ABŞ-ın Dövlət Departamenti erməni vandallığından bəhs etsə də TƏRS BAXIŞ+AKTUAL

YUNESCO susmaqda və ikili standartlardan çıxış etməkdə israrlı olduğunu sərgiləyir

ABŞ-ın Dövlət Departamenti 2020-ci ilə qədər Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərində erməni millətçiləri tərəfindən dağıdılmış dini obyektlərə qarşı vandallıq aktları ilə bağlı məlumat verib. Qeyd olunur ki, 2021-ci il Beynəlxalq Dini Etiqad Azadlığı Hesabatında ABŞ Dövlət Departamentinin Beynəlxalq Dini Etiqad Azadlıqları İdarəsi azərbaycanlılara məxsus əksər məscidlərin, ziyarətgahların və məzarlıqların, yüzlərlə dini obyektlərin təhqirlərə məruz qaldığını vurğulayır.

"Füzuli rayonunda 19-cu əsrə aid Hacı Ələkbər məscidi dağıdılıb, Ağdamdakı Cümə məscidinin üzərinə ermənicə qrafitlər yazılıb, mehrabı isə güllələrə tuş gəlib", sənəddə bildirilir və əlavə olunur ki, Ağdam boyu qəbiristanlıqlar təhqir olunub, talan edilib və ya dağıdılıb. O cümlədən, şəhərin İmarət Qərvənd qəbiristanlığında 18-ci əsrə aid müqəddəs və tarixi məzarlar dağıdılaraq təhqirlərə məruz qalıb, insan qalıqları qəbirlərdən çıxarılaraq naməlum istiqamətlərə aparılıb. Qəbiristanlıqda yalnız bir sınıq qəbir daşı qalıb.

"Beynəlxalq fotojurnalist Reza Deqati Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda onlarla Azərbaycan qəbiristanlığının sistemli şəkildə dağıdılmasını sənədləşdirib”

Eyni zamanda o da bildirilir ki, erməni vandallıq aktları dünyanın bir sıra tanınmış fotoqraflarının obyektivlərində qeydə alınıb, fotosənədlər şəklində dünya ictimaiyyətinə təqdim edilib. "Beynəlxalq fotojurnalist Reza Deqati Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda onlarla Azərbaycan qəbiristanlığının sistemli şəkildə dağıdılmasını sənədləşdirib. Qəbirlər müxtəlif tikinti texnikaları vasitəsi ilə dağıdılıb”, sənəddə deyilir və bildirilir ki, ölmüş insanların qalıqları eksqumasiya edilib, qızıl dişləri çıxarılıb, kəllə və sümüklər qəbiristanlıqların hər tərəfinə səpələnib, erməni məzarları isə faktiki olaraq toxunulmamış qalıb.

“Çörək Muzeyinin yerləşdiyi Ağdam şəhəri, eləcə də yer üzündən tamamilə silinmiş Füzuli şəhəri indi kabus şəhərləri xatırladır”

Hesabatda diqqət çəkən daha bir fakt Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində mədəni irslərə qarşı vandalizm aktlarının adi hal aldığı bildirilir və işğal illərində abidələrin kütləvi şəkildə dağıdılmasının görüntüləri, məhz ərazilər azad edildikdən sonra internet resurslarında yayılıb. “Dağıntılara məruz qalan obyektlər arasında məscidlər, abidələr, muzeylər, heykəllər və s. tikililər var. Çörək Muzeyinin yerləşdiyi Ağdam şəhəri, eləcə də yer üzündən tamamilə silinmiş Füzuli şəhəri indi kabus şəhərləri xatırladır”, məlumatda vurğulanır.

Ümid edək ki, uzun illər erməni vandallığına qarşı göz yuman və hətta ərazilərimiz işğaldan azad edildikdən sonra belə, Qarabağa gəlməyini “acı bağırsaq” kimi uzadan YUNESCO öz inadkarlıq daşını ətəyindən tökərək bu reallıqları nəhayət ki (!) qeydə alacaq. Daha dəqiq desək, üzərinə düşən vəzifəsini yerinə yetirərək erməni vəhşiliyi ilə bağlı həqiqətləri bəyan edəcək.

YUNESCO erməni naziri Dumanyanın dumanlı fikirlərindən necə vəcdə gəldi?

Yeri gəlmişkən, bu, həmin YUNESCO-dur ki, qurum rəhbərinin müavini Ottone bir neçə gün əvvəl Ermənistanın elm, təhsil və idman naziri Dumanyanla görüş keçirib. Əgər erməni mətbuatına inansaq (hərghah qətiyyən inanmaq olmur) cənab Ottone erməni naziri Dumanyanın “Azərbaycan bərpa adı altında “erməni mədəni irsini” (dırnaqlar bizimdir) dağıdır, vandalizm törədir” tipli dumanlı fikirlərindən dərhal sonra bildirib ki, artıq YUNESCO bununla bağlı öz missiyasını təcili şəkildə həmin yerlərə göndərməyə hazırlaşırmış (?!) Lakin onlar unudurlar ki, belə bir ikili standartlar səviyyəsində YUNESCO əsla öz nüfuzunu yüksəldə bilməz. Azərbaycan heç vaxt buna imkan verməyəcək. Yəni bu qurum bilməlidir ki, Qarabağ Azərbaycanın ərazisidir və daha məqbul olardı ki, Ottone təcili şəkildə Qərbi Azərbaycana – indiki Ermənistana səfər etsin, missiya göndərsin və eyni zamanda, orada məhv edilmiş qədim Azərbaycan irsi barədə nəticələr çıxarsın. Habelə, daha yaxşı olardı ki, YUNESCO ən azından ABŞ Dövlət Departamentinin sözügedən hesabatından da nəticə çıxarsın və düşünsün, düşünsün... Nə qədər ki, gec deyil!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə