Bəs nə oldu, Avropa..?! SİYASİ RAKURS+ÖZƏL

Yaxud, Toyvo Klaarın “Qarabağ ermənilərinin qərarları olmadan hərtərəfli nizamlama əldə etmək mümkün deyil” bəyanatı vasitəçi Aİ-yə tərəf suallar doğurur

Deyəsən, Avropa siyasətçiləri arasında da Qarabağ mövzusunda fikir haçalıqları get-gedə daha da dərinləşir və bu mövcudluq özünü Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın İrəvana səfəri zamanı işlətdiyi ifadələrində də açıq-aydın sezildi...

Klaarın “Azatutyun” (“Azadlıq”) radiosunun erməni bürosuna verdiyi müsahibəsi zamanı bir müddət əvvəl Avropa İttifaqı Şurasının prezidenti Sarl Mişelin bəyanatına, ümumiyyətlə, paralellik təşkil etməyən fikirlərlə çıxış etməsi isə, əslində, suallar doğurur və ağıla gələn ilk sual da budur: bəs nə oldu, Avropa..?!

Klaarın İrəvandakı fikirlərindən təxribat iyi gəlir!

Məsələyə daha dərindən yanaşaq. Azərbaycan və Ermənistan liderlərinin mayın 22-də Brüsseldə keçirdikləri görüşlərindən sonra Şarl Mişel Qarabağ erməniləri ilə bağlı fikirlərində bəyan etmişdi ki, bu kəsim Azərbaycanın Qarabağ regionunun (“Dağlıq Qarabağ” ifadəsi də işlədilmədi) əhalisidir, yəni ermənilərin və onların havadarlarının iddia etdikləri kimi “artsax xalqı” deyil.

İndi isə gəlin Toyvo Klaarın çoxsaylı suallar doğuran (hətta təxribat xarakterli) fikirlərinə diqqət çəkək. “Mən hesab edirəm ki, nəticə etibarı ilə Qarabağ erməniləri həllin bir hissəsi olmalıdırlar. Və aydın görünür ki, Qarabağda yaşayanlar (erməniləri nəzərdə tutur) hərtərəfli həllin əldə edilməsində maraqlıdırlar. Şəxsən mən bu insanların fikirləri olmadan nizamlanmanın necə əldə edilə biləcəyini görmürəm”, deyən bu avropalı dolayı yolla artıq çoxdandır cəhənnəmə göndərilmiş “status” məsələsini gündəmə qaytarmağa çalışdığını açıq-aydın nümayş etdirir (?!)

Toyvo Klaar Şarl Mişelin Qarabağ ermənilərini “etnik" adlandırmasına qarşıdır (?!)

Klaar Şarl Mişelin Brüsseldə Qarabağ ermənilərini etnik xalq adlandırmasına qarşı olduğunu da “Azatutyun”a müsahibəsində ifadə edib, üstəlik Aİ Şurasının prezidentinin bəyanatından “səhv” də çıxarmağa cəhd göstərib.

Misal üçün, deyib ki, həmin bəyanat Ermənistanda narahatlıq doğurub: “... Bizim hər birimiz münaqişənin necə başladığını bilirik. Onu birdəfəlik bağlamaq lazımdır. Prezident Mişel öz bəyanatnda (Brüsseldəki) bir çox məsələlər barədə danışmadı. Bu bəyanat həlli tələbi olan bütün sualları əhatə etməyib. Məsələ ondadır ki, biz münaqişənin birdəfəlik nizamlanmasının vacibliyi haqqında hər dəfə vurğulamışıq. Biz bu istiqamətdə işləyirik”, Toyvo Klaar demək olar ki, Aİ Şurasinin prezidenti Şarl Mişelin fikir və bəyanatlarına qarşı çıxdığını açıq şəkildə sərgiləyib.

Onu da xatırladaq ki, Aİ-nin xüsusi nümayəndəsi İrəvana səfəri zamanı baş nazir Nikol Paşinyan, XİN rəhbəri Ararat Mirzoyan, Təhlükəsizlik şurasının sədri Armen Qriqoryan və parlamentin vitse-spikeri Ruben Rubinyanla da görüş keçirib. Klaarın Bakıya səfəri gözlənilir.

Görünür, avropalılar Qarabağ ermənilərinin “statusu” bardə ona görə danşmırdılar ki, vasitəçi rollarını möhkəmləndirsinlər

Maraqlı məqamlardan biri də budur ki, Toyvo Klaar Qarabağ nizamlanması məsələsində Brüsselin Moskva ilə rəqabət aparmadığını iddia edib və bildirib ki, əsas məsələ “müəllif hüququ” deyil, prosesi irəliyə doğru çəkməkdir. Lakin onun “Azadlıq” radiosunun erməni bürosuna verdiyi müsahibəsindəki sözləri heç də bu reallığı əks etdirmir və Klaarın açıq-aşkar erməni mövqeyindən çıxış etməsi göz önündədir!

Bəli, indi belə bir sual yaranıb – Şarl Mişel Toyvo Klaarın mesajlarını necə qiymətləndirəcək? Və Toyvo Klaar Bakıya səfərində sözügedən müsahibəsini necə malalayacaq?

İlk baxışdan görünən budur ki, Avropa siyasətinin də öz biclikləri var. Misal üçün, belə nəticə hasil edə bilərik ki, avropalılar Qarabağ ermənilərinin “statusu” barədə ona görə danışmırdılar ki, vasitəçi rollarını möhkəmləndirsinlər. Yəni bu, sadəcə, ehtimaldır və yaxın gələcəkdə biz nəyin-necə və hansı istiqamətdəki məcraya doğru yönələcəyini də proseslərdən görəcəyik.

Bakı üçün heç nə itirilməyib, əslində, Aİ özünün vasitəçilik statusunu qoruması üçün cəhdlər göstərməlidir

Ancaq hələlik Mişel Klaarın əks fikirlərinə münasibətini açıqlamayıb və biz onun məhz əvvəlki mövqeyində qalmasını gözləyirik. Amma indiki zamanda diplomatiya sahəsində ayağısürüşkənliklərin yumşaq desək artmasını, dəbə minməsini müşahidə edirik.

Fakt budur ki, Klaarın bəyanatı Avropanın erməniyönlü yanaşmasını nümayiş etdirir. Lakin bütün qeyd edilənlərlə yanaşı, çox yəqin ki, biz rəsmi Bakının da reaksiyasını görəcəyik. Ən azından, Klaar Bakıya gələcək və İrəvanda səsləndirdiyi bəyanatının izahatını (əslində isə, hesabını) verəcək. Bakı üçün heç nə itirilməyib, əslində, Aİ özünün vasitəçilik statusunu qoruması üçün cəhdlər göstərməlidir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə