“RİA Novosti” Beqlaryanın müsahibəsini silsə də... ANALİTİK+AKTUAL
İnformasiya agentliyinin xəbər lentində Qarabağ separatçıları “deputatlarından” birinin mayın 28-də verdiyi müsahibəsi hələ də asılıb-qalıb – “Sputnik Azerbaydjan” da Azərbaycandan gedir!
Rusiyanın “RİA Novosti” dövlət xəbər agentliyinin rəhbərliyi Qarabağ separatçılarının “dövlət naziri” Artak Beqlaryanın iyunun 2-3-də Azərbaycanda hiddətli rezonansa səbəb olan müsahibəsini silib. Qeyd edək ki, Rusiyanın dövlət agentliyinin bu addımı ölkəmizdə Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirildi.
“Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur”, - Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Artıq adıçəkilən xəbər agentliyi məlumat yayıb ki, hazırda bu materiala giriş keçidi aktiv deyil və səhifənin mövcud olmadığını göstərir. Onu da xatırladaq ki, hadisədən sonra – iyunun 3-də “RİA Novosti” İnformasiya Agentliyinin saytına Azərbaycan ərazisində giriş qadağan olunub.

Dövlət Maiqrasiya Xidməti “Sputnik-Azerbaydjan”ın ölkəmizdəki fəaliyyət müddətinin uzadılması müraciətlərini rədd etdi!
Digər tərəfdən, daha bir məlumat yayılıb ki, Azərbaycanın Dövlət Maiqrasiya Xidməti “Sputnik-Azerbaydjan”ın şef redaktoru Veronika Antonova-Triznoya, eləcə də “Sputnik-Azerbaydjan” mətbuat mərkəzinin prodüseri, həmçinin V.Antonovanın əri Trizno Pavel Antonova ölkəmizdəki fəaliyyətlərinin uzadılması xahişlərinə rədd cavabı verib. Üstəlik, bu şəxslərin ölkəmizdə yaşayıb-işləmək hüquqları da ləğv edilib.

Lakin bütün bunlara baxmayaraq, eləcə də “RİA Novosti”nin separatçı quldurların “dövlət naziri” Beqlaryanın müsahibəsini silməsinə rəğmən adıçəkilən informasiya agentliyinin xəbər lentində Qarabağ “deputatlarından” birinin mayın 28-də verdiyi müsahibəsi hələ də asılıb-qalıb.

Əgər Rusiyanın bu dövlət xəbər agentliyi həqiqətən də öz səhvindən səmimi nəticə çıxarırsa, separatçı "deputatların" müsahibələri, yaxud ümumiyyətlə, bu səpgidəki informasiyalar nəyə görə ləğv edilmirlər?
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB