“Ağdağ” Gips Zavodunda Qurtuluş günü münasibətilə tədbir keçirilib - FOTOLAR

“Ağdağ” Gips Zavodunda Qurtuluş günü münasibətilə tədbir keçirilib - FOTOLAR

2022-ci il iyunun 7-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yerləşən “Ağdağ” Gips Zavodunda Qurtuluş günü münasibətilə tədbir keçirilib. Tədbirdə Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadə, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, tanınmış iş adamı, “Mətanət-A”Şirkətinin prezidenti Elxan Bəşirov və zavodun əmək kollektivinin üzvləri iştirak ediblər.

Əvvəlcə “Ağdağ” gips zavodunun icraçı direktoru Alim Bayramov məlumat verərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə Qayıdışı ilə ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi və mənəvi sahələrdə olan böhran aradan qaldırıldı və hər bir sahədə olduğu kimi iqtisadi sahədə və özəl sahibkarlıq sahəsində də inkişaf başlandı. Kollektivimiz üçün unudulmaz və fərəhli anlar yaşandı. Belə ki, 2002-ci ildə əsası qoyulmuş, ixrac yönümlü, Qafqazda ilk müassir tipli gips zavodu olan “AĞDAĞ” Gips Zavodunun Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış və onun iştirakı ilə açılış mərasimi təşkil olunmuşdur. Zavod 2007-ci ilin əvvəllərində tam gücü ilə məhsul istehsalına başlamışdır. 2016-cı ilin yanvarın 30-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Qaradağ rayonunda "Mətanət-A" şirkətinin “Yeni Ağdağ “ gips zavodunun açılışı olmuşdur. Zavod qabaqcıl alman texnologiyasına əsaslanır, istehsal prosesi rəqəmli texnologiya ilə avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə total nəzarət həyata keçirilir. Zavodun nəzdində Ağdağ texnoloji mərkəzi yaradılıb ki, onun da əsas vəzifəsi Ağdağ məhsulunun unikal keyfiyyət parametrlərini müəyyənləşdirmək və keyfiyyətə tam nəzarəti həyata keçirməkdədir.
Daha sonra natiq bildirib ki, sağlamlığın qarantı hesab olunan gips əsaslı məhsulların “AĞDAĞ” adı altında seriyalı istehsalı ölkədə bir ilk idi. Çünki qara suvaq vurmadan hörülmüş divara birbaşa vurulan gips əsaslı “AĞDAĞ” suvağı kimi sağlamlığa faydalı yeni təmir metodu Azərbaycanda ilk dəfə olaraq tətbiq edilirdi. “AĞDAĞ” astar və üzlük şpaklyovkaları ilə yanaşı, yeni bir məhsul da alıcılara təqdim olundu. Belə ki, “AĞDAĞ” dirək məhsulu astar və üzlük anlayışına son qoydu. Bu yeniliklə artıq ustalar daha az yorulur, təmir daha ucuz başa gəlir. Şirkətin əldə etdiyi bu uğurlar və yeniliklər diqqətdən kənarda qalmadı. 2007-ci ildə tikintisi başa çatan və istehsala başlayan“AĞDAĞ” gips zavodunun layihəsi nüfuzlu “İNTELLEKT-2007” ilin layihəsi mükafatına, 2009-cu ildə isə ilin yekunlarına görə "Mətanət A" şirkətinin istehsal etdiyi məhsullardan biri olan "AĞDAĞ" "İlin Brendi" nominasiyası üzrə “Uğur” milli mükafatına layiq görülmüşdür. Zavodun istehsal etdiyi məhsullar Azərbaycanda bir ilk olmaqla yanaşı, sağlam və ekoloji təmiz olmağı ilə fərqlənir. Alim Bayramov qeyd etdi ki, hal-hazırda zavodda 270 nəfər işçi çalışır ki, onların da böyük əksəriyyəti Qaradağ rayonunun sakinləridir.
Daha sonra çıxış edən Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadə umummilli lider Heydər Əliyevin istər Sovetlər dövründə,istərsə də müstəqillik illərində gördüyü böyük və qlobal proyektlərdən, neft və qaz strategiyasından, azad sahibkarlıq mühiti və bazar iqtisadiyyatının formalaşması üçün çəkdiyi zəhmətdən və gördüyü böyük işlərdən danışıb. O bildirib: ”Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bugünkü muasir, azad və demokratik, güclü Azərbaycan Respublikası olmayacaqdı. Mən taleyimdən çox razıyam ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işləmişəm və onun tapşırığı ilə bir çox qlobal layihələrin həyata keçirilməsində iştirak etmişəm”. Heydər Əliyevin rəhbərliyi altında biz haradan-haraya gəlmişik, dünyanın ən qabaqçıl ölkələrindən birinə çevrilmişik”.

O qeyd edib ki, bu gün Azərbaycanda azad iqtisadi rəqabət mühiti və sahibkarlıq mühiti var. Belə müəssisələr Azərbaycanda nə qədər çox olarsa, xalqımız bir o qədər yaxşı yaşayar.

“Mətanət-A” Şirkətinin prezidenti, zavodun təsisçisi Elxan Bəşirov öz çıxışında Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışını zəruri edən səbəblərdən danışıb. O bildirib ki, 1993-cü ildə ölkəmizdə Vətəndaş müharibəsi başlamışdı, torpaqlarımız qarış-qarış, rayon-rayon işğal olunurdu. Xalq ümidsiz halda idi. Ulu Öndərin Bakıya gəlişi, həmin vaxtlar öx şəxsi həyatını risk altında qoyaraq Gəncəyə getməsi, sonra isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilərək hakimiyyətə qayıdışı ilə xalq və Azərbaycan dövləti sözün əsl mənasında məhv olmaqdan xilas oldu.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı zaman ölkəmizdə baş verən ictimai-siyasi prosesləri bir daha təhlil edərək o vaxt baş verən hadisələri xatırladıb və Azərbaycan xalqının nələrdən və kimlərdən, hansı bəlalardan xilas olduğunu, qurtulduğunu toplantı iştirakçılarına xatırladıb. O, dəlil və sübutlarla bugünkü Azərbaycan Respublikasının inkişafında Heydər Əliyevin göstərdiyi misilsiz tarixi xidmətlərdən danışıb.

Sonda Qafar Əliyev “əgər Azərbaycan xalqı müdriklik göstərib 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsini tələb etməsəydi, bugünkü bütün qələbələr, o cümlədən də 44 günlük Vətən müharibəsində qələbə əldə edilməyəcək, torpaqlarımız işğaldan azad edilməyəcəkdi.

Tədbir iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə