15 iyun – Milli Qurtuluş Günü... 15 iyun – Şuşa Bəyannaməsinin imzalandığı gün... Bu 15-lərin hər ikisi Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir. 1993-cü ilin 15 iyunu... 2021-ci ilin 15 iyunu. Bu möhtəşəm tarixlərin hər ikisi bir ailə, onun görkəmli nümayəndələrinin bu xalq üçün misilsiz xidmətlərinin bəhrələridir. Ümummilli liderimiz Heydər Əliyev əgər 30 ilin əvvəlində Azərbaycanın xilası üçün xalqın tale payına çevrilmişdirsə, cənab İlham Əliyev 30 ilin 17 ilinin gərgin mübarizələrindən sonra Azərbaycanın gözü olan Qarabağın xilaskarına çevrildi. Tariximizə Zəfər yazıldı. Bu Zəfərin ardınca Şuşa Bəyannaməsinin imzalanması isə Zəfərimizə Zəfər qatan ikinci qələbəmizdir.
Qayıdışdan QURTULUŞA
Bu qayıdış mütərəqqi bir qayıdış idi. Böyük bir xalqın xilasına, var olmasına, müstəqil yaşamasına qayıdış idi. Bu qayıdış 1990-cı ildə ulu öndərimizin Moskvadan Naxçıvana qayıdışı idi. O qayıdış ki, qısa zaman kəsiyində Qurtuluşa aparan yol olacaqdı. Naxçıvandan başlanan yol bütütn Azərbaycanın xilası, sabahı, gələcəyi olacaqdı.
Artıq həmin dövrdə Naxçıvandan müstəqilliyə doğru addımlar atılırdı. 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri götürüldü, Naxçıvan Muxtar Respublikası adlandırıldı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Eyni zamanda, Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq Ali Sovet bunu etmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqının saxlanmasına dair referendumda ovaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında isə yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olunarkən məsələ ilə bağlı çıxış edən ulu öndər deyirdi: "Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır..."
1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilməsi heç də keçmiş Sovetlər İttifaqı rəhbərliyinin nüfuzlu simasının kiçik bir əyalətə rəhbər seçilməsi deyildi. Bu, Azərbaycanı çox yaxşı bələd olduğu ittifaqın caynağından qoparmaq üçün yolun başlanğıcı idi. Naxçıvanda yaşadığı halda Azərbaycanı idarə etmək qabiliyyətinin, xalqın müstəqillik arzusunu reallaşdırmaq bacarığının, tarixi sənədlərin qəbulu və həyata keçirilməsi əzminin nümayişi idi.
Azərbaycan 30 ilin əvvəlində müstəqillik uğrunda mübarizəyə qoşulan, elə buna görə də sosial-iqtisadi gərginliyə sürüklənən, səsini çıxarmasın deyə başına min bir oyunlar açılan ölkə idi. “Azadlıq, azadlıq...” çağırışları, mücadilələri qarşılığında torpaqları işğal olunan bir xalq idi. Paytaxtınadək şovinist əllərin, yırtıcı düşüncələrin uzandığı ölkə idi. Çünki isanlar müstəqillik, azadlıq istəyirdi. Bu isə heç də təbii qarşılanmır, xalq azadlıq deyənin dilinin kəsilməsi, müstəqillik istəyənin ruhunun məhv edilməsi burulğanında çabalayırdı. Ölkə rəhbərləri isə belə bir vəziyyətdə yenə də öz kreslolarını qorumağa davam edir, “qardaşlarının” hər əmrinə tabe olmaqla, doğma qardaşlarını olmazın fəlakətləri ilə üz-üzə qoyurdular. Belə bir dövrdə ulu öndər Naxçıvandan Bakıya çağırıldı. Azərbaycanın artıq tənəzzülə uğradığını, məhv olduğunu, parçalandığını görən xalqın son çarəsi bundan başqa heç nə deyildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü il oktyabrın 3-də isə ümummilli lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.
Böyük öndər millətinin əsl xilaskarına çevrildi. Bir-birinin ardınca satılmaqda olan torpaqların coğrafiyasının genişlənməsinin qarşısını aldı. Birinci Vətən Müharibəsinin acıları, fəlakətləri, çətinlikləri fonunda Azərbaycanı dirçəltməyə nail oldu. Ən əsası isə ölkənin iqtisadi vəziyyətini yüksəltməklə ordu quruculuğunun-ölkənin müdafiə potensialının, eyni zamanda İkinci Vətən Müharibəsində qələbənin təməlini qoydu. Ümumilikdə, Azərbaycanda yeni bir Azərbaycan yaratdı ulu öndərimiz. O Azərbaycan ki, artıq müstəqil, azad oldu. Dünyanın tanıdığı, dünyaya çıxışı olan, beynəlxalq müqavilələrin imzalandığı bir məkana çevrildi.
Bəli, möhtəşəm qayıdışdan Qurtuluşa aparan yol belə nəticələndi. Bu yol əsrlər keçsə də unudulmayacaq, nəsillərdən-nəsillərə ötürüləcək, bu xalq yaşadıqca yaşayacaq bir tarixidr. Bu tarix hər bir azərbaycanlının həyatında xüsusi yeri olan, ona müstəqil yaşamaq kimi dəyəri bəxş edən bir tarixdir.
Qarabağ Zəfəri
Birinci Vətən müharibəsi ilə İkinci Vətən müharibəsi arasındakı zaman kəsiyi bir gün Qarabağın işğaldan azad olunması üçün mübarizə dolu illər oldu. Azərbaycanın hərtərəfli inkişafı, tərəqqisi fonunda hələ də öz həllini tapa bilməyən Qarabağ problemi. Cənab Prezidentimizin 17 il ərzində beynəlxalq təşkilatlarla apardığı danışıqlara, qan tökmədən, müharibə etmədən torpaqlarımızın qaytarılması üçün etdiyi cəhdlərə baxmayaraq, həmin təşkilatların susması sükutun hayqırtısı ilə nəticələndi. Ermənilərin yeni torpaqlar işğalı məqsədilə sərhədlərimizdə yaratdıqları təxribatlar Ali Baş Komandanın Azərbaycan Silahlı Qüvvələrinə əmri ilə müharibənin başlanmasına səbəb oldu. İkinci Vətən müharibəsi başlandı. 30 ilin əvvəli ilə axırının müqayisəsi başladı. 30 ilin əvvəlindəki Azərbaycanda gördüklərinə bənzər mənzərə ilə qarşılaşacaqlarını, yenə də yeni torpaqlar işğal edəcəklərini düşünən düşmən bu dəfə xəyal qırıqlığına uğradı. 44 gündə ordusu məhv edildi. Yalvarmağa, diz çökməyə məcbur oldu. Azərbaycan Ordusu anası Azərbaycandan 30 il aralı qalmış Qarabağın hər bir yurdu uğrunda can qoydu. 30 ildə gücləndirilmiş ordumuz Qarabağın xilaskarı oldu. Minlərlə şəhid verdik, qazilərimiz, itkinlərimiz oldu, lakin Zəfər də Azərbaycan xalqının oldu. Çünki bu haqq işi idi millətimizin. Əzəli torpaqlarına qayıtmaq, onları ana Vətənə qaytarmaq, minlərlə köçkün, qaçqının yurd həsrətinə son qoymaq idi məqsəd. Ümummilli liderimizin bir zamanlar böyük narahatlıqla söylədiyi “... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” kimi dəyərli fikirlərinin öz həllini tapması, Qarabağın azadlığı ilə bağlı ata vəsiyyətinin yerinə yetirilməsi idi.
2020-ci ilin payızında Qarabağa erkən bahar gəldi. O bahar ta yerini başqa bir fəslə vermir. Bahar bürüyüb Qarabağı. Gül-gülə, çiçək-çiçəyə qarışıb və qədim yurd yerlərimizin abadlaşdırılması ilə bir harmoniya yaradıb. Şuşada keçirilən tədbirlər də bu yurd yerlərimizdə zəfərdən bəri görülən işlərin kontekstində “Şuşa Qarabağın tacıdır”,- deyən cənab İlham Əliyevin bundan sonra da böyük diqqət və qayğısı sayəsində, ümumilikdə, Qarabağın dirçəlişi ilə nəticələnəcək. Çünki necə ki, 30 ilin əvvəlində Şuşa işğal olunmaqla Qarabağ itirilmişdi, onun inkişafı ilə də bütün Qarabağ taclanacaq, öz gözəlliyinə qovuşacaqdır. Zəfərimizin ardınca Şuşa şəhərində tarixi Şuşa Bəyannaməsinin imzalanması isə Zəfərimizə yeni Zəfər qatdı...
Şuşa Bəyannaməsi -Qurtuluşun təntənəsi
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi 1993-cü ildən başlanan Qurtuluş yolunun uğurlu davamıdır. Bəyannamə 2022-ci il fevralın 1-də Azərbaycanda, 3-də isə qardaş ölkədə tarixi sənəd kimi rəsmi surətdə ratifikasiya edildi.
Şuşa Bəyannaməsinin preambulasına baxdıqda Azərbaycan ilə Türkiyə arasında imzalanan tarixi sənədlər xatırlanır. Belə ki, Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad edən Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığı ən yüksək mərhələyə qaldıraraq Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına yardım etməyi nəzərdə tutur.
Sənəddə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar: “Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, öncə söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran kənar oyunçulardan gedir. Digər tərəfdən, bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.
Bəyannamədə tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir
Ermənistanın Türkiyəyə qarşı əsassız iddiaları və tarixi təhrif etmək cəhdlərinin regionda sülh və sabitliyə xələl gətirdiyi vurğulanan Bəyannamədə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin, Naxçıvan-Qars dəmir yolunun açılması da nəzərdə tutulur.
Bütün sahələrin qarşılıqlı inkişafı ilə əlaqəli bəndlərin yer aldığı Şuşa Bəyannaməsi Qarabağ Zəfərinin davamı, zəfərimizin üzərinə yeni bir zəfər əlavə edən, böyük əhəmiyyətə malik ikitərəfli sənəddir.
Möhtəşən 15-lərin birinin Qurtuluş Günü, digərinin isə Şuşa Bəyannaməsi ilə əlaqədar olması böyük qürur hissi yaşadır insana. Eyni zamanda bu iki böyük tarixin ayrı-ayrı illərin eyni gününə təsadüf etməsi iki böyük tarixin yaşadılmasına, bir-birinin mahiyyətini açması etibarilə gələcək nəsillərin onları xronoloji ardıcıllıqla öyrənməsinə xidmət edir.
Möhtəşən 15-lər həmçinin oxşar həyatın, fəaliyyətin təntənəsidir. Yaxşı ataların əməlinin, işinin yaxşı oğullar tərəfindən davam etdirilməsi, ata vəsiyyətinin reallaşdırılması, ümumilikdə isə xalqa, Vətənə məhəbbətin, sadiqliyin təzahürüdür. Bütün bunların fonunda isə böyük bir xalqın sevgisini qazanmaq və tarixində əbədiyyən Qalib Sərkərdə kimi yaşamaqdır. Sizinlə qürur duyuruq, cənab Prezident!
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB