasında əlaqə yaradılmasına imkan verən dəhlizin öz ərazisindən keçməsi üçün Azərbaycanla müvafiq anlaşma imzalamaq qərarına gəldi. Şuşa Bəyannaməsi imzalanandan sonra qatı ermənipərəst mövqeyi ilə seçilən Fransanın, eləcə da ABŞ-nın Azərbaycanın mövqeyini müəyyən dərəcədə nəzərə alan siyasət yeritdiyinin şahidi oluruq. Fərrux kəndi ətrafında baş verən hadisələr göstərdi ki, Rusiya da Azərbaycanın mövqeyi ilə razılaşmaq məcburiyyətindədir. Nala-mıxa vurmasına, bəzi xarici qüvvələrin, xüsusilə də Rusiyanın, qızışdırıcı mövqeyinə baxmayaraq Ermənistan da gec-tez reallıqla barışmalı olacaqdır və bunun bəzi simptomları hiss edilməkdədir və s”.

T.Qənioğlu onu da bildirdi ki, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla yanaşı Türkiyə üçün də xüsusi əhəmiyyət daşıyır və Türkiyə bu Bəyannaməyə xüsusi əhəmiyyət verir: “15 iyun 2022-ci ildə Şuşa şəhərində YAP ilə Türkiyənin AK Partisinin birgə təşkilatçılığı ilə, Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın keçirilməsi buna bariz nümunədir. Konfransın işində Türkiyə tərəfindən AK Parti sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, İzmir millət vəkili, Türkiyəni keçmiş Baş Naziri cənab Binəli Yıldırımın rəhbərliyi ilə yüksək səviyyəli nümayəndə heyətinin iştirakı Türkiyənin Şuşa Bəyannaməsinə verdiyi önəmi bariz şəkildə bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan tərəfindən konfransda Azərbaycan Respublikası PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, cənab Ədalət Vəliyevin, şöbə əməkdaşlarının, Azərbaycanda fəaliyyət göstərən siyasi partiya sədrlərinin, YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərliyi ilə partiya təmsilçilərinin, millət vəkillərinin, eləcə də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Mədəniyyət nazirlərinin, Xarici İşlər Naziri müavininin iştirakı da dövlətimiz bu konfransa xüsusi əhəmiyyət verdiyini göstərdi. Şuşa şəhərində yüksək səviyyədə keçirilmiş konfransda həm Türkiyə, həm də Azərbaycan təmsilçilərinin çıxışları, söylədiyi fikirlər bir daha dünyaya, xüsusilə də bədxahlarımıza göstərdi ki, Azərbaycan və Türkiyə birlikdədir, bir yerdədir və bu, daim belə olacaqdır! Konfrans bir daha göstərdi ki, Azərbaycanla Türkiyənin strateji müttəfiqliyi heç bir ölkəyə qarşı yönəlməmişdir, yeganə məqsədləri, istəkləri regionumuzda, bütövlükdə Qafqazda sülh və sabitlik yaradılmasına nail olmaqdır! Məqsəd bəllidir, hədəf bəllidir! Buna mane olmaq istəyənlər bir daha düşünsünlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə