"Azərbaycan xalqı bütövlükdə bu şərəfli hadisələrin canlı şahididirlər" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan xalqı bütövlükdə bu şərəfli hadisələrin canlı şahididirlər" - DEPUTAT ŞƏRH ETDİ

“Bildiyimiz kimi bugünlərdə ölkəmizin həyatında və xalqımızın taleyində misilsiz əhəmiyyəti olan iki tarixi hadisəni qeyd edəcəyik. 15 İyun Milli Qurtuluş Günü və tarixi Şuşa Bəyannaməsinim ildönümü. Hər iki hadisə bir-birilə çox sıx bağlı olan tarixlərdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, əlbəttə bu iki tarixi hadisə ayrılıqda o qədər əhəmiyyətlidir ki, onlar haqqında günlərlə danışmaq olar: “Sözsüz ki, Azərbaycan xalqı bütövlükdə bu şərəfli hadisələrin canlı şahididirlər. Bu yazımda hələ də dünya mediasında əsas yazı kimi verilən Şuşa Bəyannaməsi haqqında fikirlərimi Sizlə bölmək istərdim. Bəli, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, işbirliyi və əməkdaşlığı tarixində çox mühüm və əlamətdar bir hadisədir. Belə ki, xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin məntiqi davamı kimi iki ölkə tərəfindən 15 iyun 2021-ci il tarixində tarixi Şuşa Bəyannaməsi imzalanmışdır. Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə mühüm əhəmiyyət kəsb edir. Əmin ki, bu Bəyannamənin iki qardaş ölkə, bölgə, könül coğrafiyamız və eləcə də dünyamız üçün əhəmiyyəti gələcəkdə də çox danışılacaq və təhlil ediləcəkdir”.

Deputat sözlərinə belə davam edib: “Bu sənədin əhəmiyyəti haqqında çox danışmaq olar, lakin Bəyannamənin əhəmiyyətinin ən əsas üç istiqamətini və qrupunu xüsusi vurğulamaq istərdim. Birincisi, iki ölkə arasında müttəfiqlik münasibətlərinin qurulması, ikincisi, regional təhlükəsizliyin və əməkdaşlığın təminatındakı rolu, növbəti isə qlobal əməkdaşlığa töhfə verməsi və qlobal çağırışlarla birgə mübarizədir. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltdi. Getdikcə artan kürəsəl təhlükələr fonunda belə bir sənədin imzalanması, həm də bu iki ölkənin liderlərinin prinsipiallığı, fədakarlığı və uzaqgörənliyi sayəsində bsş tutdu. Sözsüz ki, müttəfiqlik bir çox müddəalarda öz əksini tapıb. Hər iki ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi, xarici təhdid, hücum və təcavüzə qarşı bir-birini müdafiə, birgə hərbi sənaye məhsullarının istehsalı Bəyannamədə qeyd edildiyi kimi görüləcək işlər sırasındadır.

Eyni zamanda Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə birgə iclaslarının keçirilməsi, ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi, Qarabağ quruculuğunda birgə fəaliyyət, informasiya müharibəsində birgə addımlar, diasporların birgə fəaliyyəti, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsini kimi zəruri məqamlar bu sənəddə təsbit olunmuşdur.

Diqqətçəkici məqamlardan biri də odur ki, Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin qarantoru kimi göstərilir. Yəni bu sənəd dünyaya bəyan edir ki, bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, hər iki dövlətin suverenliyinə qarşı təhdid olarsa onlar qarşılarında yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.

Bəyannamədə iki dost və qardaş ölkə indiyə kimi imzaladıqları bütün beynəlxalq sənədlərə, xüsusilə, 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqları bir daha təsdiq edirlər. Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsinin önəmi qalmaqla bərabər həm də funksionallığı ilə qüvvədədir. Bu isə Zəngəzur dəhlizinin açılmasına və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinə təminat verilir.

Bəyannamədə göstərilən Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti isə Türkiyəyə qarşı əsassız soyqırımı iddialarının qarşısının alınmasında faydalı ola bilər. Bu Bəyannamə, həmçinin qlobal əməkdaşlığa töhfə verməsi və bütün çağırışlarla birgə mübarizə istiqamətində də önəmlidir. Şuşa Bəyannaməsi sadəcə Azərbaycan və Türkiyə ilə məhdudlaşmır, eyni zamanda böyük Türk birliyinin gələcək hüquqi təməlinin də əsasını qoyur. İnşallah əminik ki, bu sənəd iki ölkənin sərhədlərini aşaraq, bütövlükdə könül coğrafiyamız olan bütün türk məkanını əhatə edəcəkdir. Hər zaman olduğu kimi, bundan sonra da Azərbaycan və Türkiyə qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla bütün platformalarda bir-birinə qarşılıqlı dəstək verməklə kordinasiyalı fəaliyyət göstərəcəklər. Bu Bəyannamənin imzalanması İki ölkə regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin həlli istiqamətində də birgə fəaliyyətə tam hüquqi baza yaratmışdır.

Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut şaxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın liderlik rolu daha da artacaqdır. Şərq-Qərb, beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan və Türkiyə vacib rola malik olacaqlar. Eyni zamanda iki ölkə beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizəni daha da genişləndirəcək.

Şuşa Bəyannaməsinin beynəlxalq hüququn bütün norma və prinsiplərinə cavab verir. Bu Bəyannamədən sonra Bakı və Ankara iki qardaş dövlətin münasibətlərini təkcə tarixi, mədəni yaxınlıq və ya eyni dil, din və etnos üzərində deyil, həm də beynəlxalq hüquq çərçivəsində və siyasi dialoq mühitində qurulacaqdır.

Bildiyimiz kimi Beynəlxalq hüquqa uyğun olaraq iki qardaş ölkənin dövlətlərarası münasibətləri suverenlik, bərabərhüquqluluq, daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənmiş şərtlər daxilində tənzimlənir. Son olaraq qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsinin hərbi-siyasi əməkdaşlığı üçüncü dövlətlərə qarşı yönəlmir.

Bugün Şuşa Bəyannaməsinin birinci ildönümünü, onun iki qardaş dövlətin və böyük Türk Birliyinin taleyində nə qədər mühüm və əvəzsiz rola malik olduğundan danışarkən, sözsüz ki, Türkiyə Cumhuriyyətinin Cumhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanla və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin misilsiz xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Əlbəttə son yüz ildə, eləcə də gələcəyimiz üçün istiqamət, yol xəritəsi Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Bir Millət İki Dövlət” anlayışı yol xəritəmiz olmuşdur. Lakin ölkələrimiz arasında qardaşlıq və dostluqdan strateji müttəfiqlik və ittifaq dövlətləri səviyyəsinə çatmamızda cənab Rəcəb Tayyib Ərdoğanla və cənab İlham Əliyevin əvəzedilməz xidmətləri olmuşdur.

Məhz bu müqəddəs yolda 2003-cü ildən 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərə, Şuşa Bəyannaməsi imzalananədək, eləcə də bugünədək onların fədakarlıqları, prinsipiallığı, qətiyyəti, müdrikliyi və uzaqgörənliyi bu iki dövləti əlaqələrin və əməkdaşlığın zirvəsinə ucaldır. Ötən dövrdə bu qardaşlığa problem yaratmaq istəyən hər cür təxribat və təhdidlərə baxmayaraq, onların əzmkarlığı ilə misilsiz uğurlara imza atdılar.

Şuşa Bəyannaməsi hər bir Türk üçün bir mayakdır, elə bir mayak ki, qiyamətə qədər bizlərə ən qaranlıq və çətin məqamlarda yol göstərəcəkdir. Allah bu mayakın işığını hər zaman parlaq etsin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə