“Sosial şəbəkələrdən çirkin maraqlar üçün istifadə edənlər az deyil” AÇIQLAMA

“Sosial şəbəkələrdən çirkin maraqlar üçün istifadə edənlər az deyil” AÇIQLAMA

“Bu, bir reallıqdır ki, sosial şəbəkələr artıq insanların virtual yaşam tərzinə çevrilib. Hər bir şəbəkə istifadəçisi özünəməxsus tərzdə bundan istifadə edir. Əksər insanlar burada ünsiyyət, iş, maarifləndirmə, xəbər və s. istiqamətlər üzrə məşğuldurlar”. Bunu Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında bildirib.

Anar Xəlilov təəssüf hissi ilə bildirdi ki, sosial şəbəkələrdən çirkin maraqlar üçün istifadə edənlər də az deyil: “Bunlara cinayətkar dəstələrin üzvləri, cəmiyyətdə insanları çaşdırmağa və xaos yaratmağa cəhd edən insanlar daxildir. Buna qarşı isə sosial şəbəkələrdə nizamlı qaydada mübarizə metodları hələ də tam mövcud deyil. Zorakılıq təhqir elementlərinə qarşı sosial şəbəkə adminləri müəyyən mübarizə aparır. Ancaq bu da yetərli deyil. Əsasən diqqət etsək, elə sosial şəbəkələrdə aktiv olan sağlam əqidəli insanlar özü etiraz etməklə belə hallara qarşı mübarizə aparırlar. Hesab edirəm ki, bu mübarizə metodu çox vacib amildir. Amma yetərincə effektli deyil. Hüquq-mühafizə orqanlarının da bu istiqamətdə fəaliyyətini izləyirik. Ancaq sosial şəbəkələrin miqyasını nəzərə alsaq, onların resurslarının buna yetərincə çatmadığının da şahidi oluruq. Xüsusilə, son dövrlər biz hansısa qrupların dövlətin və cəmiyyətin imicinə xələl gətirən statuslarına rast gəlirik. Verilən informasiyaların heç bir mənbəyə əsaslanmadan yayılmasının şahidi oluruq. Eyni zamanda, cəmiyyətdə baş verən müəyyən hadisələrin qızışdırıcı əməllərə səbəb olan formada təqdim edilməsi halları da sosial şəbəkələrdə artıq dəb halını almışdır. Şəhid və qazi adlarından istifadə etməklə özünə siyasi reytinq qazanmaq halları bir növ ənənə halını almaqdadır. Hesab edirəm ki, müasir elmi texnologiyaların inkişafını nəzərə almaqla ənənəvi mübarizə metodlarımızda islahat aparmaq zamanı artıq çatmışdır. Bəlkə də bir qədər gecikirik. Hesab edirəm ki, bununla məşğul olan ayrıca bir qurum yaradılmalı müasir elmi texnologiyaların vasitəsilə, yeni proqram təminatlarının köməyi ilə bu qruplar, şəxslər ifşa edilməlidirlər”.

A.Xəlilov onu da bildirdi ki, müvafiq hökumət qurumları fəaliyyətlərində virtual dünyanın müasir qaydalarını öyrənməli və gündəlik iş prosesini ona uyğunlaşdırmalıdır: “Düzdür biz onların fəaliyyətlərini özündə əks etdirən sosial şəbəkə səhifələrini və qruplarını izləyirik. Onlar burada fəaliyyətlərini, uğurlarını yayımlayır və maarifləndirmə həyata keçirirlər. Amma yaxşı olardı ki, müasir proqram təminatlarının köməkliyi ilə onlar təkcə reklam xarakterli statuslar yox, eyni zamanda onların imicinə xələl gətirən statuslara qarşı da mübarizə xarakterli fəaliyyət quralar. Həmin statusların böhtan xarakterli olmağını aydınlaşdırmalı və yaxud şikayət xarakterli olmasını müəyyənləşdirərək cavab tədbirləri görülməlidir. Cavab tədbirləri şablon xarakterli yazılarla olmamalıdır. Eyni zamanda, bu gün dünyada bu hallara qarşı effektiv mübarizə metodlarından biri də vətəndaş cəmiyyəti institutlarının resurslarından istifadədir. Bu sahədə biz uğurlu addımlar ata bilərik. Bu Azərbaycanda güclü vətəndaş cəmiyyəti institutları mövcuddur. Hesab edirəm ki, bu sahədə təcrübəsi olan vətəndaş cəmiyyəti institutları ilə birlikdə uzun müddətli layihələrə start verilməsinin artıq vaxtıdır. Layihələr qeyd etdiyim kimi şablon və şüarçılıq xarakterli yox müasir elmi texnoloji metodlara söykənməlidir. Təbii ki, digər ən effektiv mübarizə metodu vətəndaşlarımızdır. Hər bir vicdanlı vətəndaşımız bu istiqamətdə ayıq olmalı və öz mövqeyini bildirməlidir. Ümumiyyətlə, bir vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq sosial şəbəkələrdə son vaxtlar bu tip çirkin əməllərə xidmət edən materialların çoxalması məni narahat edir. Bu materiallar ölkəmizdə gedən uğurlu inkişafa, aparılan islahatlara, işğaldan azad olunmuş torpaqlarımızda geniş quruculuq işlərinə, stabilliyimizə və ən nəhayət dövlətçiliyimizə qarşı yönəlmişdir. Hər birimiz bu günə qədər olduğu kimi yenə də birliyimizin qorunması istiqamətində bu əməllərə qarşı ayıq olmalı öz töhfəmizi verməliyik. Tanrı Azərbaycanımızı qorusun!”

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə