Cənubi Qafqazda Qərb-Rusiya döyüşündən qazanan kim olacaq? – ANALİZ

Cənubi Qafqazda Qərb-Rusiya döyüşündən qazanan kim olacaq? – ANALİZ

Yaxud, Ermənistanla Azərbaycan arasında sülhə kim mane olur?

Biz həmişə demişik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində iştirak edən üçüncü ölkə(lər) mövqesizliyini, bitərəfliliyini qoruya bilmirsə, proseslərə qoşulmasa yaxşıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi. Bu qurum yarandığı 28 il ərzində münaqişə tərəfləri arasında ildə iki-üç dəfə formal görüş keçirməkdən başqa heç bir fəaliyyəti ilə yadda qalmayıb. ATƏT-in Minsk qrupu deyəndə adətən həmsədr ölkələr – ABŞ, Fransa və Rusiya yada düşür. Bəs Minsk qrupunun digər üzvləri varmı? Kağız üzərində bəli, reallıqda isə Minsk qrupunun üzvləri sərasında hansı ölkələrin olduğunu çox az adam bilir. Əvvəlki adı ATƏM-in Minsk qrupu olan və “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumun daha 8 üzvü var. Bunlar Almaniya, Belarus, İsveç, İtaliya, Niderland, Portuqaliya, Türkiyə və Finlandiyadır.

DOSYE: Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilmişdir. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilmişdir[1]. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq etmişdir[1]. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. 8 aprel 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini bir daha təsdiq edib.

Qeyd edək ki, Minsk qrupunun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etmək idi. 1997-1998-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən üç təklif tərtib edilib. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməyib. Birinci təklif münaqişənin "paket" həlli idi. Bu təklif Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu. İkinci təklif münaqişənin "mərhələli" həllindən ibarət idi. Bu təklif münaqişənin mərhələlərlə nizama salınmasını nəzərdə tutulurdu. Üçüncü təklif isə 1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan idi. Bu təklif dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi.

Bir sözlə, yarandığı gündən 44 günlük müharibəyə qədər ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib. Buna baxmayaraq ABŞ və xüsusən də Fransa tərəfini təmsil edən “həmsədrlər”in ara-bir səsləri eşidilir, guya münaqişəni həlli ilə bağlı əllərində konkret planlar, layihələr var. Sonda isə məlum olur ki, sadəcə, ATƏT-in Minsk qrupunun iki həmsədr ölkəsi – ABŞ və Fransa bu “troyka”nın digər üzvü Ruriyanın münaqişəni təkbaşına həll etmək istəyindən kifayət qədər narahat görünür və hətta buna qarşı əks-həmlə planlarının hazırlanması xəbəri də gəlməkdədir.

Hadisələrin gedişi göstərir ki, hələlik bu münaqişədə barışdırıcı mövqeyi ilə seçilən dördüncü tərəfin Avropa Birliyinin (Aİ) fəaliyyəti daha effektli görünür. Aİ-nin prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən 3 görüşdən sonra tərəflərin mövqelərində yaxınlaşma hiss olunur. Xüsusən də bu görüşlər Ermənistanı reallıqdan çıxış edərək addım atmağa məcbur edir. Məhz bunun nəticəsidir ki, Azərbaycanla Ermənistanın sülhə doğru atdıqları addımların səsindən təkcə İrəvanın küçələrinin 1 aydan çoxdur etiraz aksiyaları təşkil edən daşnak-“Qarabağ klanı” birliyi narahat deyil, həmçinin Amerikadan, Fransadan ermənipərəst dairələrin əks-reaksiyası eşidilməkdədir. Rusiyadakı bəzi dairələr, ideoloji mərkəzlər Azərbaycanla Ermənistan arasında hər bir təmasdan narahat görünürlər, bütün güclərini bu anlaşmanı pozmağa yönəldirlər. Belə ünsürlərdən biri də Rusiya Dövlət Dumasında MDB ilə işlər və həmvətənlərlə əlaqələr Komitəsinin sədr müavini Konstantin Zatulindir. Bəs bu subyektin dərdi nədir, onu iki ölkə arasında yarana biləcək əlaqələr nədən narahat edir? Bəlkə rusiyalı bu deputatın zövcəsi də şovonist jurnalist Solovyov kimi onun arzularını gözündə qoyub, ürəyini bizim “qəhrəmanlar”dan birinə peşkəş edib. Nə bilmək olar, bu, həyatdır.

Budur, Ermənistanda etiraz aksiyaları keçirilir. Daşnak və “Qarabağ klanı”nın təşkil etdiyi mitinqlər ölkənin nəqliyyat sektorunu zədələyib, hökumətin işində ciddi axsamalar yaranıb. Artıq etirazçılar polisə və xüsusi təyinatlılara hücumlar etməyə başlayıblar. Təbii ki, bu hadisələrin drijor çubuğunun kimin əlində olması kimsəyə sirr deyil. Sifariş haradan gəlir, bəllidir. Halbuki, drijor da özünü heç gizlətməyə də çalışmır, əksinə kimliyini hər kəsə bəlli edir. Son hadisənin – Zatulinin İrəvana gəlməsi, onun Qarabağdakı ermənilərə dəstək çıxışları özünü “Arçax”ın “dövlət naziri” kimi təqdim edən Beqlaryan adlı kor ermənini də həvəsləndirib. Rusiyaya birləşmək, referendum keçirmək, itaətsizlik aksiyaları təşkil etmək kimi absurd əməllərin sifarişçisi, Azərbaycana qarşı kini, nifrəti ilə seçilən Zatulini sürüyərək regiona gətirib. Zatulin İrəvanda Qarabağ separatçılarının keçmiş və indiki liderləri ilə görüşlər keçirib. Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanla görüşən Zatulin həmçinin Azərbaycanın Qarabağ bölgəsi üzrə sülhməramlı kontingentin komandiri Andrey Volkov, eləcə də separatçıların “Dağlıq Qarabağın rus icmasının rəhbəri” adlandırdıqları Aleksandr Bordovla görüşüb. Zatulinin görüşləri Rusiyanın Qarabağla bağlı ənənəvi yanaşmasının qüvvədə qaldığını nümayiş etdirir.

Dövlət Dumasının üzvünün indiki mövqeyi Azərbaycanın siyasi dairələri üçün yenilik deyil. Rusiyalı deputat 2018-ci ildə Qarabağa qanunsuz səfəri zamanı anti-Azərbaycan çıxışlar edib, “Azərbaycan yenidən hücum edərsə darmadağın olacaq” kimi sərsəm fikirlər səsləndirmişdi. Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdan səsləndirdiyi yersiz, heç bir məntiqə uymayan bəyanatları Zatulinin ən azından beynəlxalq hüquq normalarına hörmətsizlik etdiyini deməyə əsas verir. Onu da qeyd edək ki, rusiyalı deputatın bundan əvvəl Azərbaycandan icazəsiz bölgəyə səfəri, o cümlədən bu gün İrəvanda Qarabağdakı separatçıların indiki və əvvəlki “liderlər”i ilə görüşməsi yumşaq şəkildə desək təxribat xarakterlidir. Çünki səfər etdiyi və görüş keçirdiyi qondarma qurumu, onun nümayəndələrini nəinki təmsil etdiyi Rusiya Federasiyası, heç Ermənistan özü də tanımır. O zaman Rusiya kimi dövlətin deputat mandatını daşıyan bir şəxsin bu cür bəyanatlarla müşayiət olunan təxribat xarakterli belə bir səfəri, onun erməni diasporu qarşısında götürdüyü öhdəlikdən irəli gələn missiyadır.

Göründüyü kimi, rusiyalı deputat erməni lobbiçiliyi ilə uzun illərdir məşğul olur. O, əvəllər də Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli mövqeyini bildirib. Bununla da Zatulin artıq birmənalı şəkildə ermənipərəst mövqeyini sərgiləyir. Sözsüz ki, bu da Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən Rusiyanın reputasiyası üçün də zərərlidir.

Burada iki seçim ehtimalı var. Birincisi, Zatulin Moskvanın çağırışını elan edir, böyük ehtimalla Beqlaryanın mesajları ətrafında Qarabağ ermənilərinin birliyini təmin edir, onları Azərbaycanla müharibəyə hazırlayır. İkinci ssenari isə “konstruktivliyə gedin” mesajı ola bilər. Belə ki, ermənilər tərksilah edilir, bir şərtlə ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Qüvvələrinə mandat verilsin. Bununla da Moskva Brüsseldən təşəbbüsü geri qaytarmaq iddiasını ortaya qoymuş olur. Bu, çətin görünür, amma Rusiya cəhd etməyə də yox demir.

Rəsmi Bakı isə hər iki ssenariyə reaksiya verməyə hazırdır. Birinci varianta görə, Paşinyan Ermənistanda hakimiyyətini möhkəmləndirir və ölkəsi ilə Azərbaycanın normal qonşuluq münasibətlərini təmin edir. Eyni zamanda ölkəsinin bütövlüyünü də qoruyub saxlamış olur. Yəni, hərə öz yerində - Paşinyan Ermənistanda, biz Qarabağdayıq. İkinci ssenariyə görə, ermənilər tərksilah olur, mandat qəbul edilir, bir şərtlə ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi aparıcı rol oynasın.

Reallıq budur ki, Moskva ilə Brüssel arasında rəqabət tədricən münaqişə vəziyyətinə keçir. Cənubi Qafqazda döyüş getdikcə qızışır. Rusiyanın sülh yaratmaq çabaları Avropa İttifaqında, Avropanın təşəbbüsləri isə Moskvada əsəbləri gərildir. Ermənistanla Azərbaycan ikitərəfli əməkdaşlıq üçün addımlar atmağın tərəfdarıdırlar. Amma iki “qoç” başını Cənubi Qafqaz adlanan qazanda qaynatmaq, ya da biri o birini regionda görmək istəmir. Ağalar, bəlkə bizdən də soruşasınız, regionun sahibi - Azərbaycan sizi buralarda görmək istəyirmi?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə