Türkiyə İsveç və Finlandiyanı NATO üçün təhlükə hesab edir

Türkiyə İsveç və Finlandiyanı NATO üçün təhlükə hesab edir

"Türkiyə terror təşkilatlarına qarşı mübarizədə aydın mövqe sərgiləmək istəməyən ölkələrin NATO-ya üzvlük müraciətlərinə müsbət yanaşa bilməz". SİA xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

Administrasiya rəsmisi İsveç və Finlandiyaya istinad edərək, "Bu mövqe həm də Şimali Atlantika Alyansının gələcəyi üçün təhlükədir" deyib.

O əlavə edib ki, son dövrlərdə baş verən geosiyasi proseslər Türkiyənin NATO müttəfiqi kimi dəyərini nümayiş etdirib. Onun sözlərinə görə, Ukrayna hadisələri və ondan sonrakı proseslər göstərdi ki, NATO bloku çox sürətlə geosiyasi qarşıdurmaya cəlb olunub.

"NATO daxilində yeni təhlükəsizlik narahatlıqları var" deyə o, yekunlaşdırıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankaranın tələbləri yerinə yetirilmədən NATO-nun genişləndirilməsi, İsveç və Finlandiya alyansına qoşulması ilə bağlı ölkənin mövqeyi dəyişməyəcək. Onun sözlərinə görə, Şimali Atlantika blokuna üzvlük üçün ölkələr terrora dəstəyi dayandırmalı, Türkiyəyə qarşı sanksiyaları ləğv etməli, həmçinin müttəfiq həmrəyliyi nümayiş etdirməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə