"Şuşa bəyənnaməsinin siyasi və tarixi əhəmiyyəti var" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Şuşa bəyənnaməsinin siyasi və tarixi əhəmiyyəti var" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan və Türkiyə təkcə eyni dilə, eyni soykökə, eyni dinə, eyni tarixə və eyni mədəniyyətə malik iki ölkə deyil, həmçinin iki qardaş, iki dost, iki müttəfiq dövlətlərdir. Qardaşlıq, səmimi müttəfiqlik səviyyəsinə görə Azərbaycan-Türkiyə əlaqələrinin ümumiyyətlə bənzəri yoxdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, keçən il iyunun 15-də Şuşada imzalanan Bəyannamə isə bu dost və qardaşlığın yeni tarixi mərhələyə qədəm qoyduğunu bütün dünyaya bildirən çox vacib bir ismarıc idi: "Heç şübhəsiz ki, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti vardır. Bəyannamənin əhəmiyyəti haqqında danışarkən onu qeyd etməliyəm ki, orada əksini tapmış məsələlər indiyə qədər Azərbaycan və Türkiyə arasında olan onsuz da kifayət qədər yaxşı münasibətləri keyfiyyət və həcm baxımından yeni mərhələyə daşımaq üçün hər iki ölkəyə xeyli imkanlar tanıdı. Məlum olduğu kimi Şuşa Bəyannaməsi ölkələr arasındakı münasibətlərdə elə bir sahə yoxdur ki, onları əhatə etməsin. Bəyannamə özündə siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə əməkdaşlığı ehtiva edir. Bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer alır.

Şuşa Bəyannaməsi həm də Türkiyə və Azərbaycanı Cənubi Qafqazda sülhün və əmin-amanlığın ortaq qarantına çevirdi desəm yəqin ki, səhv etmərəm. Bundan sonra regionda hərbi-siyasi güc göstərmək istəyənlər artıq ciddi şəkildə düşünməli olacaqlar. Bəyannamədə qeyd olunan: "...Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur" müddəası erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır və Azərbaycan qarşı məkrli planları olan istənilən qüvvəyə bundan sonra Azərbaycanla yanaşı qarşılarında Türkiyəni də görəcəklər mesajını verir.
Keçən bir il ərzində hər iki dövlətin bir-birinə verdikləri dəstək isə Şuşa bəyannaməsində nəzərdə tutulan məsələlərə dair əməkdaşlığın kağız üzərində qalmadığının ən bariz sübutudur. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidentinin “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” mesajı bu gün də aktualdır. İşğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasında Türkiyənin verdiyi dəstək, türk şirkətlərinin bu prossedə aktiv iştirakı göz önündədir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə