UNESKO təşkilatın missiyasının Qarabağa və ona bitişik ərazilərə göndərilməsi üzərində işləyir. SİA xəbər verir ki, bu barədə UNESKO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Parisdə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyanla görüşü zamanı bildirib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Dumanyan Azərbaycanın nəzarəti altında olan "Artsax əraziləri"ndə yerləşən erməni tarixi-mədəni irsinin qorunması məsələsinə toxunub. O, Ermənistanın ilkin olaraq UNESKO-nun baş direktorunun Qarabağa və ona bitişik ərazilərə ekspert missiyasının göndərilməsi təşəbbüsünü dəstəklədiyini, həmçinin missiyanın tezliklə göndərilməsi prosesində konstruktiv iştirak etdiyini vurğulayıb.
“Ümid edirik ki, UNESKO-nun texniki missiyası 1954-cü il Haaqa Konvensiyası çərçivəsində və maraqlı tərəflərin iştirakı ilə, habelə səfər zamanı bərabər sayda erməni və Azərbaycan mədəniyyət abidələrinin ziyarət edilməsi şərti ilə həyata keçiriləcək”, - deyə Dumanyan bildirib.
O qeyd edib ki, Azərbaycan bərpa adı ilə erməni mədəni irsini qəsdən məhv edir, vandalizm edir, abidələrin görkəmini təhrif edir. Nazir vurğulayıb ki, belə bir şəraitdə missiyanın vaxtından əvvəl göndərilməsi daha da zəruridir. Məlumata görə, Ottone cavabında qeyd edib ki, bu istiqamətdə müvafiq işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB